Qılınclarının dalı da, qabağı da kəsən əkiz bacılar - Portret
Azərbaycan idman ölkəsidir. Ölkəmizin təmsilçiləri beynəlxalq
yarışlarda bir qayda olaraq, medallara əsas namizədlər sırasında göstərilir. Lakin
bu amil ancaq Azərbaycan üçün ənənəvi olan idman növlərinə aiddir.
Qılıncoynatma Azərbaycanda müəyyən ənənəsi olan idman növüdür. Sovet dövründə
ölkəmizin təmsilçiləri ittifaq yığmasının heyətində nüfuzlu turnirlərdə çıxış
edib, hətta medal da qazanıblar. 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda
keçirilən olimpiadada qızıl medal qazanan SSRİ yığmasının tərkibində Azərbaycan
qılıncoynatma məktəbinin iki nümayəndəsi (İlqar Məmmədov və Boris Koretski) də
var idi.
Bu gün Azərbaycan qılıncoynadanları beynəlxalq arenada medallara əsas
iddiaçılar olmasalar da, bu idman növünü ölkəmizdə yaşadan, onun təbliğat
yükünü öz çiyninə götürən azərbaycanlı idmançılar var. Hazırda Azərbaycanda
qılıncoynatma deyiləndə ağıla ilk olaraq Sevil və Sevinc Bünyatova bacıları
gəlir. Avropa oyunlarında ölkəmizə medal qazandıran əkizlər, ölkəmizin
beynəlxalq miqyasdakı yarışlarda daimi təmsilçiləridirlər.
İdmana gəlişləri
Sevil və Sevinc Bünyatova bacıları 1989-cu il oktyabrın 5-də Rusiyada
- Kareliya respublikasında dünyaya gəliblər. Onlar hələ körpə ikən ailəsi
Bakıya gəlir. Elə bacıların idman karyerası da məhz paytaxtımızda başlayır.
Onların idmana yönəldən isə ataları olub. Yox, əkizlərin atası heç də idmançı
olmayıb. O, "Neftçi” idman klubunda çalışırdı. 1998-ci ildə burda yeni -
qılıncoynatma üzrə bölmə açılır. Bu idman növü ata Bünyatovda maraq yaradır və
qızlarını qılıncoynatmaya yazdırmaq qərarına gəlir. O, əkizləri sadəcə olaraq,
məşğuliyyət üçün idmanın bu növünə yazdırır. Beləcə, 1998-ci ildə Bünyatova
bacılarının idmançı karyerası başlayır. Əkizlərin ilk məşqçisi Fikrət Vəliyev
olur. Onların qılıncoynatma karyerası adi məşğuliyyət kimi başlasa da, vaxt
keçdikcə bu məşğuliyyət vərdişə çevrilir. Qızların valideynləri də bu idman
növünün övladlarında heç də pis alınmadığını görərək, onlar qarşısında "yaşıl
işıq” yandırırlar.
Uğurlar
Vaxt keçdikcə onlarda bu idman növünə sevgi yaranır. Beynəlxalq
arenalarda, turnirlərdə qazanılan ilk medallar isə bu sevgini inama, daha böyük
uğurlar qazanmaq həvəsinə çevirir. Sevil Bünyatova bu idman növündə uğur
qazanacağına əsas inamı İranda keçirilən turnirlərdən birində qazandığını
deyir. Həmin yarışda komanda heyətində mükafatçılar sırasına düşən Sevildə
qılıncoynatmada gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaranır. Bünyatova bacıları ilk olaraq
qılıncoynatmanın rapira növü ilə məşğul olsalar da, 5 il sonra sablyaya
keçirlər. Böyüklər arasında dünya çempionatında 4-cü olan bacılar, dəfələrlə bu
yarışın iştirakçısı olublar. Qılıncoynatma üzrə U-23 Avropa çempionatında
komanda yarışında 3-cü olublar. Bacılar dəfələrlə beynəlxalq turnirlərdə də
mükafatçılar sırasına düşüblər. Onlar üçün karyeralarında ən yüksək zirvə isə
2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa oyunları olub.
Bir-bir rəqiblərini yollarından uzaqlaşdıran əkizlər yarımfinala kimi
yüksəlirlər. Burda Sevilin rəqibi fransız Marqua Rifkiss, Sevincin rəqibi isə
polşalı Angelina Vator olur. Fransalı idmançını da mübarizədən kənarlaşdıran
Sevil həlledici görüşə vəsiqə qazanır. Sevinc isə Vatorla mübarizədən məğlub
ayrılır. Belədə, finalda əkizlərin duelini izləmək mümkün olmur. Polşalı
idmançı finalda Sevili də məğlub edir. Yekunda əkizlərdən heç biri ilk Avropa
oyunlarının qızılını qazana bilməsə də, ölkəmizə iki medal qazandırırlar.
Yarışın sonunda fəxri kürsüdə iki Azərbaycan bayrağı dalğalanır - əkizlərin
sayəsində.
Hədəf – Olimpiada
Hər bir idmançının əsas arzusu ən möhtəşəm idman yarışı olan
olimpiadada iştirak etməkdir. Medal qazanmaq isə sonranın işidir. Sevil və
Sevinc bacıları 21 ildir qılıncoynatma ilə məşğul olsalar da, 4 illiyin ən
mötəbər idman yarışında iştirak etmək xoşbəxtliyinə nail olmayıblar. Bunda
bəxtsizlik, bir az da qılıncoynatma idman növündə hər il yenilənən reytinq
xalları da az rol oynamayıb. Bu idman növündə yay olimpiya oyunlarının
iştirakçısı olmaq üçün bir-iki turnirdəki yüksək nəticə ilə kifayətlənməməli,
bütöv ili yüksək səviyyədə keçirməlisən. Hələ ki, olimpiadada iştirak bacılara
qismət olmasa da, bu hədəf istiqamətində məşqlərini inamla davam etdirirlər.
Hədəf isə Tokio-2020-dir.
Kənarda bacı, yarışda rəqib
Əkizlər bir almanın iki yarısı kimi bir-birlərinə bənzəyirlər. Kiçik
olduqları zaman onları yarış meydanlarında tez-tez səhv salırdılar. Lakin bacılar bundan heç vaxt öz məqsədləri
üçün istifadə etməyiblər. Üzdən onları ayırmaq çox çətin olsa da, döyüş
üslubları tam fərqlidir.
Bacılar Azərbaycan çempionatında dəfələrlə üz-üzə gəliblər.
Beynəlxalq yarışlarda isə belə bir fürsət reallaşmayıb. Avropa oyunlarında bu
cəhətdən maraqlı final izləyə bilərdik. Bünyatova bacıları polşalı idmançını
məğlub edəcəkləri təqdirdə, finalda bir-birinə rəqib olacaqdı. Ancaq maraqlı
final əkizlərin polyaka uduzması ilə reallaşmayıb.
Bacılar hər nə qədər bir-birinə əziz olsalar da, meydanda rəqibə
çevrilirlər. Ancaq əlbəttə, qarşılaşmanın sonunda uduzan tərəf məyus olmur.
Asudə vaxt
Hər iki bacı ailəlidir. Sevilin qız, Sevincin isə oğul övladı var.
Onlar asudə vaxtlarını övladları ilə keçirməyi sevirlər. Xüsusilə, uşaqların
sevimli məkanları olan əyləncə mərkəzlərinə üstünlük verirlər.
Sevilin digər idman növlərindən bədii gimnastikaya marağı çoxdur. Boş
vaxtlarında bu idman növü üzrə yarışları yaxından izləyir. O, "qılıncoynatmanı
seçməsəm, gimnast olardım” deyir.
Sevinc isə gimnastika ilə yanaşı, voleybolu da xoşlayır. Vaxt
tapdıqca bu idman növü üzrə yarışları izləyir.
Çətinliklərə təslim olmayan
bacılar
Qılıncoynatma incə idman növüdür. Bu idmanla məşğul olan xanımlar öz
zərifliklərini itirmirlər. Məhz bu amil qılıncoynatmanı xaricdə idmanla məşğul
olmaq istəyən qızların sevimli idman növünə çevirir. Lakin təəssüf ki,
azərbaycanlı gənc, yeniyetmələrin bir çoxu qılıncoynatmada perspektiv
görmədiyindən, başqa idman növlərinə üstünlük verirlər. Bu idman növünə
yazıldıqdan sonra "silahı” yerə erkən qoyaraq, təslim olanlar da az olmayıb.
Lakin əkizlər uşaq vaxtının adi məşğuliyyətinə heç vaxt xəyanət etməyiblər.
Hətta federasiyada çətinlik yaşandığı dövrlərdə də, bu idman növünü
seçdiklərinə görə peşmançılıq hissi yaşamayıblar. Çoxları problemlər olduğu
zaman bacıların qılıncı yerə qoyacağını gözləsə də, əkizlər bu cür düşünənlərin
səhv fikirdə olduqlarını sübut edirlər. Bu gün isə ölkə qılıncoynatması
çətinlikləri geridə qoyub. Federasiyada son vaxtlar müsbətə doğru çox
dəyişikliklər olub. Dəyişməyən isə Bünyatova bacılarının qılıncoynatmaya olan
həvəsidir.
Gələcək yarışlar
Əkizlər gələn ayın 1-də Rusiyaya yollanacaqlar. Bu ölkənin paytaxtı
Moskvada təlim-məşq toplanışına başlayacaq Bünyatova bacıları, mayın 12-13-də
burda keçiriləcək Qran-pri yarışında iştirak edəcəklər. Bu yarışlar olimpiadaya
lisenziya xarakteri daşıyır.
Daha sonra bacıları dünya və Avropa çempionatları, dünya kuboku
yarışları gözləyir. Bu yarışlarda isə əsas hədəf məhz olimpiadaya lisenziya
qazandıracaq xallara yiyələnməkdir.
Qılıncoynatmanın
inkişafında rol
Azərbaycanlı valideynlər öz övladlarını ölkədə inkişaf etmiş idman
növlərinə yazdırmağı daha çox üstün tuturlar. Bünyatova bacıları bunu düzgün
saymırlar. Hesab edirlər ki, valideynlər öz övladlarını uşağa uyğun gələn idman
növünə yazdırmalıdırlar. Bu gün
Azərbaycanda qılıncoynatma idman növünün siması məhz Bünyatova əkizləridir.
Onlar beynəlxalq miqyaslı yarışlarda uğur qazanmaqla, insanlarda qılıncoynatmaya
da maraq yarada bilərlər. Avropa oyunlarında qazanılan medallar bu istiqamətdə
uğurlu addımdır. Ancaq Sevil xanım təkcə beynəlxalq arenalardakı çıxışla
kifayətlənmir. O, hazırda azyaşlılara bu idman növünün sirlərini öyrətməklə
yanaşı, onlarda maraq yaratmağa çalışır. Azyaşlılara bu idman növü ilə məşğul
olmağın onlarda dözümlülüyün, məqsədə çatmağın, dünyagörüşünün artmasının
rolunu izah edir.
Özünün sözlərinə görə, hər keçən gün bu həvəs bir az da artır. Deyir,
ki, bir məşqçi öz məqsədinə çatmayanda, istəyir yetirmələri buna nail olsun. Bu
istiqamətdə isə əlindən gələni edir.
Uşaqlarda bu idman növünə maraq yaratmaq hər iki bacının əsas
məqsədidir. İdmançı həyatı qısadır. Gec-tez əkizlər də qılıncı yerə qoyacaq.
Ancaq onlar bundan sonra da bu idman növündən ayrılmamağı, azyaşlıları
hazırlamaqla, ölkə qılıncoynatmasına töhfə verməyi planlaşdırırlar. Uşaqları
çətinliklərdən qorxmamağa, bu incə idman növünü seçməyə çağırırlar.
Eyni məşqçi, eyni klub
Yuxarıda Sevil və Sevincin ilk məşqçisinin Fikrət Vəliyev olduğunu
vurğulamışdıq. Maraqlıdır ki, əkizlər 21 ildir bu mütəxəssislə çalışırlar.
Bacılar Fikrət bəyin onların yetişməsindəki əməyini unutmur. Hər zaman ona
minnətdar olacaqlarını deyirlər. İdmana "Neftçi”də başlayan Bünyatova bacıları indi
də bu klubun üzvüdürlər.
Portret
Qılıncoynatma onlar üçün həyat tərzinə çevrilib. "Nə qədər gücümüz
var, bu idman növünə davam edəcəyik” deyirlər. Onlar qılıncoynatmaya iş kimi
yox, həyat tərzi kimi yanaşırlar. Hər gün yorulmadan, usanmadan idman zalına gələrək,
məşq edirlər - bu idman növündəki ilk günlərində olduğu kimi. "Qılıncoynatma
bizə çox şey qazandırıb” deyirlər. Onlar bu idman növünün ölkəmizdə ən çətin
dövrlərində də, qılıncı yerə qoymadılar. Öz məqsədlərinə doğru inamla
irəlilədilər. Məhz bu inam onların
növbəti uğurlarının təminatçısı ola bilər.
Elnur