• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Qırğızlar da Avrasiya İqtisadi İttifaqından narazıdırlar

26.09.19 17:11 1233
Qırğızlar da Avrasiya İqtisadi İttifaqından narazıdırlar
Qırğızıstan hakimiyyəti Rusiyanın himayəsi altında qurulan qurumlardan ciddi narazılığını ifadə etməyə başlayıb. Rəsmi Bişkeki narazı salan Rusiya Federasiyasının pul köçürmələri ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdir. Qırğızların qənaətincə, bu, məhdudiyyət Avrasiya İqtisadi İttifaqının normalarını pozur. Bu barədə Qırğızıstanın baş naziri Myxammedkalıy Abılqaziyev Bişkekdə fəaliyyətə başlayan "Avrasiya həftəliyi” forumunda bəyan edib. Baş nazir azad bazarın yaradılmasının zəruriliyini bildirib və Avrasiya İqtisadi İttifaqı daxilində əmək miqrantlarının hüquqlarını yerli sakinlərlə eyniləşdirməyi təklif edib. Ekspertlər hesab edirlər ki, Qırğızıstan quruma üzvlükdən maksimal dərəcədə mənfəət əldə etməyə çalışır. Abılqaziyev hesab edir ki, əmək miqrantlarının hüquqlarının təmin edilməsi, eləcə də kapitalın azad fəaliyyəti sosial-iqtisadi əhəmiyyətinə görə aktualdır. Qırğız hökumətinin başçısı əmindir ki, Aİİ ölkələrində miqrantlar digər ölkələrin vətəndaşları ilə eyni hüquqlara malik olmalıdırlar. "Bu, Avrasiya İqtisadi İttifaqının əsas hədəfinə çevrilməlidir. Pensiya məsələsi, tibbi sığorta, sürücülük vəsiqələrinin, tanınması - bütün bunlar Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarının xeyrinə olmalıdır”, - deyə hökumət başçısı vurğulayıb. O bildirib ki, Rusiya Federasiyasında çalışan əmək miqrantları qazandıqları pulları ölkələrinə göndərməkdə məhdudiyyətlərlə üzləşirlər. Əgər qırğızlar üçün məhdudiyyət 100 min rubl təşkil edirsə, Qazaxıstan üçün 150 min rubl, Ermənistan vətəndaşları üçün isə 1 mln. rubldur. Bu isə ittifaqın normalarına ziddir. Hesab edirəm ki, hər bir ölkənin miqrantı qazandığı vəsaiti ölkəsinə azad şəkildə göndərə bilməlidir. Bu, onların ailələri üçün həyati və rifahı məsələsidir”, - deyə baş nazir fikrini tamamlayıb. Onun sözlərinə görə, Aİİ daxilində malların və xidmətlərin sərbəst hərəkəti üçün problem qalmaqdadır. "Baxmayaraq ki, məhdudiyyətlərin sayı 2016-cı ildə 279-dan 18-ə düşüb, maneələrin qalması hələ də neqativ şəkildə malların və xidmətlərin azad şəkildə fəaliyyətinə maneə yaradır. Mən burada xüsusi qeyd etməliyəm ki, daxili bazarımızı qorumaqla biz Aİİ ölkələri sıravi istehsalçıların qlobal maraqları barədə də düşünməliyik. Hesab edirəm ki, inteqrasiya üçün yalnız bir yol var – bu, azad bazardır”, - deyə M.Abılqaziyev vurğulayıb.
Aİİ İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyan qırğız baş nazirin tənqidlərini qəbul etməli olub və əlavə edib ki, Qırğızıstanın bütövlükdə Aİİ-yə üzvlükdən gözləntiləri çox olub. "Belə bir təəssürat var idi ki, Qırğızıstanın quruma üzvlüyü ilə ölkənin bütün iqtisadi və sosial problemləri həllini tapacaq. Baryerlər, bürokratik əngəllər aradan qalxmalıdır. Biz bunları maksimal şəkildə zəiflətmək üçün birgə işləməliyik. Digər tərəfdən, gözləntilər onunla bağlıdır ki, biznes ümumi bazarlarda işləməyə hazır deyil”, - deyə sədr vurğulayıb.
Bir faktı da qeyd edək ki, bu il Aİİ beş illiyini qeyd edir. Qırğızıstanda isə ölkənin Aİİ-yə üzvlüyünün məqsədəuyğun olub-olmadığı barədə mübahisələr səngimir. "Bu ona görə belədir ki, Qırğızıstanın Aİİ-yə tam şəkildə üzvlüyü baş verməyib. Arada ölkədə həyata keçirilməli olan aralıq məsələlər qalıb”. Bu sözləri MDB ölkələri İnstitutunun Mərkəzi Asiya və Qafqaz sektorunun rəhbəri Andrey Qrozin bildirib. Onun qənaətincə, problemlər qalır və onları qəbul etmək gərəkdir. Lakin bu problem Belarus, erməni biznesi ilə bağlı deyil, qazax hakimiyyət orqanları ilə bağlıdır. "Əsas iradlar ilk növbədə Astanaya, indi isə Nur-Sultana ünvanlanmalı idi. Yəni əvvəlki hakimiyyət və indikinin dövründə belə bir müzakirə aparılır ki, Qazaxıstan Bişkekin qənaətincə, mallara öz sərhədləri ilə əsaslandırılmamış məhdudiyyətlər tətbiq edir. Abdulqaziyevin də səsləndirdiyi iradlar daha çox qazax tərəfinə ünvananmalıdır”, - deyə Qrozin bildirib. Qazaxıstan isə etiraf etmir ki, bu, məhdudiyyətlər siyasidir: "Hətta pik dövrdə - əvvəlki prezident Almazbek Atambayev Nursultan Nazarbayevi qoca diktator adlandırdığı dövrdə belə, qazax tərəfi etiraf etmirdi ki, sərhədləri bağlamaq qərarı siyasidir”. Xatırladaq ki, qazax tərəfi sərhəd-buraxılış məntəqələrində mal axını nəzarəti və hesablanması prosesində adi elementar qaydaların tətbiq edilməsi təklifini irəli sürüb. Hazırda Qırğızıstan qaçaq malların həcminə görə, regionda lider mövqeyə malikdir. Son 20 il ərzində qırğız gömrüyü Çindən ixrac olunan 11,64 mlrd. dollarlıq mal qeydə alıb. Çin gömrüyü isə bu müddət ərzində sərhəddən 61 mlrd. dollarlıq mal ixrac edildiyini yazıb. Fərq 50 mlrd. dollar təşkil edir. Başqa bir fakt. 2017-ci ildə qırğız gömrüyü 1,5 mlrd. dollarlıq mal qeydə alıb, Çin isə 5 mln. dollarlıq. Fərq 3,9 mlrd. dollar təşkil edir. Türkiyədən son 20 il ərzində ixrac 1 mlrd. dollardan bir qədər çox olub. Türk gömrüyü isə Qırğızıstana 2,968 mlrd. dollarlıq mal göndərildiyini bildirir. Fərq 1,839 mlrd. dollar təşkil edir. Qırğız sərhədini nəzarətə almaq üçün Qazaxıstan qaçaqmal məsələsini Aİİ-də qaldırmaq niyyətindədir. Məsələ onadır ki, gömrük ödəmələri Aİİ-nin ümumi fonduna daxil olur, sonra isə müəyyən olunan norma ilə paylanılır. 2020-ci ilə kimi qırğızların payı 1,9 faiz idi. Faktiki olaraq Qazaxıstan, Rusiya və Belarus öz gömrük ödəmələri ilə Qırğızıstanın büdcəsinə sponsorluq edirlər. A.Qrozinin qənaətincə, qırğız tərəfi quruma üzvlükdən daha çox mənfəət əldə etmək istəyir. Ekspertin qənaətincə, baş nazirin bəyanatı "ən yaxşı müdafiə hücumdur” prinsipinin reallaşmasıdır. Yəni bir növ özlərinin heç bir məsuliyyət daşımadıqlarını qabartmaq istəyir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər