AZE | RUS | ENG |

Qida sənayesinin milli brendi - Fotolar

Qida sənayesinin milli brendi - Fotolar
“Ulduz” fabriki məhsullarını dünyanın 20-dən çox ölkəsinə ixrac edir

"Ulduz” şokolad fabrikinin fəaliyyəti ölkə iqtisadiyyatında qənnadı və yeyinti sənayesinin ilk uğuru kimi dəyərləndirilir. "Veysəloğlu” şirkətlər qrupuna daxil olan "Ulduz” Şokolad Fabrikinin istehsal mühitini sahibkarlığın, özəl sektorun və biznes mühitinin fəaliyyətinə yaradılan  bariz nümunə də adlandırmaq olar.  2001-ci ildən fəaliyyətə başlayan və ən müasir avadanlıqlarla təchiz olunan müəssisə, məhsullarını təkcə dünyanın 20-dən çox ölkəsinə ixrac etmir, həmçinin hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Məhz bunun nəticəsidir ki, yerli istehsalın inkişafına xidmət edən müəssisənin fəaliyyəti beynəlxalq auditorlar tərəfindən də bütün sistemlər üzrə yüksək qiymətləndirilib.
 
 
 
Fabrik Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik, Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı, Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi Standartı sertifikatlarına malikdir. Müəssisə həmçinin Müştəri Məmnuniyyəti Standartı  və "HALAL” sertifikatlarına da layiq görülüb. Fabrik artıq 2 ildir Keyfiyyət İdarəetmə Sistemi Standartı, British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı, Beynəlxalq Qida Standartı, Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı sertifikatlarını tətbiq edir. "Ulduz” Şokolad Fabriki həmçinin BRC, İFS standartlarını alan ilk Azərbaycan müəssisəsidir. Ötən ilin fevral ayının əvvəlində Moskva şəhərində dünyanın 57 ölkəsinin 2178 şirkətinin iştirakı ilə keçirilən "PRODEXPO 2017” 24-cü Beynəlxalq Qida sərgisində ölkəmizi "Made in Azerbaijan” adı altında təmsil edən 6 şirkətdən biri də "Ulduz” olub. 
 
 
 
"Ulduz” Şokolad Fabrikindəki iş mühiti olduqca qaynardır. Həyətində qələbəlik, sexlərində intizamla çalışan insanların əmək həyatı, dəzgahların sükutu pozan səsi, nahar üçün bufet önündə növbəsini gözləyən işçilər, məktəblilərin ekskursiyası - sanki köhnə Azərbaycan filmlərindəki epizodlardır. Maraqlı və canlı...
 
 

Fabrikin fəaliyyəti haqqında məlumatları müəssisədə olarkən əldə edirəm. Fəaliyyətinin ilk illərində fabrik "Ritm”, "Rocky”, "Tango”, "Xonça”, "Seasons”, "Sema”, "Wedding” və digər markaların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb. 2014-cü ilin əvvəlindən "Topnut” markalı "Draje” və "Çırtdan”, "Freş”, "Alpinmilk”, "Villi” markalı "Karamel” xətlərinin işə salınması ilə müəssisə öz fəaliyyət sahəsini daha da genişləndirib. 2016-cı ildən isə fabrik "Ulduz”, "Sema”, "Moredo” və "Belore” markaları altında yeni çeşid şokolad və karamel istehsalına başlayıb.  Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqramdan artıqdır. Müəssisədə 100-dən artıq çeşiddə qənnadı məhsulları istehsal olunur. Keçən ildən başlayaraq fabrikdə "Kəklikotulu konfet” istehsal olunmağa başlayıb. "Şokoladın bu növünün kifayət qədər alıcıları var. Sifarişdən asılı olaraq istehsalı genişlənir. İndiyə qədər belə bir konfet növü istehsal olunmayıb. Yəni, bu, fərqli bir daddır. Ölkəmizin hər yerində kəklikotulu çaya üstünlük verildiyini nəzərə alıb, bu şokoladı hazırlamağı düşündük. Kəklikotu dəmlənəndən sonra istehsal prosesində məmulata qatılır. Həmçinin hazır olandan sonra da şokoladın üzərinə kəklikotu səpilir”- deyə premium şokoladların istehsalı şöbəsinin rəhbəri Əliheydər Manafov qeyd edir: "Bu,  premium seqmentə aid olduğu üçün hələlik xarici bazarda deyil, daxili bazarda satılır». 
 
 
 
Dünya nəhəngləri ilə rəqabət qabiliyyəti 
 
"Müəssisə üçün ən önəmli amil keyfiyyətdir. Fabrikin məhsulları beynəlxalq standartların bütün tələblərinə cavab verir və həm yerli, həm də xarici bazarlarda istehlakçı etibarı qazanıb”-deyə istehsalat növbə rəisi Şamil Əhlimanov məlumat verir: "Hazırda fabrik həm daxili, həm də xarici bazarda şokolad və qənnadı sahəsində öz sözünü demiş dünya nəhəngləri ilə rəqabət qabiliyyətindədir. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı məmulatları və qida məhsulları sənayesinə yeni keyfiyyət, yeni dad gətirməklə bərabər, yerli bazara müxtəlif çeşiddə məhsullar təklif edib. Həmçinin məhsullar qısa vaxt ərzində istehlakçıların rəğbətini qazanıb”. Növbə rəisi fabrikin məhsullarına olan tələbatın gündən-günə artdığını deyir. Belə ki, keyfiyyətli məhsul, göz oxşayan qablaşdırma, çeşid bolluğu, sərfəli qiymət və yüksək xidmət istehlakçıların sayının sürətlə artmasına səbəb olur: "Hazırda fabrikdə 5 şokolad istehsal xətti, iki karamel istehsal xətti mövcuddur. Şokolad istehsal edən Çinar-1 və Çinar-2 xətlərində şokoladın hazırlanması, kəsilməsi, bükülməsi, qablaşdırılması həyata keçirilir. Bütün proses insan əli dəymədən avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Hər xətdə təxminən 20-25 ton, ümumilikdə 45 ton şokolad, 15-16 ton karamel istehsal olunur. Sexlərin hər birində 15-20 işçi çalışır”. İstehsalat rəisinin sözlərinə görə, fabrik  ən müasir standartlara cavab verən, ekoloji təmiz, gigiyenik baxımdan təhlükəsiz şirniyyatlar, çeşidli karamellər istehsal edən müəssisə olmaqla,  keyfiyyətli məhsulları ilə istehlakçılara təminat verir:  "Fabrik yarandığı gündən Azərbaycanın qida sənayesində mühüm yer tutan, istehlakçıların etibar etdiyi, eyni zamanda, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən müəssisələrdəndir. Hazırda müəssisə ölkə iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafında mühüm rol oynamaqla, bu sahənin liderinə çevrilib”. Ş.Əhlimanöv qeyd edir ki, fabrikdəki məhsullar istehsaldan istehlaka qədər mərhələ-mərhələ yüksək ixtisaslı mütəxəssislərin nəzarəti və müayinəsi ilə hazırlanır. İstehsal zamanı istifadə olunan xammal Türkiyə, Rusiya, Ukrayna və s. ölkələrdən gətirilir. Eyni zamanda, daxili bazarın da müəyyən xammalından istifadə olunur. Müəssisədə hazırlanan məhsulların analizi üçün peşəkar laboratoriya fəaliyyət göstərir. Fabrikdə qida və qeyri-qida məhsullarının saxlanılması üçün ən müasir avadanlıqlar ilə təchiz olunmuş anbar binası fəaliyyət göstərir.
 
 
 
İxracat xətti genişlənir

"Ulduz” fabrikinin məhsulları nəinki yerli bazarda milli brendə çevrilib, habelə xarici bazarlarda da nüfuz qazanıb. Ölkəmizdə özəl sektor kimi ilkə imza atan  fabrik, həm daxili bazarda liderliyi qoruyub saxlamağa, həm də xarici bazara çıxmağa nail olub.
 
 

2011-ci ildən ixracla məşğul olan "Ulduz”un ixracat şöbəsinin müdiri Anar Əliyev hazırda 20-ə yaxın ölkəyə məhsul göndərdiklərini deyir. Belə ki, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Ukrayna, Belarus, Gürcüstan, Fələstin, İran, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və s. ölkələrə məhsul ixrac edilir: "Hər ölkənin özünə uyğun dad seçimi var. Elə ölkələr var ki, yer fıstığı tərkibli şokoladlara üstünlük verirlərsə, Orta Asiya ölkələri və Rusiya karamellərə üstünlük verir. Ən çox satılan mallar sırasında «Tanqo» çeşidi yer tutur. Bu məhsul satış həcminə görə uzun illərdir ki, liderlik  edir. İnternetdə də bu çeşid haqqında müsbət rəylər yer alıb”. A.Əliyevin sözlərinə görə, fabrik bu ilin may ayında Ukraynanın məşhur "Roşen” qrupunun istehsal etdiyi məhsulların çeşidləri də fabrikdə istehsal olunacaq. Bazarda tanınmış çeşidlərdən biri «Korovka»dır ki, may ayından bu konfetin istehsalına başlayacağıq. Bundan əlavə, xətləri Almaniya və İtaliyadan alırıq. İlin sonuna kimi fabrikdə şokoladlı-şokoladsız vafli istehsal olunacaq. Bu il həmçinin Moskva, Şanxay, Dubay və Hindistanda keçiriləcək sərgilərdə iştirak edəcəyik. Hesab edirik ki, yeni xətlərlə bazarımız daha maraqlı olacaq. Çünki xətləri almamışdan əvvəl bazarlarda hansı mallara üstünlük verildiyini araşdırmışıq. Aldığımız xətlər həmin bazara daxil olmağımıza kömək olacaq. İlin sonunda biz artıq həmin ölkələrə yükləmələrimizi başlamaq fikrindəyik. Daxili bazarda isə "Azərbaycan brendi” adını qoruyub saxlayırıq”.   Ölkənin bütün irili-xırdalı marketlərində məhsulları satılan fabrikin, paytaxtda "Premium” dükanları da açılmağa başlayıb.
 
 

Müəssisədə hazırda 200 nəfərdən artıq işçi çalışır. Fabrikin rəhbərliyi onların rahatlığını təmin etmək üçün də müəyyən addımlar atır. İşçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatı həyata keçirilir.
 
 

İşçi heyətinin peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. İşçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə əməkdaşlar mütəmadi olaraq tibbi müayinədən keçirilir.
 
 

Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı və istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması isə həm də yeni iş yerlərinin yaranması deməkdir.
 
 

Fabrikin sexlərini gəzib istehsal prosesi,  müəssisədəki insanların əməyi haqqında öyrəndikcə və əldə edilən uğurların şahidi olduqca "Ulduz”un ölkənin Qqida sənayesinin  milli brendi” adı daşımasının təsadüfi olmadığını anlayırsan. Milli brendin yaranması isə müasir biznesdə mübarizə aparmağın və yerini qoruyub saxlamağın yeganə yoludur.
 
Təranə Məhərrəmova
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2966
TRY 1 Türk lirəsi 0.3806
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 2.0069
CHF 1 İsveçrə frankı 1.6986
USD 1 ABŞ dolları 1.7000