• cümə, 29 Mart, 19:28
  • Baku Bakı 14°C

QHT rəhbərləri vətəndaşları sabitliyi qorumağa yönəlik addımları dəstəkləməyə çağırır

10.07.18 17:14 875
QHT rəhbərləri vətəndaşları sabitliyi qorumağa yönəlik addımları dəstəkləməyə çağırır
Radikal müxalifət düşərgəsi və xarici emissarlarının nəzarətində olan "siyasi mühacirlər” hər məqamda Azərbaycan daxilində sabitliyin pozulmasına cəhd göstərirlər. Bu antimilli qüvvələr Gəncədə baş verən son cinayət hadisəsi ətrafında da ajiotaj yaradaraq vətəndaş itaətsizliyini körükləməyə çalışırlar. Halbuki bu cinayət hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir və mütəmadi olaraq ictimaiyyət məlumatlandırılır. Buna baxmayaraq, ölkədəki sabitliyə yönəlik cəhdlər, müxtəlif antikonstitusion çağırışlar edilir.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirdi ki, Gəncədə baş verən hadisələrlə bağlı cəmiyyətdə bir narahatçılıq var: "Lakin bundan radikal müxalifət və xaricdə bəlli mərkəzlərin təsiri altında olan, özünü "siyasi mühacir” adlandıranlar sui-istifadə etməyə cəhd edirlər. Onlar cinayət hadisəsini müxtəlif yerlərə yozmağa çalışırlar. Dərindən nəzər yetirdikdə görürük ki, Azərbaycan əleyhinə olan radikal dindar dairələr də bu istiqamətdə fəaliyyət göstərirlər. Bununla da ölkədə xaosu, vətəndaş itaətsizliyini təşviq edirlər. Təbii ki, bu, yolverilməzdir. Həmin qüvvələr hər zaman xırdalı, böyüklü bu kimi hadisələrdən istifadə ediblər, lakin cəhdləri boşa çıxıb. Hədəf kimi Gəncənin seçilməsi də təsadüfi deyil. Çünki Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Onu qeyd edim ki, tək Gəncədə deyil, ölkənin bütün bölgələrində inanc azadlığı təmin olunub. Son günlər müşahidə olunanlarda isə məqsəd dini motivdən istifadə edərək Azərbaycanda xaos yaratmaq, vətəndaş itaətsizliyinə təşviq etmək və ölkəmizi xoşagəlməz hadisələrə sövq etməkdir. Avropada olan erməni meylli qüvvələr, antimilli ünsürlər isə bundan sui-istifadə etməyə çalışırlar”.

Ə.Şahidov vurğuladı ki, sosial şəbəkələrdə müəyyən saxta profillərlə, adlarla təxribata təhrik edənlərin əksəriyyəti Avropada yaşayan və anti-Azərbaycan qüvvələrin təsiri altında olan şəxslərdir: "Onlar bundan əvvəl baş verən hadisələr zamanı da bu kimi təxribatlara cəhd edirdilər. Məhz elektrik enerjisinin kəsilməsi və Gəncə hadisələri onlara növbəti "şans” vermiş oldu ki, Azərbaycana qarşı bir savaşı açsınlar. Amma dövlətimiz kifayət qədər sərt və ciddi addımlar atır. Vətənini, dövlətini sevən insanlar, xüsusilə gənclər sosial şəbəkələrdə öz fikirlərini ifadə edirlər. Onlar Azərbaycanda terrora yer olmadığını və ölkəmizi terrora sürükləmək istəyən qüvvələrə şans verilməyəcəyini açıq şəkildə bildirirlər. Hesab edirəm ki, bu kimi təxribat xarakterli çağırışlar edənlər sərt şəkildə cəzalandırılmalıdır. Onlar bilməlidirlər ki, Azərbaycan hüquqi dövlətdir və qanunlara zidd addımlar atıla bilməz.
Vətəndaş cəmiyyəti olaraq, biz də Azərbaycanda sabitliyi qorunmağa yönəlik addımları dəstəkləməyə çağırırıq. Düşünürük ki, Azərbaycan tolerant, multikultural ölkədir, burada zor gücünə heç bir addım atıla bilməz”.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, "Sağlam İnkişaf” İctimai Birliyinin sədri Anar Xəlilov bildirdi ki, Gəncədə baş verən cinayət hadisəsidir: "Bu hadisənin mahiyyəti hüquq-mühafizə orqanları tərəfindən tam araşdırılır. Lakin bəzi qüvvələr bundan istifadə edərək, ölkədə sabitliyi pozmağa cəhd göstərir. Məsələnin mahiyyətindən xəbəri olmayan insanlar sosial şəbəkələrdə özlərinin rəylərini qəbul etdirməyə çalışırlar. Hesab edirəm ki, bu məsələdə anti-Azərbaycan qüvvələrin də rolu var. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizə qarşı bu qüvvələrin əlində vasitəyə çevrilən, özlərini "siyasi mühacir” adlandıranlar daha çox canfəşanlıq edirlər. Onlar bu kimi məsələlərdən istifadə etməyə çalışırlar və cinayət törətmiş şəxsin "qəhrəman” obrazını yaratmağa cəhd göstərirlər. Eyni zamanda radikal müxalifət təmsilçiləri də hadisə ilə bağlı müxtəlif yanlış iddialar səsləndirilir, təqsirkar şəxsi qəhrəman kimi təqdim edirlər və s. Bütün bunlar avantürist çıxışlardır. Bu kimi addımlar Azərbaycan əleyhinə olan qüvvələrin ölkəmizə qarşı hazırladığı planın tərkib hissəsidir. Azərbaycan xalqı belə təxribatlara uymur və prezidentinə etimad göstərir”.
A.Xəlilov qeyd etdi ki, bu gün Azərbaycandakı sabitlik ölkəmizə qarşı olan mərkəzləri, antimilli qüvvələri narahat edir: "Bu baxımdan da ölkədə hər hansı bir hadisə baş verdikdə ajiotaj yaratmağa çalışırlar. Onların bu addımlarının sonda heç bir nəticəsi olmayacaq. Yenə də qanunun aliliyi, haqq-ədalət öz yerini tapacaq. Belə insanlar isə ifşa olunub. Hesab edirəm ki, Gəncə hadisələri ilə bağlı təxribat xarakterli çıxışlar edənlər, cəmiyyətə yalan danışanlar da ifşa olunacaqlar. Hüquq-mühafizə orqanları baş vermiş cinayət hadisəsi ilə bağlı məsələnin əsl mahiyyətini ortaya qoyacaq və cinayətkar cəzalanacaq. Azərbaycanda təxribat, xaos yaradan qüvvələr həmişə olduğu kimi, bu dəfə də iflasa uğrayacaqdır. Sosial şəbəkələrdə edilən təxribatçı çağırışlara Azərbaycan xalqı əhəmiyyət vermir. Əksinə, bu cür çağırışlar ölkə vətəndaşlarında ikrah doğurur. Çünki cəmiyyət başa düşür ki, burada cinayət hadisəsi baş verib. Mahiyyətindən asılı olmayaraq, cinayət hadisəsini alqışlamaq, cinayətkardan hər hansı "qəhrəman” obrazı yaratmaq yolverilməzdir. Fikrimcə, ölkə qanunlarının əleyhinə gedən təxribatçılar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilib, ən sərt qaydada cəzalandırılmalıdır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər