• şənbə, 20 Aprel, 15:15
  • Baku Bakı 23°C

QHT layihələrinin qiymətləndirilməsində yeni mərhələ

29.11.18 18:25 720
QHT layihələrinin qiymətləndirilməsində yeni mərhələ
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu ildən etibarən yeni xidmətlər tətbiq edəcək. Bunu Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 450-dən çox QHT-nin iştirakı ilə keçirilən ictimai dinləmədə deyib. A.Quliyev qeyd edib ki, "Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi” proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Onun sözlərinə görə, bu proqram, ekspertlərlə yanaşı, müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində ölkənin bütün vətəndaşlarına bilavasitə iştirak etmək imkanı yaradacaq. Şura sədri bildirib ki, təqdim edilən ikinci yenilik - müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidmətidir. O qeyd edib ki, təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov bildirdi ki, tətbiq olunan yeniliklər QHT-lərin müsabiqədə iştirakını daha da asanlaşdırır: "Yenilikləri tətbiq etməkdə əsas məqsəd, qalib gələn QHT-lərin layihələri təqdim etməsi və hesabatın verilməsi prosesini daha da asanlaşdırmaqdır. Burada bir sıra yeniliklər nəzərdə tutulub. Sözügedən yeniliklər dinləmədə geniş müzakirə olundu. Bəzi QHT rəhbərlərinin təklifləri nəzərə alındı. Əsas məqsəd elektron resurslardan istifadə etməklə QHT-lərlə katiblik arasında təmasın aradan qaldırılmasıdır. Əvvəllər QHT-lər elektron ərizə ilə müraciət etdikdən sonra müqavilənin bağlanması zamanı da katibliyə müraciət etməli idi. Yeni qaydalara əsasən, bütün bu proseslər elektron formada yazışmalar vasitəsi ilə həyata keçiriləcək. QHT-lər katiblik əməkdaşları ilə razılaşdıqdan sonra müqavilə bağlanan zaman katibliyə gələcək. Edilən dəyişikliklərdən biri də növbəlilik prinsipinin seçilməsi oldu. QHT-lərin sənədləri tam hazır olduqdan sonra rahat şəkildə katibliyə müraciət edərək müqavilə bağlaya biləcəklər. O cümlədən, müsabiqəyə layihələrin təqdim edilməsi qaydalarında da müəyyən yeniliklər tətbiq olunub. QHT-lər yalnız elektron ərizələr vasitəsi ilə sənədlərini təqdim edə biləcəklər. Əvvəllər QHT-lər hər hansı bir sənədi səhv təqdim etdikdə, mərhələdən keçə bilmirdi. İndi isə müsabiqə bitənə qədər QHT-lərə yaranan səhvi düzəltmək şansı verilir. Onlar müddət bitənə qədər elektron qaydada yanlışlığı aradan qaldıra bilir. Bu da bir növ onların işini asanlaşdırmış olacaq. Başqa bir məsələ isə şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Layihələr haqqında ictimai rəy bundan sonra ciddi əhəmiyyət kəsb edəcək. Əgər Şura bu haqda qərar verərsə, elektron layihələrdə ictimai rəy məsələsi nəzərə alınacaq. Bu, şəffaflığın təmin olunması istiqamətində atılan bir addımdır. Ümumilikdə götürdükdə, dövlət başçısının tapşırığına əsasən, şəffaflığın təmin olunması qarşıya qoyulan əsas hədəfdir. Tətbiq olunan yeniliklər QHT-lərin xeyrinədir və müsbət nəticələri olacağını düşünürəm. Çünki rahatlıq prinsipi burada əsas götürülür”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni söylədi ki, yeniliklərin tətbiqində əsas məqsəd şəffaflığın təmin edilməsidir: "QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrinin təşəbbüsü ilə QHT-lər üçün ictimai dinləmələr keçirildi və orada bir sıra yeniliklər təqdim olundu. Bu yeniliklər gələn ildən tətbiq olunacaq. Yeniliklərin əsas mahiyyəti elektron xidmətin tətbiqidir. Bununla da açıq hökumətin təşviqi, elektron xidmətlərin göstərilməsi, şəffaflığın və ictimai nəzarətin artırılması istiqamətində ciddi addımlar atılacaq. Elektron xidmətlərin göstərilməsi nöqteyi-nəzərindən yanaşdıqda, vətəndaş-məmur təmasının sıfıra endirilməsi əsas götürülür. Vətəndaşların iştirakının artırılması, şəffaflığın tam təmin olunması, yeniliklər hər kəs tərəfindən müsbət qarşılandı. Qəbul olunan və dəstək verilən layihələrin vətəndaşların elektron nəzarətində olması və onların öz rəylərini bildirməsi çox önəmlidir. Tətbiq olunan yeniliklər həqiqətən də böyük ictimai hadisədir. Dinləmə zamanı QHT rəhbərləri təklif olunan xidmətlərə dair öz fikirlərini bildirdilər. Elektron xidmətlərin bundan sonra yüksək səviyyədə tətbiqi vətəndaş cəmiyyətinin inkişafına xidmət edəcək. Prezident İlham Əliyev tərəfindən sosial siyasətin bütövlükdə dəyişdirilməsi və sosial müdafiənin gücləndirilməsi istiqamətində böyük islahatlar həyata keçirilir. Həyata keçirilən islahatların fonunda, bu yeniliklərin böyük effektinin olacağını düşünürəm”.
Şəbnəm



banner

Oxşar Xəbərlər