Qida təhlükəsizliyinə dair təlim-seminar keçirilib - Fotolar
Bakı
İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Azad İstehlakçılar " İctimai
Birliyinin (AİİB) təşəbbüsü ilə qida təhlükəsizliyinə dair təlim-seminar
keçirilib. Tədbiri giriş sözü ilə kollecin
direktor əvəzi Nofəl Nəbiyev açaraq, orta ixtisas təhsil müəssisəsinin
fəaliyyətindən, həmçinin qida təhlükəsizliyi sahəsində Azərbaycanda görülən
işlərdən söhbət açıb. Bildirib ki, ölkəmizdə əhalinin qida məhsulları ilə
etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca
istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu siyasətdən irəli gələrək,
qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin
yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər
əldə edilib. Direktor əvəzi vurğulayıb ki, ölkədə əhalini təhlükəsiz və
keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının
təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq üçün
Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Azərbaycan Respublikasında qida
təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” fərman imzalayıb. Həmin fərmanla ölkəmizdə Qida Təhlükəsizliyi
Agentliyi (QTA) yaradılıb, yeni qurumun komissiyasının tərkibi müəyyənləşdirilib.
Dövlət başçısı ilham Əliyevin 13 noyabr 2017-ci il tarixli digər fərmanı ilə "Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Direktor
əvəzi N.Nəbiyev bildirib ki, 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayan QTA
qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin
təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət
qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida
təhlükəsizliyi sertifikatının verilməsini həyata keçirir. Bununla yanaşı, QTA mərkəzi
icra hakimiyyəti olaraq, baytarlıq, bitki mühafizəsi və karantini sahələri
istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida
məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması,
dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və
məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida
təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə
dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və
tənzimləməsini həyata keçirir.
AİİB sədri
Eyyub Hüseynov rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən
"Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin təmin olunmasına dair
fərmanlarına ictimai dəstək tədbirləri” layihəsini həyata keçirdiyini diqqətə
çatdırıb. Layihə barədə ətraflı məlumat verən QHT sədri deyib ki, qrafikə uyğun
olaraq, təhsil müəssisələrində müəllim, tələbə heyəti ilə təlim-seminarların
keçirilməsi planlaşdırılıb. O, bu çərçivədə ilk tədbirin BİTKol-da
keçirildiyini vurğulayıb. E.Hüseynov qida təhlükəsizliyinin təmin olunması ilə
bağlı hər bir istehlakçının fəallığının artırılması, yeni yaradılmış agentliyin
səmərəli fəaliyyətinə cəmiyyətin dəstək verməsinin zəruriliyi barədə geniş
məruzə edib.
TədbirdəAİİB-in təlimçiləri Fərrux Əsgərov və Nizami Musayev də çıxış edərək, qida
təhlükəsizliyinin idarə edilməsi sistemi, ərzaq məhsullarının saxlanması ilə
bağlı ticarət obyektlərinin vəzifələri barədə fikirlərini çatdırıblar.
Təlim-seminarın
sonunda müəllim və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.