AZE | RUS | ENG |


Qibləsi ailə olan cütlük – Ailə - FOTOLAR

Qibləsi ailə olan cütlük – Ailə   - FOTOLAR
Musa Qurbanov: “Ailə geri dönüşü olmayan bir yoldur”

 

Xəyalə Qurbanova: "Davalarımız "vatsap”da başlayır və orada da bitir”
 

Həyat yoldaşı olmazdan öncə yaxşı dostdurlar. Onların ailəsində hörmət baş tacıdır. Hər iki tərəfin ilk növbədə bir-birlərinə hörmət etməsini vacib sayırlar. Onların fikrincə, zarafat belə, dozasında olmalıdır, yaxşı münasibətdə də, dava-dalaşda da hörməti aradan götürməmək lazımdır. Müsahiblərimiz pediatr Xəyalə Qurbanova və sahibkar Musa Qurbanovdur. Beş ilə yaxındır bir damın altında yaşayan qurbanovlar ailəsinin Cahid adında 3 yaşlı oğlanları və Nur adlı 2 aylıq qızları var.
 
Məni rəqsə dəvət etdi və...
 
Hər ikisi uzun illər "Amway” (Amvey) şirkətinin üzvü olsalar da, bir-birlərindən xəbərləri olmayıb. 2011-ci ilin sentyabrında sözügedən şirkət ən yaxşı işçiləri Kiyevə  səyahətə apararkən, ilk dəfə bir-birlərini görürlər: "Musa tək oturmuşdu. Yaxınlaşıb xahiş etdim ki, mümkünsə, yerimizi dəyişək. Çünki mən rəfiqəmlə birlikdə oturmaq istəyirdim, iki nəfərlik uyğun yer də ora idi. İlk baxışda sevgi, yaxud türklər demiş "çarpılma” olmadı. Bir insan kimi yol boyu xoş təsir bağışladı. Qayıdandan sonra münasibəti sosial şəbəkələrdə davam etdirdik. Üç ay müddətində aramızda sırf dost münasibətləri oldu. Dekabrda çalışdığımız şirkətin yeni il şənliyində qarşılaşdıq və bu tədbirdən sonra münasibətlərimiz dostluqdan çıxdı. Məni rəqsə dəvət etdi və ondan sonra dostluq münasibətləri sevgi münasibətləri ilə əvəzləndi. Musanın imanlı olmağı məni "hə” deməyə vadar etdi”.
Musa deyir ki, öncə Xəyalənin sakit və müşahidəçi olduğunu hiss edib: "Onu fərqləndirən ilk xüsusiyyət bu oldu. Ünsiyyət qurduqda gördüm ki, insanları düzgün təhlil edə bilir, yerində susmağı, səbir etməyi, lazım gəldikdə isə qorxmadan mərdcəsinə sözünü deməyi bacarır. Əslində məni özünə cəlb edən xüsusiyyətləri çoxdur. Amma ilk olaraq sadaladıqlarım xüsusiyyətləri məni cəlb etdi və ona evlənmək təklifi etdim”.
 

 
"Evlənənə kimi bunlardan xəbərsiz idim”
 
Amma evlənəndən sonra Xəyalənin "sürpriz” xasiyyətləri ilə də rastlaşdığını etiraf edir: "Evlilikdən sonra məlum oldu ki, Xəyalə səbirsiz və çox küsəyəndir. Evlənənə kimi bunlardan xəbərsiz idim (gülür – L.M.) . Amma təbii ki, bunlarla da yaşamaq olar”.
Xəyalə isə evlənəndən bir xeyli sonra Musanın hərdən aqressiv, əsəbi olduğunu aydınlaşdırır: "Əvvəllər daha çox pozitiv və şən idi. Düşünürəm ki, onda yaranan aqressiya işinin xüsusiyyətlərindən irəli gəlir”.
Musada dəyişmək istədiyi xasiyyətlərə gəlincə, Xəyalə deyir ki, ömür-gün yoldaşının tənqidə açıq olmasını, səhvini üzünə deyəndə qəbul etməsini istərdi: "Çox nadir hallarda səhvini qəbul edir, özünə bəraət qazandırmır. Musanı olduğu kimi qəbul etsəm də, sadaladığım xüsusiyyətlərini dəyişməsini arzu edərdim”.
 

 
"Heç vaxt üz-üzə dava etməmişik”
 
"Çəkişməsən, bərkişməzsən” deyirlər. Xəyalənin fikrincə, əsas odur ki, arada hörmət itməsin: "Biz adətən "sən mənə sifət etdin”, "mənim sözümü kəsdin” və s. kimi xırda məsələlərin üstündə mübahisə edirik. Özü də davalarımız adətən "vatsap”da başlayır və orada da bitir (gülür – L.M.). Heç vaxt üz-üzə dava etməmişik, çünki o, özündən tez çıxır. Mən isə həmişə sakit qalmağa çalışıram. Bu baxımdan Musa həmişə "od”, mən "su” oluram. Bilirəm ki, Musa beş dəqiqə sonra peşman olur və üzr istəyir. Bəlkə bunu bilməsəm, mən də özümü saxlamayıb qarşılıq verərəm, bu da pis nəticələnər, ən azı, arada hörmət itər. Hörmət itdisə, məncə, təkcə sevgi işə yaramır”.
Musa etiraf edir ki, mübahisə zamanı "od” da, "su” da olub: "Əsas odur, sudan quru, oddan yanmamış çıxa bilmişik. Məncə, ailədə sevgi, etibar, inam, güvən və ən əsası qarşılıqlı hörmət varsa, tərəflər bir-birinə güzəştə gedəcək”.
 
 

"Kişinin ev işi görməyini heç sevmirəm, amma...”
 
Kişilərin ev işlərinə kömək etməməsi bizim xanımlarımızın yaralı yeridir. Amma Xəyalənin bu baxımdan narazılığı yoxdur: "Musa həmişə mənə kömək edib. Onun uşaqla vaxt keçirməsi mənim üçün ən böyük köməkdir. Etiraf edim ki, kişinin ev işi görməyini heç sevmirəm. Amma sağ olsun, məcbur qalanda, köməyini əsirgəməyib”.
Musanın fikrincə, əgər bir qadın əlindən gələni edib öz həyat yoldaşına, ailələrinə ruzi qazanmaqda yardım edirsə, niyə kişi xanımına ev işlərində kömək etməməlidir: "Uşaqlara gəlincə, oğlum mənə çox bağlıdır. Mən də nəinki öz övladlarımı, ümumiyyətlə, bütün uşaqları və onlarla oynamağı sevirəm. Bu, mənə zövq verir”.
Azərbaycan ailələrində adətən taleyüklü məsələlərdə kişilər qərarı tək verir. Musanın fikrincə isə hər bir məsələdə qarşılıqlı razılıq olmalıdır: "Çox olub ki, Xəyalənin sözünə qulaq asmamışam və buna görə peşman olmuşam. Bunun əksi də baş verib. Amma yenə də düşünürəm ki, önəmli olan qadının, ya  kişinin fikrinin keçməsi deyil. Önəmli olan keçən sözün haqlı və düzgün olmasıdır”.

 
 
"Ata ən azı, ananın dediyinin əksini deməməlidir”
 
Qeyd etdiyimiz kimi, həmsöhbətlərimizin ailəsində iki uşaq tərbiyə alır. Uşaqların tərbiyəsi ilə əksər ailələrdə olduğu kimi, anaları məşğul olur: "Məncə, uşaqların tərbiyəsi daha çox anaların üzərindədir. Çünki uşaqla daha çox analar ünsiyyətdə olur. Düzdür, atanın üzərinə düşən vəzifələr də var. Ən azı ananın dediyinin əksini  deməməlidirlər. Qız hələ ki balacadır, amma oğlumu davranışına görə çoxları tərifləyir. Demək, düzgün tərbiyə verə bilmişik. Düzdür, dəyişmək istədiyim bəzi cəhətləri var, amma tədricən onları da düzəldəcəyinə inanıram. Məncə, uşağın tərbiyəsi həm də ata-ananın bir-biri ilə münasibətindən, evdə gedən söhbətlərdən, evə gələnlərə olan münasibətdən asılıdır. Uşaqla nə qədər çox ünsiyyət olarsa, ona nəsə izah edilərsə, uşaq da o yöndə formalaşar”.
 

 
Qız öz ailəsinə, oğlan öz ailəsinə hesabat verirsə...
 
Müsahiblərimizlə ailələrinin xoşbəxtlik formulu barədə də danışdıq. Xəyalə deyir ki, ailənin xoşbəxtliyi qarşılıqlı hörmət, sevgi, sədaqətdən asılıdır: "Həyat yoldaşı olmazdan öncə yaxşı dost olmağı bacarmaq, məsləhətləşmək, bir-birinin fikrinə, seçiminə hörmətlə yanaşmaq lazımdır. Biz sevgilidən öncə dost olmuşuq, bir-birimizi kişi-qadın sevgisindən əvvəl dost kimi sevmişik. Məncə, bu, önəmlidir. Hər iki tərəf ilk növbədə bir-birlərinə hörmət etməlidir. Zarafatlarının belə həddi olmalıdır. Bəzi ailələrdə cütlüklərin bir-birinə zarafatla "uzunqulaq” deməsini görəndə təəccüblənirəm. Mənə görə, bu, zarafat yox, tərəflər arasında hörmətin olmaması deməkdir. Zarafat da dozasında olmalıdır, yaxşı münasibətdə də, dava-dalaşda da hörməti aradan götürməmək lazımdır. Bir də ailə başçıları, valideynlərini, kənar şəxsləri öz aralarında olan mübahisələrdən, problemlərdən uzaq tutmalıdır. Qız öz ailəsinə, oğlan öz ailəsinə hesabat verirsə, o ailədən ailə olmayacağına, hansısa formada tərəflər arasında narazılıq yaranacağına əminəm. Biz şükür ki, müqəddəs sayılan ailəmizi bir arada saxlamaq üçün bunu bacarırıq, ona görə hər şey yaxşıdır”.
Musa üçün də ailə müqəddəsdir: "Ailə mənim qibləm, mənim yaşama səbəbimdir.  Ailə heç vaxt üz çevirib gedə bilməyəcəyin yerdir. Ailə geri dönüşü olmayan bir yoldur. Sən narazı oldun, razı oldun, fərq etməz. Ailə, ailədir. Ailə uğuruna hər şey qurban verilə bilər. Ailə qarşısında hər şey acizdir. Qürur da... Ailə ola bilmək budur, məncə”.
Lalə MUSAQIZI
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001