• cümə, 29 Mart, 17:10
  • Baku Bakı 14°C

QHT-lərin xarici donorlara ehtiyacı qalmayıb

17.09.14 13:47 1047
QHT-lərin xarici donorlara ehtiyacı qalmayıb
Bu günlərdə QHT-lərin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydaların bir qədər də sərtləşdirilməsi təklif olunub. Bununla bağlı olaraq qanuna bir sıra əlavələr edilir. Bildirilir ki, bundan sonra Azərbaycanda fəaliyyət göstərən xarici QHT nümayəndəliyi və ya filialın rəhbəri öz müavini barədə ətraflı məlumat verməklə yanaşı, ona verilmiş tapşırıqlar, göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə, təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq icra orqanına təqdim etməlidir. Bu və bundan öncə QHT-lər haqda qanuna edilən dəyişiklik, üçüncü sektorun durumu, aparılan islahatlarla bağlı geniş müzakirələr aparılmaqdadır. Qanunvericiliyə edilən dəyişikliklər, şəffaflığın artırılması ilə bağlı görülən işlər bəzi vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığına səbəb olub. Xüsusilə, xaricdən maliyyələşən QHT-lər bu mövzularda kəskin mövqe sərgiləyərək ciddi-cəhdlə dəyişikliyin əleyhinə çıxırlar. Halbuki unudulmamalıdır ki, QHT qanunvericiliyinə edilən dəyişikliklər, atılan addımlar yaranmış yeni situasiyanın nəticəsindən irəli gələn qərarlardır. Əslində, yeni qanun layihəsində qəliz nə isə yoxdur. Əgər xarici donorlar QHT-lərə qrant ayırmaq istəyirlərsə, bunu qanunvericiliyin tələbləri çərçivəsində də edə bilərlər. Məsələ burasındadır ki, artıq Azərbaycan özü yetərincə maliyyə imkanları olan dövlətdir və ölkə daxilində fəaliyyət göstərən QHT-lər üçün kənardan hər hansı vəsaitin göndərilməsinə ehtiyac yoxdur. Sirr deyil ki, xaricdən qrant ayıranlar burada maraqlarının təmin olunmasına çalışırlar. Təbii olaraq, qrantlar da daha çox maraqlarında olan mövzular üzrə verilir. Belə olan halda, nəyə görə Azərbaycan dövləti öz maraqlarını arxa plana keçirməlidir və ya nəzərə almamalıdır? Dövlət üçün əhəmiyyətli olan məsələlərin qanunvericiliklə təmin olunması mühüm şərtdir ki, hazırda görülən işlər də bu istiqamətdədir. Ölkə qanunlara hörmət etmək isə hamının borcudur.
Məlumdur ki, müstəqilliyin əldə olunduğu, dövlətin qurulduğu ilk onillikdə ölkənin maliyyə imkanları zəif idi və həmin dövrdə QHT-lər xaricdən gələn pullar hesabına maliyyələşirdilər. Daha dəqiq desək, onlar buna məcbur idilər. Çünki dövlətin QHT-ləri üçün donor kimi çıxış etmək imkanları yox idi. Amma artıq ölkəmiz o mərhələni keçib və vətəndaş cəmiyyətinin inkişafı üçün lazım olan məbləği özü qarşılamaq imkanındadır. Görünən odur ki, bir qrup şəxsdə belə rəy formalaşıb ki, ölkədəki QHT-lər yalnız xaricdən gələn pullar əsasında fəaliyyətini qura bilər. Halbuki bunun hansı nəticə verdiyi bir çoxlarına məlumdur. Pullar xaricdən gəldiyi zaman QHT-lər maliyyələşdikləri mənbənin əlaltısına çevrilir, onların diktəsi ilə hərəkət edir, xarici qüvvələrin maraqlarını müdafiə etmək məcburiyyətində qalırlar. Xarici donorların pulları özlərinə yaxın bildiklərinə ayırdıqları haqda da saysız-hesabsız fakt var. Son olaylardan biri, bir neçə ay öncə yaşanan məsələni xatırladaq. Belə ki, USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün çox iri həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etmişdi. Qrantın ayrılmasında bir çoxlarının narazılığına səbəb olan məqam həm elan müddətinin çox az olması, həm də bu barədə məlumatın media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunmaması idi. Belə ki, bu layihə haqda heç bir media qurumuna məlumat verilməmişdi. Hətta bu cür məlumatlar da gəzirdi ki, USAID-in Azərbaycandakı ofisi bu elan barədə əvvəlcədən yalnız Qərb yönlü bir neçə təşkilata məlumat verib.
Bütün bu məqamlar bir daha ortaya qoydu ki, vətəndaş cəmiyyəti ilə çalışmaqda dövlət özü maraqlı olmalı, bu sahənin inkişafı üçün həmin qurumlarla qarşılıqlı fəaliyyət qurmalıdır. Son zamanlar müzakirə obyektinə çevrilən qərarlar da məhz bu kimi problemlərin aradan qaldırılmasına hesablanıb. Yeni tələblərə görə, ölkədə fəaliyyət göstərən QHT-lərin xarici donorlardan asılılığı azalacaq, bu isə onları başqa ölkələrin istəklərini reallaşdıran təsisat olmaqdan qoruyacaq. Onu da qeyd edək ki, son vaxtlar ölkədə yaşanan müəyyən neqativ məqamlar göstərdi ki, xarici qüvvələrin diktəsilə hərəkət etmək hər hansı təşkilatı, qurumu deyil, bütövlükdə ölkənin təhlükəsizliyini sual altına qoyur. Təsadüfi deyil ki, hazırda bir neçə şəxsin dövlət maraqlarını satması ilə bağlı istintaq prosesi gedir. Bu nüansları nəzərə aldıqda, müsbət məqam kimi qeyd olunmalıdır ki, artıq ölkədə QHT-lərin maliyyələşməsi üçün bir neçə mənbə var. İlk olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti qeyd olunmalıdır. Onu da deyək ki, Şuraya ayrılan pulların məbləği ildən-ilə artırılır. Bundan əlavə, Prezident yanında Gənclər Fondu, Bilik Fondunun da adı çəkilməlidir.
Belə qurumların, fondların yaradılması bir daha göstərir ki, Azərbaycan artıq böyük maliyyə imkanlarına malik dövlətdir və dövlətin öz vətəndaş cəmiyyəti təsisatlarını maliyyələşdirmək üçün imkanları kifayət qədərdir. Bu isə vətəndaş cəmiyyətinin inkişafına, onların başqa ölkənin deyil, öz dövlətinin maraqları istiqamətində fəaliyyət qurmasına imkan verən məqamdır.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər