• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

“QHT adı ilə pərdələnib qarşıdurma yaratmaq istəyənlərə imkan verilməyəcək“

16.04.14 14:15 1048
“QHT adı ilə pərdələnib qarşıdurma yaratmaq istəyənlərə imkan verilməyəcək“
"Beynəlxalq aləmdə Corc Soros Fondu kimi qeyri-hökumət təşkilatları var ki, onlar böyük vəsaitlər xərcləyərək bu və ya digər ölkələrdə nüfuz dairələrini genişləndirmək istəyirlər". Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, həmin təşkilatların anatomiyasına baxdıqda, onların fəaliyyətini təhlil etdikdə, bu təşkilatların hansısa sifarişləri, hansısa maraqları yerinə yetirdiyini görərik: "Ona görə də Corc Soros Fondu kimi təşkilatlar faktiki olaraq siyasi sifarişləri yerinə yetirən və siyasi sifarişlərin icraçısı rolunu oynayan qurumlardır. Onlar yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də müxtəlif vasitələrlə öz maraqlarını təmin etməyə çalışırlar. Ona görə də biz cəmiyyətimizi bu cür təşkilatlardan qorumaq üçün Milli Məclisdə haqlı olaraq qanunvericiliyə müvafiq dəyişiklik etmişik".
O qeyd edib ki, Azərbaycan dövləti bütövlükdə QHT-lərin fəaliyyətini dəstəkləyir, Azərbaycanda bununla bağlı dövlət büdcəsində vəsait ayrılır, Azərbaycan QHT-ləri artıq beynəlxalq aləmə çıxıb, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası geniş fəaliyyət göstərir: "Ancaq kimlər bizim ərazimizdə qarşıdurma yaratmaq, hansısa bir dini təmayülü, hansısa cərəyanı həyata keçirmək üçün QHT adı ilə pərdələnirsə, onların fəaliyyəti diqqətə alınmalıdır. Ümumiyyətlə, qanunvericiliyə dəyişikliklər ediləndən sonra həmin təşkilatların fəaliyyəti Azərbaycanda özünə yer tapa bilmir, çünki hər şey şəffaf olmalıdır, maliyyə şəffaflığı və s. məsələlər açıq şəkildə olmalıdır".
Millət vəkili əlavə edib ki, maliyyə şəffaflığını və layihələrinin şəffaflığını həyata keçirə bilməyən təşkilat Azərbaycanda öz qeyri-qanuni əməllərini yerinə yetirə bilməyəcək və çəkilib gedəcək.
banner

Oxşar Xəbərlər