• cümə, 29 Mart, 17:04
  • Baku Bakı 14°C

QHT-lərə Dövlət Dəstəyi Şurası yeni xidmətlər tətbiq edəcək

28.11.18 17:45 699
QHT-lərə Dövlət Dəstəyi Şurası yeni xidmətlər tətbiq edəcək
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu ildən etibarən yeni xidmətlər tətbiq edəcək.
Trend-in məlumatına görə, bunu Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 450-dən çox QHT-nin iştirakı ilə keçirilən ictimai dinləmədə deyib.
A.Quliyev qeyd edib ki, "Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi” proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Onun sözlərinə görə, bu proqram, ekspertlərlə yanaşı, müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində ölkənin bütün vətəndaşlarına bilavasitə iştirak etmək imkanı yaradacaq.
Şura sədri bildirib ki, təqdim edilən ikinci yenilik - müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidmətidir. O qeyd edib ki, təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır.
A.Quliyev vurğulayıb ki, layihələrin idarə edilməsi və e-hesabat proqramı Şuranın təqdim etdiyi növbəti yenilikdir: "Əslində, Şura tərəfindən 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə e-hesabat proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Lakin Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edirdi. Buna görə 2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə "Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram tətbiq ediləcək”.
Millət vəkili qeyd edib ki, Şuranın təklif etdiyi növbəti önəmli və böyük yeniliklərdən biri "QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi” proqramıdır: "Bəlli olduğu kimi, hazırda QHT-lərin hesabatlarında bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və hesabatların vaxtında təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur. Bu səbəbdən QHT hesabatlılığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlılıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər.
Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:
"5 iş günündən – 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir; 16 iş günündən – 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir; 31 iş günündən – 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir; 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür”.
Şura sədri vurğulayıb ki, "Konsultativ dəstək üzrə onlayn xidmət” Şuranın növbəti ildən tətbiq edəcəyi yenilikdir. Onun sözlərinə görə, Şura 2019-cu ildən etibarən layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulması, QHT-lərin təsis sənədlərinin hazırlanması, QHT-lərin idarə olunması və QHT fəaliyyətinə aid olan digər mövzular üzrə konsultativ xidməti onlayn formada təşkil edəcək.
Bununla yanaşı, konsultativ xidmətin mövzuları QHT-lərin istək və təklifləri əsasında da müəyyən ediləcək. Bu xidmət Şuranın rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq və müzakirələrin interaktivliyi təmin ediləcək.
A.Quliyevin sözlərinə görə, yeniliklərdən biri də QHTinnovasiya.az saytının yaradılmasıdır. Onun sözlərinə görə, bu saytın yaradılmasında məqsəd QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmaların aradan qaldırılması, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etmək və yeni kadr hazırlığını həyata keçirmək, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etmək və digər səbəblərdir. Saytın strukturu əsasən İdeya bankı, Kadr bankı, Könüllü bankı, Ekspert bankı və Təlim Bankı bölmələrindən ibarət olacaq.
Deputat əlavə edib ki, Şura tərəfindən təklifi olunan növbəti yenilik, QHT təmsilçilərinin, vətəndaşların Apellyasiya komissiyasının iclasında onlayn iştirak imkanını yaratmaqdır: "Məlum olduğu kimi, şəffaflığı və ədalətliliyi təmin etmək üçün Şuranın Apellyasiya komissiyası qrant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır. Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir. Apellyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur. Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apellyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər. Bu səbəbdən Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (videogörüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq”.
A.Quliyev bildirib ki, Şuranın təklif etdiyi sonuncu yenilik "QHT Şurası” mobil tətbiqetmə proqramı haqdadır: "Məlumdur ki, Şuranın ictimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə qurumun cssn.gov.az rəsmi internet saytı, qhtxeber.az informasiya portalı, e-qht.az elektron xidmətlər portalı və eləcə də, Şuranın sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir. Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb. Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir".
banner

Oxşar Xəbərlər