AZE | RUS | ENG |

Qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələ

Qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələ
Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilməsi qeyd olunub. Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dövlət Proqramının qəbul olunması dövlətimizin başçısı tərəfindən qida təhlükəsizliyinə konseptual yanaşmanın və bu istiqamətdə strateji idarəetmənin təzahürüdür.
 
2018-ci ilin ilk altı ayı ərzində agentliyin səlahiyyətlərinin icrasına başlamaq üçün bir neçə istiqamətdə hazırlıq və quruculuq tədbirləri həyata keçirilib, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional inkişaf və maddi-texniki bazanın formalaşdırılması, beynəlxalq əməkdaşlığın qurulması, sahibkarların və istehlakçıların yeni sistem haqqında maarifləndirilməsi istiqamətində işlər görülüb. 

Dövlət proqramının növbəti mərhələdə qida təhlükəsizliyi sahəsində hansı irəliləyişlərə şərait yaradacağını, nə kimi effektiv nəticələrin əldə olunacağını öyrənməyə çalışdıq.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlibildirib ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət  Proqramı” üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur: "Eyni zamanda Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.  

Q. Təhməzlinin sözlərinə görə, sahibkarlarla əməkdaşlıq şəraitində qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunması, ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi Dövlət Proqramının əsas məqsədlərindəndir. 

Mövzu ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı naziri İnam Kərimov ərzaq təhlükəsizliyində əsas meyarın keyfiyyət olduğunu deyib. Nazir qeyd edib ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” bu məsələdə nazirliyin üzərinə mühüm vəzifələr qoyur. Proqrama əsasən əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsi və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalması, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılması, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılması hədəflənir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında qeyd etdi ki, bu, proqram qidanın təhlükəsizliyinin təmin olunmasından başqa, kənd təsərrüfatı məhsullarının xarici bazara çıxarılmasına şərait yaradır: "Qida təhlükəsizliyi sahəsində belə bir proqramın təsdiqlənməsinə çoxdan ehtiyac vardı. Bu gün ölkəmizdə qida sektorunun vəziyyətini əyani olaraq xəstəxanalarda olan növbələrdən görmək olar. Yediyimiz qida bizim üçün olduqca vacibdir. Prezidentin təsdiqlədiyi bu əsasnamə bütün insanların həyatına toxunan bir məsələni əhatə edir. Bu proqram, qidanın təhlükəsizliyinin təmin olunmasından başqa, kənd təsərrüfatı məhsullarının xarici bazara çıxarılmasına şərait yaradır. Qida Təhlükəsizliyi Agentliyi bu proqramdan mükəmməl istifadə edə bilsə, post-neft dövründə Azərbaycan məhsullarının xaricə çıxışı  genişlənəcək. Lakin təəssüflər olsun ki, bu proqram heç bir ictimai müzakirədən keçirilməyib. Azad İstehlakçılar Birliyinin bu mövzu ilə bağlı təklifləri ola bilərdi. Amma buna baxmayaraq,  proqramın həyata keçirilməsi üçün bu işdə onlara dəstək olacağıq”. 

Qeyd edək ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” hazırlandıqdan sonra bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına göndərilib və onların rəyləri nəzərə alınıb. Eyni zamanda Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərinə göndərilib və ictimai müzakirəsi təşkil edilib. 
 
Günel Azadə 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933