• cümə, 29 Mart, 15:24
  • Baku Bakı 14°C

Qida aləminin görüş məkanı

23.05.15 07:15 1797
Qida aləminin görüş məkanı
Mayın 21-də Azərbaycan Beynəlxalq qida sənayesi "WorldFood Azerbaijan 2015" sərgisi öz qapılarını ziyarətçilərin üzünə açdı. Qeyd edək ki, "Kənd təsərrüfatı ili"nə həsr olunan Tədbirlər Planına daxil edilən bu sərgi dünyanın 33 ölkəsini təmsil edən 151 şirkəti bir arada toplayıb. Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və açıq meydançasını əhatə edir. Sərgi fərqliliyi ilə yanaşı, həm də gələn qonaqların çoxluğu ilə diqqəti çəkir. Sərgiyə daxil olan anda sanki bir kənd ab-havası yaranır. Çünki kənd təsərrüfatına aid bütün məhsulları burada görmək olar.
Sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunur. Avstraliya, Argentina, Belarus və Litva isə sərgiyə milli ekspozisiyalarla qatılıblar.
İstehsalçı və istehlakçının əlaqəsi
Sərgiyə qatılan hər bir ölkənin stendində gələn qonaqlara məhsullar haqqında məlumat verilir, təqdim edilən məhsulların keyfiyyəti, dadı ilə tanış olmaq imkanı yaradılırdı, əlaqə ünvanları təqdim edilirdi. Bəzi şirkətlər sərgidə ilk dəfə iştirak etsə də, illərdir buraya qatılanlar da var. Şəmkir Çörək Zavodunun nümayəndəsi Xəqani Məmmədov bildirdi ki, zavod hazırda “Nəfis” çörək brendi ilə bazara çıxır. Hazırda 8 növ çörək və kruasan məhsullarıyla sərgiyə qatılıblar: “Kruasan fransız mətbəxinə məxsus bir şirniyyatdır. Hazırda bizim zavodda bu məhsulun sadə növü hazırlanıb təqdim olunur. Gələcəkdə şokoladlı, vanilli, çiyələkli və s. növlərini də hazırlamağı düşünürük. Sərgiyə gələnlər hamısı maraqlanırlar, çörəklərin tərkibi, keyfiyyəti ilə bağlı suallar verirlər”.
“Azərtoxum” MMC-nin istehsalat rəisi, eyni zamanda baş mütəxəssisi Azil Söhbətov deyir ki, sərgiyə gələnlərin məhsullara böyük marağı hiss olunur: “Azərtoxum” bir neçə arpa və buğda toxumlarının əkilib çoxaldılması işləri ilə məşğul olur. Sərgiyə iki növ arpa və 7 növ buğda sortları ilə qatılmışıq. “Aran” və “Murov2 sortları məhsuldarlıq və digər parametrlərinə görə digər sortları üstələdiyi üçün yerli istehsalçılarda onlara maraq çoxdur”.
Diqqət çəkən stendlər
İsrail stendində də sərgi iştirakçıları üçün bir çox məhsullar təqdim olunur. “BioBee” istixana şirkətinin nümayəndəsi Elşən Əmikişiyev deyir ki, sərgidə bir çox kənd təsərrüfatı məhsulları ilə çıxış edirlər: “Bizim şirkət 1959-cu ildə İsraildə yaradılıb. 70-ci illərdə isə dünya bazarına çıxmağa başlayıb. Hazırda Şəkidə bu istixanaların bir bölməsi var. Sərgiyə gələnlər məhsullarla maraqlanırlar, əlaqə vasitələrimizi götürürlər. Bizim istixanada məhsullar müasir kənd təsərrüfatı texniklarından istifadə edilməklə hazırlanır, heç bir kimyəvi maddədən istifadə olunmur və tamamilə təbiidir”.
Sərgi iştirakçılarının daha çox marağına səbəb olan stendlərdən biri də Argentinaya məxsusdur. Argentinanın ölkəmizdəki səfirliyinin Ticarətin təşviqi departamentinin mütəxəssisi Tutu Yunusova deyir ki, ilk dəfə bu sərgiyə qatılsalar da, böyük maraq var: “Bizim stenddə Azərbaycanda olan Argentina şirkətlərinin distribyutorları öz məhsullarını təqdim edirlər. Bunlar Argentina krevetkaları, şərabları, şokoladlar, müxtəlif karamellər, şirniyyat məhsulları və s.-dir. Biz qonaqlara məhsullarımızın dadına baxmağa şərait yaradırıq ki, necə qidalar təqdim etdiyimizi görsünlər”.
Zəngin “Amerika bağı”...
“American Garden” (“Amerika bağı”) şirkətinin təmsilçisi Nərmin Eminova sərgiyə bir çox məhsul çeşidləri ilə qatıldıqlarını bildirdi: “American Garden” 25 il öncə Nyu-Yorkda fəaliyyətə başlayıb. 15-ə qədər brendin istehsalçısını müxtəlif ölkələrdəki distribyutorlarla əlaqələndirərək, onların satışını təşkil edir. Yaradılmasından bir az sonra isə elə şirkətin adı ilə eynilik təşkil edən “Amerika bağı” brendini yaradıb. “Amerika bağı”nın məhsulları 50-dən çox ölkədə təqdim olunur. Dünyaca məşhur şirniyyatlar, 100 faiz təbii olan bal məhsulları, mətbəx üçün müxtəlif zər vərəqlər, hazır kömür yanacağı, souslar, pastalar, diabet xəstəliyindən əziyyət çəkənlər üçün tərkibində şəkər olmayan şirniyyatlar və s. təqdim edirik. Şirniyyatlar, təmiz bal, mətbəx vərəqləri daha çox diqqəti çəkir”.
N.Eminova deyir ki, şirkət Azərbaycan bazarına daxil olmaq istəyir.
Keyfiyyətli Azərbaycan məhsulları
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov da sərgi iştirakçıları arasında idi. Hər zaman mətbəxi üçün keyfiyyətli məhsul axtaran T.Əmiraslanov sərgi ilə bağlı fikirlərini bizimlə bölüşdü. Bildirdi ki, sərgidə Azərbaycanın çox gözəl məhsulları təqdim olunur: “Belə bir sərginin təşkil edilməsi çox yaxşıdır. Bu dəfə daha geniş şəkildə hazırlanıb. Əlbəttə, biz xarici istehsalçıların təqdim etdikləri məhsulları görürük. Amma mən “Azərsun”, “Veysəloğlu”, “Ketchi” və s. firmaların məhsullarına baxdım. Bizim məhsullar bəzi hallarda xaricilərin istehsal etdiklərindən daha üstün və gözəldir”.
“Bu məhsulları rahatlıqla öz ailəmə təqdim edə bilərəm”
Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik, Otlaqlar İnstitutunun direktoru Çingiz Əliyev də sərginin qonaqları arasında idi. O deyir ki, sərgi istehsalçı və istehlakçıların maariflənməsi üçün böyük əhəmiyyət daşıyır: “Burada Azərbaycanla yanaşı, xarici şirkətlər də öz məhsullarını təqdim edirlər. Sərginin əsas məqsədi insanları keyfiyyətli məhsullarla tanış etmək, onları maarifləndirməkdir. Xüsusilə məni cəlb edən sahələrdən biri elmi tədqiqat müsəssisələri üçün kiçik laboratoriya avadanlıqlarının olmasıdır. Ölkəmizdə kiçik laboratoriya avadanlıqlarından istifadə edib, böyük elmi tədqiqat işləri aparıb, əhəmiyyətli əsərlər yaratmaq olar. Azərbaycanın hər bir nümayəndəsi gəlib bu sərgidən bəhrələnə bilər”.
Sərgini maraq üçün gəzən Nazilə Məmmədova da özü üçün yeni məhsullar kəşf etdiyini deyir: “Sərgi üçün bir tanışım mənə dəvətnamə verdi və maraqlı olduğunu dedi. Həqiqətən gəldim və böyük zövq aldım. Özüm üçün gözək səhər yeməkləri, şokoladlar və tərəvəz məhsulları kəşf etdim. Düşünürəm ki, mən bu məhsulları rahatlıqla öz ailəmə təqdim edə bilərəm”.
Bəzi stendlərdə ünsiyyət problemi...
Sərgidən çıxanlardan sorğu kitabçası vasitəsilə sərgi ilə bağlı təəssüratları öyrənirdilər. Kitabçada daha çox xoş sözlər yazıldığını deyirlər. Düzdür, sərgi çox gözəl təşkil olunmuşdu. Amma bir problem onda idi ki, xarici ölkə stendlərindən bəzilərində ümumiyyətlə, Azərbaycan dilini bilən nümayəndələr yox idi. Bu da xarici dil bilməyən bəzi qonaqların onlarla ünsiyyət qurması üçün problem yaradırdı.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər