• cümə, 26 Aprel, 16:38
  • Baku Bakı 23°C

“QHT-lərin fəaliyyətindəki iqtisadi baza öz təyinatına uyğun xərclənməlidir”

19.11.14 16:16 1035
“QHT-lərin fəaliyyətindəki iqtisadi baza öz təyinatına uyğun xərclənməlidir”
“Azərbaycan qanunlarında QHT-lərlə bağlı boşluqların olduğunu, mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsini bir çox insanlar öncədən istəyirdi. Ona görə də dövlət başçısının sərəncamla təsdiq etdiyi daha təkmil Qanun çoxlarının ürəyincə olmalıdır”.
Bu barədə Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Prezident İlham Əliyevin “Qrant haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanunu təsdiq etməsinə münasibət bildirərkən deyib. O, “Kaspi”yə açıqlamasında “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununlarda əsas məqamlardan birinin şəffaflıq olduğunu bildirib. Qeyd edib ki, şəffaflıq istiqamətində addımların atılmasında dövlətlə bərabər, QHT-lərin özləri də maraqlı olmalıdırlar: “Hər bir səmimi, dürüst, faydalı qurum, o cümlədən bu cür fəaliyyət göstərmək istəyən QHT-lər də şəffaflıqda maraqlı olmalıdırlar. Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ictimai-siyasi proseslər zamanı QHT-lər çalışmalıdırlar ki, hər hansı sapmalarda, qanunsuzluqlarda onların adları hallandırılmasın. Ancaq təəssüf ki, bəzən ictimai sektor təmsilçilərinin timsalında başqa bir mənzərənin şahidi oluruq. Bəzi QHT-lər dövlətlə təmaslarda maraqlı görünmür, daha çox xarici qüvvələrin maraqlarını ölkəmizdə tətbiq etməyə çalışırlar. Həmin QHT-lərə maliyyə yardımı edən, qrant, ianə ayıran xarici təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafında deyil, ölkədə sabitliyin, ictimai asayişin pozulmasında daha çox maraqlı görünürlər”.
E.Musayev Azərbaycanda yalnız ictimai sektoru qarışdırmağa, ölkənin maraqlarını satmağa hazır olan QHT-lərin olmasına da diqqət çəkərək, bəzi xarici təşkilatların ancaq həmin QHT-lərə dəstək verdiyini vurğulayıb. Deyib ki, həmin xarici təşkilatlar nədənsə müstəqil fəaliyyət göstərən, normal layihələr reallaşdıran QHT-lərə anoloji maliyyə yardımını etmir, qrant ayırmırlar: “Bir çox hallarda həmin xarici təşkilatlar radikal müxalifətin sanki təmsilçisi kimi də çıxış edirlər. Baxın, Leyla Yunus vergidən yayınmaqda, dələduzluqda təqsirli bilinir. Yaxud, “Meydan TV” kimi fəaliyyət göstərən bir media qurumu bütün fəaliyyətini Azərbaycan əleyhinə təbliğata həsr edib. Həmin quruma məhz bu cür fəaliyyət üçün yüz minlərlə maliyyə vəsaiti ayrılıb. Hazırda Azərbaycan dövləti mövcud qanunlara əlavə və düzəlişlər etməklə, şəffaflığın təmin olunmasını, milli və dövlətçilik maraqlarına zidd fəaliyyətin qarşısının alınmasını, bəzi QHT-lərin qaranlıq fəaliyyətinin aydınlaşdırılmasını istəyir. Azərbaycanın maraqlarının təhlükəyə yuvarlanmasına heç bir halda göz yummaq, buna seyrçi qalmaq olmaz. Bu mənada, Administrasiyanın şöbə müdiri, hörmətli Fuad Ələsgərovun mətbuata verdiyi müsahibəsində irəli sürdüyü fikirlərlə razılaşıram və mən də hesab edirəm ki, yol verilən nöqsanların aradan qaldırılması üçün dövlətlə QHT-lərin sadələşdirilmiş formada əlaqələri olmalıdır. QHT-lərin fəaliyyətindəki iqtisadi baza öz təyinatına uyğun xərclənməlidir”.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 15-də “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununlarda dəyişikliklər edilməsi barədə Qanunları təsdiq edib. Dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş, Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə biləcəklər. Qanunda qeyd olunub ki, xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və ya nümayəndəliklərindən qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyi tələb olunacaq. Donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Əlavələrə əsasən, Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər