• cümə, 29 Mart, 19:50
  • Baku Bakı 14°C

Qırğızıstanda rus dilinin statusunun aşağı salınması təklif olunur

17.01.19 20:27 658
Qırğızıstanda rus dilinin statusunun aşağı salınması təklif olunur
Postsovet məkanında rus dilinin hegemon olduğu dövlətlər sırasında olan Qırğızıstanda antirus əhval-ruhiyyənin gücləndiyi barədə xəbərlər dolaşır. Bu ölkədə Rusiya və rus dilinin statusu ilə bağlı ziddiyyətli və tənqidi bəyanatlar ara vermir. Bu dəfə "Qırğızıstan: dünən, bu gün, sabah” mövzusunda keçirilən toplantının iştirakçıları rus dilinə rəsmi dövlət dili statusunun ləğvini nəzərdə tutan qanun layihəsinin hazırlanması ilə çıxış ediblər. Tədbirin iştirakçılarından biri müxalifətdən olan deputat Azimbek Beknazarov bəyan edib ki, 47 müxalifət və siyasi təşkilatların nümayəndələri Qırğızıstan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilməsində israr edirlər. Onların qənaətincə, ölkədə yalnız bir dövlət dili - qırğız dili dövlət dili olmalıdır. Dərhal da Rusiya mediası bundan böyük ajiotaj yaratmağa çalışıb və hansısa bir tədbirdən rus dilinə ciddi təhlükə yarandığını iddia etməyə başlayıb. Qırğızıstanda 2000-ci ildən rus dili rəsmi dövlət dili statusuna malikdir. Lakin elə o vaxtdan bəri onun statusunun aşağı salınması ilə bağlı mütəmadi olaraq təkliflər səslənir, ona millətlərarası ünsiyyət dili statusu verilməsini israrla tələb edirlər. Qırğız siyasiləri də mütəmadi olaraq populyarlıq əldə etmək üçün bu məsələ ətrafında spekulyasiyalar edirlər. Yəni hər seçkidən seçkiyə, milli məsələləri, o cümlədən dil məsələsini qaldırırlar. Təbii ki, zaman-zaman bu çağırışlar sərt diskussiyalara səbəb olur və rusdilli əhali arasında "çemodan” əhval-ruhiyyəsi yaradır. Rusların sayı ölkədə təqribən 500 minə çatıb və iddia olunur ki, tək ruslar deyil, digər millətlərin nümayəndələri, hətta qırğızlar da narahatdırlar. Bu günlərdə Qırğızıstan Təhsil Nazirliyi belə bir qərar qəbul edib ki, ali təhsil müəssisələrinə qəbul zamanı qırğız dilində müvafiq səviyyəni bildiyini göstərən sertifikata malik olanlara üstünlük veriləcək. Beləliklə, gələn ildən dövlət dilini bilən abituriyentlərə üstünlük veriləcək. Müxalifətçi deputat Azimbek Beknazarovun sözləri isə odun üstünə yağ tökülməsi effekti doğurub. Yuxarıda adı çəkilən toplantının iştirakçıları hələ 2018-ci ilin noyabrında qurultay keçirmiş və elə həmin toplantıda rus dilinə rəsmi statusun verilməsinin qadağan olunması barədə qanun layihəsi hazırlamışdılar. Bu qərarı qəbul etməkdə də məqsəd, dövlət dilinə dəstək verilməsi idi. Xüsusi qeyd edilir ki, ölkə əhalisinin bir hissəsi öz dilini bilmir. Beknazarov ötən gün bəyan edib ki, rus dili bizə lazımdır - lakin beynəlxalq ünsiyyət vasitəsi kimi, dövlət dili isə qırğız dili olmalıdır. O bildirib ki, rus dilinin yeni statusu məsələsi Konstitusiya ilə qorunmalıdır. Eləcə də, ingilis dili ilə yanaşı tədris olunmalıdır. Lakin bütün sənədlər və o cümlədən iş sənədləri yalnız və yalnız qırğız dilində aparılmalı, bütün tədbirlər və rəsmi çıxışlar dövlət dilində keçirilməlidir. Bununla yanaşı, o, 2019-cu ilin noyabrında bu məsələ ilə bağlı referendum keçirilməsini təklif edib. 2011-ci ildə analoji təşəbbüslə, keçid dövrünün prezidenti olmuş Roza Otunbayeva çıxış etmişdi. Bundan dörd il sonra Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına üzv olması ərəfəsində, ölkənin dövlət dili üzrə Milli Komissiyasının rəhbəri Egemberdi Ermatov bəyan etdi ki, rus dili qırğız dilinin inkişafına mane olur. Dövlət orqanları qırğız dilində sənədləşmə aparmırlar və iddia edirlər ki, rus dili də rəsmi dövlət dilidir. İndi isə rus dili artıq qırğız müxalifətinin hədəfindədir.
Qırğızıstanın müstəqil eksperti Qubad Rəhimov bildirib ki, baş verənlər siyasi düzənin nə qədər davamlı olub-olmadığını yoxlamağa yönəlib: "Bu gün hakimiyyətdə sırf qırğızdilli hökumət və ölkə tarixində ən qırğızdilli parlament təmsil olunur. Ali rəhbərliyin beynəlmiləl tərkibinə baxmayaraq, rus dili ilə yanaşı, qırğız dili də dövlət dilidir. Onun qənaətincə, müxalifətin bəyanatı elə bəyanat kimi qalacaq. Son söz prezident Soronbek Jeenbekovundur. Onun özü rus dilində təhsil alıb və nə vaxtsa rus dilini tədris edib”.
Jeenbekov müsahibələrinin birində rus dilini Qırğızıstan əhalisi üçün elm, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənətə açılan böyük pəncərə, eləcə də, şəxsiyyət kimi inkişafına gedən ən qısa yol olduğunu bəyan edib. Rahimov hesab edir ki, rus dilinin dövlət dili statusundan millətlərarası ünsiyyət statusuna kimi azaldılması yolverilməzdir: "Nəzərə almaq lazımdır ki, Qırğızıstan ümumdaxili məhsulunun böyük hissəsini miqrantlardan əldə edən ölkədir, daha dəqiq desək, birinci yerdə qərarlaşıb. Bu sırada Tonqo krallığı, Tacikistan, Moldovanı belə üstələyib. Bu əmək miqrantlarının bir hissəsi Rusiyada çalışır və mövcud vəziyyətin dəyişməsinə yönəlik addımlar səhv ola bilər. Qazax şairi Oljas Süleymanovun belə bir kəlamı var – dağı düzənliyi alçaltmadan yüksəltmək. Bizdə də belədir - qırğız dilini rus dilini alçaltmaq yolu ilə yüksəltmək gərək deyil”. Ekspert həmçinin, Qırğızıstan Təhsil Nazirliyinin müvafiq qərarına cəmiyyətin neqativ reaksiyasına da toxunub və bu qərarı ayrı-seçkilik və antikonstitusion adlandırıb: "Bu, bir zəncirin halqasıdır. İnsanlar başa düşürlər ki, onlara populist bəyanatlar gərəkdir. Beknazarov sadəcə, ağrılı bir yerə vurur. Dil məsələsi Qırğızıstanda bəzi ölkələrdə baş verən hadisələr kimi, müxtəlif hadisələrin triqqerinə (hərəkətverici vasitə) çevrilə bilər. Məsələn, Ukrayna və Moldovadakı kimi. Bu səbəbdən də, prezident, baş nazir və spiker siyasi iradə nümayiş etdirməli və müxalifətin bəyanatlarına reaksiya verməlidirlər”. , Onun qənaətincə, məsələ ilə bağlı sistemli işləmək gərəkdir. Əks təqdirdə, bu, rusdilli əhali arasında problem yarada, onların buradan getməsi və Moskvanın narahatçılığı ilə qarşılana bilər. Rahimov istisna etmir ki, müxalifət nümayəndəsinin təşəbbüsü hökumətdən, xüsusən də prezidentdən gələ bilər. Onun sözlərinə görə, müxalifət nümayəndələri məqsədli şəkildə ölkənin digər dövlətlərlə münasibətlərinin - bir qisim Rusiya-Qırğızıstan, digəri Çin-Qırğızıstan münasibətlərinin gərginləşməsinə çalışır. Belə ki, son məlumatlara görə, müxalifət dünən Bişkekdə antiçin mövzusunda iri aksiya keçirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər