• cümə axşamı, 18 aprel, 07:38
  • Baku Bakı 12°C

QHT və qrant haqqında qanunlara edilən düzəlişlər zərurət kimi qiymətləndirilir

20.11.14 10:22 1331
QHT və qrant haqqında qanunlara edilən düzəlişlər zərurət kimi qiymətləndirilir
Ekspertlərin fikrincə, bəzi xarici təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafında deyil, ölkədə sabitliyin, ictimai asayişin pozulmasında daha çox maraqlı görünürlər
Prezident İlham Əliyev noyabrın 15-də “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş, Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə biləcəklər. Qanunda qeyd olunub ki, xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və ya nümayəndəliklərindən qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyi tələb olunacaq. Donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Bu dəyişikliklərin yaranma zərurəti, əhəmiyyəti, QHT sektoruna təsiri barədə mətbuata müsahibə verən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov son dövrlərdə QHT-lərlə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların və mövcud qanunvericiliyə dəyişikliklərin iki məqsədə xidmət etdiyini bildirib. Şöbə müdiri Azərbaycanda fəaliyyət göstərən QHT-lərin heç də hamısının fəaliyyətinin şəffaf olmadığını vurğulayıb. O, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən QHT-lərinin filial və nümayəndəliklərinin də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verdiklərini söyləyib. PA rəsmisi Azərbaycanın və bəzi qonşu ölkələrin təcrübəsinə istinad edərək onu da əlavə edib ki, bir sıra QHT-lər donorlarından qrantlar və digər vəsaitlər almaqla heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər. F.Ələsgərovun fikrincə, bəzi hallarda xarici donorlar müəyyən təşkilatları məqsədli şəkildə maliyyələşdirir və onları ölkə qanunlarını, sabitliyi kobud surətdə pozan qanunsuz fəaliyyətə sövq edirlər.
Bununla bağlı qəzetimizə açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Azərbaycan qanunlarında əvvəllər QHT-lərlə bağlı boşluqların olduğunu, mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsini bir çox insanların öncədən istədiyini bildirib. Qeyd edib ki, dövlət başçısının sərəncamla təsdiq etdiyi daha təkmil qanun çoxlarının ürəyincə olmalıdır. Onun sözlərinə görə, qanunda əsas məqamlardan biri şəffaflıq məsələsidir: “Şəffaflıq istiqamətində addımların atılmasında dövlətlə bərabər, QHT-lərin özləri də maraqlı olmalıdırlar. Hər bir səmimi, dürüst, faydalı qurum, o cümlədən bu cür fəaliyyət göstərmək istəyən QHT-lər də şəffaflıqda maraqlı olmalıdırlar. Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ictimai-siyasi proseslər zamanı QHT-lər çalışmalıdırlar ki, hər hansı sapmalarda, qanunsuzluqlarda onların adları hallandırılmasın. Ancaq təəssüf ki, bəzən ictimai sektor təmsilçilərinin timsalında başqa bir mənzərənin şahidi oluruq. Bəzi QHT-lər dövlətlə təmaslarda maraqlı görünmür, daha çox xarici qüvvələrin maraqlarını ölkəmizdə tətbiq etməyə çalışırlar. Həmin QHT-lərə maliyyə yardımı edən, qrant, ianə ayıran xarici təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafında deyil, ölkədə sabitliyin, ictimai asayişin pozulmasında daha çox maraqlı görünürlər. Bəzi xarici təşkilatlar var ki, Azərbaycanda yalnız ictimai sektoru qarışdırmağa, ölkənin maraqlarını satmağa hazır olan QHT-lərə daha çox dəstək verirlər. Həmin xarici təşkilatlar nədənsə müstəqil fəaliyyət göstərən, normal layihələr reallaşdıran QHT-lərə analoji maliyyə yardımını etmir, qrant ayırmırlar. Bir çox hallarda həmin xarici təşkilatlar radikal müxalifətin sanki təmsilçisi kimi də çıxış edirlər. Hazırda Azərbaycan dövləti mövcud qanunvericiliklərə əlavə və düzəlişlər etməklə, şəffaflığın təmin olunmasını, milli və dövlətçilik maraqlarına zidd fəaliyyətin qarşısının alınmasını, bəzi QHT-lərin qaranlıq fəaliyyətinin aydınlaşdırılmasını istəyir. Çünki Azərbaycanın maraqlarının təhlükəyə yuvarlanmasına heç bir halda göz yummaq, buna seyrçi qalmaq olmaz”.
