• cümə axşamı, 25 aprel, 12:32
  • Baku Bakı 23°C

Qida təhlükəsizliyinə dair təlim-seminar keçirilib - Fotolar

15.05.18 18:38 527
Qida təhlükəsizliyinə dair təlim-seminar keçirilib - Fotolar
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Azad İstehlakçılar " İctimai Birliyinin (AİİB) təşəbbüsü ilə qida təhlükəsizliyinə dair təlim-seminar keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktor əvəzi Nofəl Nəbiyev açaraq, orta ixtisas təhsil müəssisəsinin fəaliyyətindən, həmçinin qida təhlükəsizliyi sahəsində Azərbaycanda görülən işlərdən söhbət açıb. Bildirib ki, ölkəmizdə əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu siyasətdən irəli gələrək, qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilib. Direktor əvəzi vurğulayıb ki, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq üçün Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərmanla ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyi (QTA) yaradılıb, yeni qurumun komissiyasının tərkibi müəyyənləşdirilib. Dövlət başçısı ilham Əliyevin 13 noyabr 2017-ci il tarixli digər fərmanı ilə "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.

Direktor əvəzi N.Nəbiyev bildirib ki, 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayan QTA qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini həyata keçirir. Bununla yanaşı, QTA mərkəzi icra hakimiyyəti olaraq, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

AİİB sədri Eyyub Hüseynov rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsini həyata keçirdiyini diqqətə çatdırıb. Layihə barədə ətraflı məlumat verən QHT sədri deyib ki, qrafikə uyğun olaraq, təhsil müəssisələrində müəllim, tələbə heyəti ilə təlim-seminarların keçirilməsi planlaşdırılıb. O, bu çərçivədə ilk tədbirin BİTKol-da keçirildiyini vurğulayıb. E.Hüseynov qida təhlükəsizliyinin təmin olunması ilə bağlı hər bir istehlakçının fəallığının artırılması, yeni yaradılmış agentliyin səmərəli fəaliyyətinə cəmiyyətin dəstək verməsinin zəruriliyi barədə geniş məruzə edib.

TədbirdəAİİB-in təlimçiləri Fərrux Əsgərov və Nizami Musayev də çıxış edərək, qida təhlükəsizliyinin idarə edilməsi sistemi, ərzaq məhsullarının saxlanması ilə bağlı ticarət obyektlərinin vəzifələri barədə fikirlərini çatdırıblar.

Təlim-seminarın sonunda müəllim və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

banner

Oxşar Xəbərlər