• çərşənbə, 24 Aprel, 17:21
  • Baku Bakı 27°C

Qırğızıstanda seçki gərginliyi

11.04.17 09:00 959
Qırğızıstanda seçki gərginliyi
Qırğızıstan prezidenti Almazbek Atambayev prezidentlik müddətinin son mərhələsinə daxil olur. Bəlli olduğu kimi, bu il noyabrın 19-da Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Atambayev Konstitusiyaya müvafiq olaraq, ikinci dəfə namizədliyini verə bilməz. Bu səbəbdən də vəziyyət bir qədər fərqlidir. Qərb və Rusiya mətbuatı yazır ki, prezidentin yaxın ətrafının planı bundan ibarətdir ki, bu posta prezident mütləq "öz adamını” gətirməlidir. Atambayev isə baş nazir postuna təsdiq olunsun. 12 dekabr Konstitusiya referendumundan sonra edilən dəyişikliyə görə, prezidentin bir çox səlahiyyəti baş nazirə keçir. Başqa sözlə, əsas seçki bundan sonra parlament seçkiləri hesab edilir. Belə ki, məhz parlament baş naziri təsdiq edəcək.
Ölkədə mövcud siyasi durum hazırda çox mürəkkəbdir. Mövcud siyasi qruplardan, partiyalardan heç biri (istisna yalnız sabiq baş nazir Omurbek Babanovdur) qələbə qazanmaq üçün resursa malik deyil. İndiki prezident hər zaman rusiyapərəst siyasət yürütməklə, hakimiyyətdə qala bilib. İndi də müəyyən inzibati resurslara malik olan Atambayevin qruplaşması bundan sonra da Rusiyanın dəstəyini əldə edəcəyinə ümid edir. Lakin məsələ ondadır ki, Atambayev mütləq qaydada hansısa siyasi qruplaşmalardan birinin dəstəyini qazanmalıdır. Optimal olaraq hazırda sabitliyi qorumaq üçün Atambayev-Babanov ittifaqı mümkün görünür. Yalnız Babanovun "Respublika-Ata-Yurd”u ilə ittifaqa girməklə, Atambayevin lideri olduğu Sosial-Demokrat Partiyası koalisiya qura bilər. Lakin bu ittifaqa mane olmağa çalışırlar.
Məsələ ondadır ki, Atambayevin Babanova münasibəti yaxşı deyil. Bu da böyük əhəmiyyət kəsb edir. Atambayev yalnız onunla dost münasibətlərə malik olan şəxslərə etibar edir - bu dairə isə çox az adamdan ibarətdir. Bura prezident administrasiyasının rəhbəri Sapar İsakov, prezidentin müşaviri İkram İlimyanov, Bişkekin meri Albek İbraimov daxildir. Beləliklə, Atambayevin bütün mümkün namizədləri bəllidir. Lakin məsələ ondadır ki, bu şəxslərin hamısı barədə ifşaedici materiallar mətbuata sızdırılıb. Məsələn, Sapar İsakovun adı "WikiLeaks”in materiallarında keçir. Onu açıq şəkildə ABŞ səfirliyinin informatoru adlandırırlar. "WikiLeaks” yazır ki, bir vaxtlar Bakiyevin prezidentliyi dövründə baş nazir olmuş İqor Çudinov şikayət edirdi ki, hansısa bir material ondan qabaq ABŞ səfirinin stolunun üstündə olur. Müxalif KİV yazır ki, prezidentin keçmiş sürücüsü İkram İlmiyanov Atambayevin pul kisəsi hesab edilir. Yəni onun maliyyə vəsaitlərinə cavabdehlik daşıyır. Məhz o, ötən ilin yayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Atambayev arasında münaqişə yaşananda İstanbula getmiş və prezidentin bu ölkədəki aktivlərini Qətərə köçürmüşdü. Başqa bir mümkün namizəd kimi Bişkekin sabiq meri Kubanıçbek Kulmatovun, milli təhlükəsizlik idarəsinin rəhbəri Abdil Seqizbaev, təhlükəsizlik şurasının katibi Temir Çumakadırovun, baş nazir Sooronbay Jeenbekov və parlamentin spikeri Çanıbay Tursunbekovun adları çəkilir. Bir məsələ də var ki, Atambayevin partiyasının daxilində də ciddi qruplaşmalar mövcuddur. Faktiki olaraq, partiya üç yerə bölünüb və onların liderləri seçkilərə sərbəst şəkildə getmək niyyətindədirlər.
Yeri gəlmişkən, hakimiyyət özünə rəqib bildiyi müxalifətçiləri sıradan çıxarmağa üstünlük verir. Ötən ay təhlükəsizlik qüvvələri məşhur siyasətçi - "Ata Məkan” Partiyasının lideri Omurbek Tekebayevi həbs edib. Onu korrupsiyada ittiham ediblər. Ölkənin tanınmış siyasi xadimləri sırasında olan bu şəxs reytinqinə görə hətta Atambayevi də üstələyir. Bundan əlavə, daha bir müxalifət partiyasının lideri Sadır Japarov da həbs edilib. Paralel olaraq digər müxalifətçilərin də həbsinə hazırlıq gedir. Siyasi dairələrdə belə bir fikir güclənib ki, müxalifətin tanınmış simalarını həbs etməklə, hakim komanda dini təmayüllü qüvvələrin seçkilərə yaxınlaşmasına şərait yaratmış olur. Son vaxtlar bu qüvvələr xeyli aktivləşiblər. Korrupsiya adı altında aparılan "təmizləmə” əməliyyatı meydana radikal dini qüvvələrin girməsinə imkan yaradır. Bütün bunlar isə ölkədə hərbi münaqişənin gücləndirə bilər. Belə olan halda, Rusiyanın bu münaqişəyə cəlb edilməsi baş verə bilər ki, bu da ölkənin faktiki olaraq asılılığını gücləndirmiş olacaq.
Azər
banner

Oxşar Xəbərlər