• cümə, 26 Aprel, 06:46
  • Baku Bakı 12°C

Qırğızıstanda nə baş verir?

09.10.20 14:55 1165
Qırğızıstanda nə baş verir?

Politoloqlar hakimiyyət dəyişikliyinin qaçılmaz olduğuna əmindirlər

Dünyanın diqqəti Azərbaycan Ordusunun işğal altında olan torpaqlarında təmizləmə əməliyyatına dikildiyi vaxt, Mərkəzi Asiyanın "inqilablar ölkəsi” adlandırılan Qırğızıstanda baş verənlər diqqətdən kənarda qalıb. İki gün əvvəl Qırğızıstan prezidenti Sooronbay Jeenbekov könüllü istefaya razı olub. "İnterfax” xəbər verir ki, bu barədə ölkənin keçmiş baş naziri Temir Sarıyev bildirib. Onun sözlərinə görə, prezident könüllü olaraq istefaya hazırdır, lakin müəyyən şərtləri var: "Hələlik Sooronbay Jeenbekov prezident kimi fəaliyyətdədir. Onun şərtləri bunlardır- hökumətin istefasını qəbul edəcək, Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlıfərman imzalayacaq”. Siyasətçi qeyd edib ki, bu tənzimləmədən insanlarrazı qalacaq. "Əgər bu edilməzsə, qanuni çərçivədən kənara çıxacağıq. Xalq bunu qəbul edəcək. Hökumət təşkil edilmədən yaşaya bilmərik. Ölkəniküçə qaydalarıidarə edə bilməz”, - deyə o əlavə edib. Bəs proseslərin belə sonuclanmasına səbəb nədir?

Vəziyyətin gərginləşməsinə səbəb parlament seçkilərindən sonra ölkədə baş qaldıran etirazlar oldu. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi məlumatlara görə, parlament seçkilərində dörd partiya 7 faizlik baryeri aşıb. Yerli siyasi analitiklərin fikrincə, bunlardan üçü mövcud siyasi elita ilə sıx bağlıdır. Aparıcı müxalifət qüvvələrindən heç biri parlamentə düşməyib və seçkilərdə iştirak edən digər 12 partiya nəticələri tanımaqdan imtina edib. Etirazlardan sonra MSK seçkinin nəticələrini etibarsız sayıb və iki həftə içində təkrar səsvermə təyin edəcəyini bildirib. Parlamentə keçmiş üç partiya, əsasən hökumətyönlü hesab olunur. "Birimdik” və "Mekenim Qırğızıstan” partiyaları Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı ilə daha dərin inteqrasiya, Rusiya ilə daha sıx münasibətlər tərəfdarıdır.

Müxalifətdən təkcə millətçi "Bütün Qırğızıstan” Partiyası 7.13 faiz səslə parlamentə keçə bilib. Seçkilərin nəticələrinə etiraz olaraq paytaxt Bişkekdə kütləvi aksiyalar parlament və prezident administrasiyasının ələ keçirilməsi ilə nəticələndi. Etirazçılar daha sonra Dövlət Milli Təhlükəsizlik Komitəsi istiqamətində hərəkət edərək respublikanın eks-prezidenti Almazbek Atambayevi həbsdən azad ediblər. Keçmiş baş nazir Temir Sarıyev, prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və keçmiş müxalifətçi millət vəkili Sadır Japarov də həbsdən azad olunub. Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalarda bir nəfər ölüb, təxminən 700 nəfər yaralanıb ki, bunlardan da 200-ü təhlükəsizlik orqanlarının əməkdaşıdır. Almazbek Atambayev ötən ilin avqust ayında həbs olunmuşdu. Keçmiş prezident bir neçə ağır cinayətdə ittiham olunurdu – hakimiyyətin ələ keçirilməsini təşkil etmək, korrupsiya və qanunsuz varlanma, müqavimət zamanı tərəfdarları tərəfindən xüsusi təyinatlı əsgərin öldürülməsi, həmçinin kriminal avtoritet Əziz Batukayevin qanunsuz sərbəst buraxılması. Keçmiş prezident 11,2 il müddətinə azadlıqdan məhrum edilmiş və əmlakının müsadirə olunması barədə hökm çıxarılmışdı. Hadisələrdən sonra yerli məhkəmə Atambayevin barəsində seçilən həbs tədbirini ev dustaqlığı ilə əvəz edib.

Artıq bir çoxları növbəti üçüncü inqilabın baş verdiyini iddia edir. Qeyd edək ki, Qırğızıstan son 15 ildə üçüncü (2005, 2010, 2020) inqilaba şahidlik edir. Hazırda ölkədəki vəziyyətə kimin nəzarət etdiyi aydın deyil. Hələlik o bəllidir ki, parlament seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlar yeni bir inqilaba səbəb olub. Görünən odur ki, nümayişçilərin özləri də hadisələrin belə gedişatını gözləmirdilər. "Müxalifət liderlərindən heç biri küçə aksiyalarına və izdihama görə məsuliyyəti üzərinə götürməyib. Ona görə də siyasi qeyri-müəyyənlik hökm sürür”,– qırğız politoloq, siyasi elmlər doktoru Asel Doolotkeldiyeva bildirib. Politoloqun sözlərinə görə, hazırda müxalifət qüvvələrində üç təsir qrupu var. Birincisi, ölkənin keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları və digər azad edilmiş məhbuslar, ikincisi, ənənəvi müxalifət qüvvələrinin tərəfdarları və nəhayət, köhnə siyasətçiləri siyasi səhnədən getməyə çağıran yeni gənclik hərəkatı:"Təəssüf ki, üçüncü hərəkat çox zəif koordinasiyaya malikdir və indi biz əvvəlki çevrilişlərdə olduğu kimi, təcrübəli siyasətçilərin hərəkətə keçdiklərini görürük”. Avrasiya Analitik Klubunun rəhbəri,politoloq Nikita Mendkoviçetirazlara səbəb olan üç əsas amildən birinin sosial problemlər olduğunu bildirib. Onun sözlərinə görə, respublikada həyat səviyyəsi koronavirus pandemiyasının fonunda kəskin şəkildə aşağı düşüb:"Tibbi böhran yaşandı, səhiyyə sistemi vəziyyətin öhdəsindən gələ bilmədi və sözün əsl mənasında iflic oldu. Sonradan köməyə rus həkimləri gəldi”.

Politoloqun fikrincə, hakimiyyət böhranının formalaşmasında ikinci amilQırğızıstanın açıq-aşkar iki sosial-mədəni qütbə bölünməsidir. Belə ki, sovet dövründən bu yana yerli siyasətdə iki qol arasında rəqabət olub. Biri daha mühafizəkar, aqrar və inanclı cənub qolu, digəri daha çox şəhərləşmiş, sənaye və dünyəvi şimal qolu: "Sovet dövründə Kommunist Partiyasının yerli katibləri həmişə cənublular və şimallılar prinsipinə uyğun olaraq növbələşirdilər. Müstəqillik illərində bu xətt davam etdirildi. "Şimallı” Əskər Akayevin yerinə "cənublu” Qurmanbek Bakiyev gətirildi. Ondan sonra da "şimallı” Atambayev prezident oldu. İndiki prezident "cənublu ”dur. Kadr siyasətinin bir hissəsi olaraq o, sələfinin – "şimallı” Atambayevin ölkə həyatına təsirini aradan qaldırmaq üçün bir çox "cənublu”nu hökumət strukturlarına cəlb etdi. Və bununla da şimalı – Bişkekin coğrafi olaraq yerləşdiyi hissəni özünə qarşı çevirdi. Seçkinin nəticəsi olaraq iki partiya önə çıxdı. Onlara da "cənublu”lar (prezidentin qardaşı daxil olmaqla) və korrupsioner məmurlar rəhbərlik edir”. Politoloq müxalifət qüvvələrinin Qərb ölkələri ilə əlaqəsinə işarə edərək Qırğızıstandakı etirazlarda mümkün xarici izə baxmağı təklif edir: "Seçki kampaniyası dövründə ABŞ və Britaniya səfirlərinin etirazçıların liderləri ilə görüşdükləri və onları hökumətə qarşı birləşməyə çağırdıqları sirr deyil. İndi Bişkeklə Vaşinqton arasındakı münasibətlər ən aşağı səviyyədədir. Bu səbəbdən ABŞ hakimiyyət dəyişikliyində maraqlıdır. Lakin bu yaz koronavirus səbəbi ilə səfirlik işçilərinin çoxu Qırğızıstandan təxliyə olundu. Buna görə də ABŞ indiki etirazlarda hər hansı rol oynayıbsa belə, bu, məhdud səviyyədə olub. ABŞ səfirliyinin dünənki açıqlamasından da görünür ki, onlar son anadək müxalifətin real olaraq nəyəsə nail ola biləcəyinə şübhə ediblər”. Mendkoviç Qırğızıstanda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğuna əmindir: "Lakin inqilabi dalğanın zirvəyə kimi gətirəcəyi barədə danışmaq hələ ki tezdir”.


Azər NURİYEV

banner

Oxşar Xəbərlər