Millət vəkili Sahib Alıyev Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun QHT-lərlə bağlı müsahibəsində söylədiyi faktların onun da diqqətini çəkdiyini bildirib. Onun sözlərinə görə, faktlardan aydın olur ki, bəzi xarici təşkilatların yerli QHT-lərə qrant ayırmasında məqsəd Azərbaycanda qarışıqlıq salmaq, Konstitusiya quruluşunu sarsıtmaq və sair kimi dövlətçiliyimizi təhdid edən məsələlərin reallaşdırılması istəyidir: “Sən demə, cəmi 38 min adamın yaşadığı cırtdan dövlət olan Lixtenşteyn Knyazlığının “Açıq Cəmiyyət” İnstitutunun Yardım Fondu adını QHT qoyub ancaq “5-ci kalon” rolunu oynayanlara nə az nə çox düz 7,6 milyon manat qrant veribmiş. Elə də böyük büdcəsi olmayan, onun da 10 faizi poçt markalarının satılması hesabına formalaşan bir ölkənin bu qədər pulu bizimkilərə ötürməkdə marağı nə ola bilərdi, görəsən? Bəlkə, həmin pullar heç o knyazlığınkı deyil. Axı həm də Avropada çirkli pulların yuyulması məskənlərindən biri kimi tanınır həmin Lixtenşteyn. Yəqin çirkli pulları yuyan və yudurdanların çirkli məqsədləri üçün verildiyindəndir ki, bizdə onu alanlar bunun çoxunu qeydiyyatdan keçirməyiblər. Niyə keçirməyiblər? Aydındır niyə, Azərbaycanda qarışıqlıq salmaq, Konstitusiya quruluşunu sarsıtmaq və sair kimi dövlətçiliyimizi təhdid edən məsələlərin reallaşdırılması üçün xərclənməsi nəzərdə tutulurdu, o üzdən. Təbii ki, bir çox “qrant akulaları” burada tamahlarını saxlamayıb yeyintiyə də yol veriblər. Qərbdə bu cür adamları bilirsiniz nə edirlər, kobud desək, anındaca tutub dama basırlar. Onda adam soruşmaq istəyir ki, əcaba, nədən özləri QHT rəhbərlərini maliyyə fırıldağına yol verəndə tuturlar, amma biz də eyni addımı atanda insan haqları deyərək bar-bar bağırırlar”.
Millət vəkilinin sözlərinə görə, ölkə başçısının qrant və QHT haqında qanunlara edilən düzəlişləri təsdiqləməsi onu göstərir ki, Azərbaycan dövləti kimin nə deməsindən asılı olmayaraq, bu sahədə də şəffaflığın təmin olunması üçün nə lazımdırsa onu da edəcək: “Hansısa bir dövlətin bu yolla ancaq öz maraqlarına xidmət edən, yəni “5-ci kalon” funksiyasını yerinə yetirən təzyiq və təsir qüvvəsini formalaşdırıb, sonra da ölkəmizdə onlardan qarışıqlıq salmaq üçün faydalanmalarına yol verilməyəcək. Burada qeyri-adi heç nə yoxdur. Belə bir addımla biz Amerika-filan açmırıq. Elə həmin Amerikada bu baxımdan qanunlar bizdəkindən daha sərtdir. Özü də 1937-ci ildə qəbul edilmiş bu qanunun maraqlı adı var - “Əcnəbi agentlər haqqında”. Bəli, Amerikada QHT-lərin qeydiyyatı və qrant verilməsi məsələsi “Əcnəbi agentlər haqqında” qanunla tənzimlənir. Və vay o günə ki, orada QHT yaratmaq istəyən kimsə qeydiyyatdan keçmək istəməyə və yaxud da fəaliyyəti haqqında hesabat verməyə. Anındaca məsuliyyətə cəlb ediləsidirlər. Onların fəaliyyətini isə Amerikanın Ədliyyə Nazirliyindəki iki kəşfiyyat strukturu yoxlayır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər