• çərşənbə axşamı, 16 aprel, 09:19
  • Baku Bakı 14°C

Qəzetin əsas ideya xətti zövqləri oxşamaq, maraq və ovqat yaratmaqdır

20.06.14 09:48 1623
Qəzetin əsas ideya xətti zövqləri oxşamaq, maraq və ovqat yaratmaqdır
Jurnalistikada əsas qabiliyyət, yazmaq şəristəsidir. Ən yaxşısı o olardı ki, təhsil elə verilsin həmin jurnalist öz qabiliyyət və bacarığını göstərməklə başqasına nümunə, etalon olsun. Bunun üçün qabiliyyət imtahanı, sınaq müddəti mütləqdir. Səriştə, təcrübə hər sahədə əsas meyardır, mətbuatda nədənsə buna önəm verilmir, burada başqa şərtlər əsasdır, nəinki qələm təcrübəsi, qabiliyyət, bacarıq. Bu, skeptik yanaşma ilə tam razılaşmasam da, burada həqiqi məqamlar var, hər kəsin isə əlində bir əsas olur, bəzən qabiliyyət və bacarıq arxa plana keçir, belə determinist xarakterli düşüncələr öz həqiqi anlamını almasa da, bu cür yanaşmalar istənilən redaksiyalarda “kök atıb”, sayım, fərqlənmək başqa meyarlarla ölçülür. Sarı mətbuat, bulvar qəzetləri, kooperativ qəzetlər, reket qəzetlər... Bu qəzetlərin yalnız adları dəyişir, rəngləri dəyişir, əməlləri dəyişmir, amma bəzən iş-gücə “yarıyanlar” da onlardan olur, iş-güc başına “gətirilənlər” də... Təkcə KİV-də olsaydı nə dərd, belə hallar bütün sahələrdə baş verir, haqq həmişə öz yerini tapmır, ən əsası “əl-əli yuyar, əl də üzü” prinsipi burada da keçərlidir.
Yazar üçün mövzu ögey-doğmalığı həmişə olub, indi də var, yazı ampulası, mövzu ögey-doğmalığı hər qələm adamı üçün şərtsiz qəbul ediləndi, yaradıcılıqda görünən və göstərilən tərəflərdir, o adam barədə söz demək imkanıdı, baş redaktor üçün bu problem yaratmamalıdır, əməkdaşına qarşı ögey-doğmalıq etməməlidir, amma həmin mövzuların işlənməsi, qabiliyyət və bacarıq həmişə diqqətdə saxlanılmalıdır. Baş redaktorun yaradıcı imkanları müsbət çalarda tutulmasa, bu işbirliyi tez pozular, baş redaktor intellekt kimi də erudisiyaya qabil adam olmalıdır. Sonra xarakter məsələsi də önəm daşıyır, abır-həya, əxlaq nizam-tərəzisi pozulanda xarakter baş redaktorun dadına yetir. İşdir, baş redaktorun xarakteri nizamlı olmasa, onda bu səmimi əməkdaşlığa, dayaqlı işbirliyinə öz mənfi təsirini göstərəcək.
Dünənki mövzu qıtlığında sanki bir bolluq, indiki mövzu bolluğunda bir qıtlıq duyulur, dünənki qəzetlərdə nə qədər mövzu qıtlığı olsa da, oxucusunun hiss və duyğularına köklənə bilirdi, müstəqillik illərinin əvvəllərində oxucu marağına cavab verən yazılar daha çox olurdu, üstəgəl mühakimələr, təhlillər, yazma manerası, dəsti -xətt... bu marağa, düşüncəyə kömək edirdi, indi isə oxucu marağı bəzən təmin olunur, amma qələm əhlinin səriştəsizliyi, təqdimatı bu marağın, zövqün formalaşmasına əngəl- kələf olur.
Qəzetlər öz fəaliyyət kursunu hansısa adda, məqamda konkretləşdirir - Hüquq qəzeti, təhsil qəzeti və s. Əvvəllər daha çox dəbdəydi, onların məqsəd və məramını da görmək elə çətin deyildi, təəssüf edilən hal odur ki, çox vaxt bu təqdimat karlarına gəlir, xeyli yararlana bilirdilər. Qəzet hər nədən yazır, hər məsələyə toxuna bilir, daha onun bu cür yarlıqlara ehtiyacı qalmır. Ad, profil, təsisçi, baş redaktor şərtidir, əsas ideya xətti, kurs və qəzetin ruhudur – yəni zövqləri oxşamaq, maraq və ovqat yaratmaqdır.
Qəzet-jurnallar səhifə-səhifə rubrikalara bölünür.Yazının isə üslubu, forması olur, bölgüsü olmur, möhürlü səhifələr bəzən oxucunu yorur, usandırır. Rubrika, bölüm üzrə təqdimat elə də problem deyil, bu cür təqdimat həm də işi asanlaşdırır, yaxşı tərəfləri yetərincədir, amma ən vacibi yazının özüdür, oradakı mətləblərin açımıdır, mənə elə gəlir ki, yazının redaksiya tərəfindən təqdimatı, ona yön verməsi daha münasibdir. Çalışıb hər sayı bir formatda çıxarmayasan, tez-tez dəyişəsən, bölgüləri pozasan...
KİV-də yaxşı mənada rəqabət olmur, bu onun bostanına daş atır, o bunun, kin-kudurət, nifrət aparıb bəzən düşmənçiliyə çıxarır. Katalizatorluğu boynuna götürənlər, ona-buna dəmtutanlar da qıraqdan-başdan tərəfmüqabil olurlar. Sonradan yaranan peşmançılıq, dərd-möhnət heç bir təskinlik, barışıq yaratmır. Peşə əxlaqi dəyərləri baxımından bunu xarakterizə edəndə çox mətləblərin üstü açılır, amma xəcalət çəkəni, həya-abır edəni tapa bilmirsən, təkziblər, etiraflar da əlahəzrət fakt qarşısında təzimdən çox ayaqyeri, lağ-ironiya mahiyyətini özündə təsdiqləyir. Tənqid əvəzinə təhqir olunan “informasiya subyektləri”nin halına acıyırsan. Ümumiyyətlə, şəxsiyyəti hörmətdən salan təhqirlərə münasibətim birmənalı olaraq çox pisdir, belə yazılar heç kimə başucalığı gətirməz. Sözün imkanı böyükdür, onu da elə demək lazımdır ki, hər şey əxlaq çərçivəsində olsun. Qəzet də ev, ocaq anlamındadır, sanki o, qonağa öz evində, ocaqbaşında kobudluq və təhqir edir - bu, qəbahətdir, mədəniyyətdən, əxlaqdan kənar məsələdir.
Qəzeti alan oxucu onu oxuyub başa çatanda ya təəssüflənir, ya da məmnun qalır. Qəzet çıxan dövrdə bir, qəzet çıxandan sonra bir başqa hiss keçirirsən, ola bilər ki, əvvəl görmədiyin nöqsanı sonra görürsən, çalışırsan ki, növbəti sayında onları düzəldəsən, təəssüf ki, məmnunluq hisləri tez-tez bir-birini əvəzləyir. Açığını deyim ki, həyatda ideal heç nə yoxdur, qəzetin hər sayında da bir və ya bir neçə nöqsan tapırsan. Ən acınacaqlısı odur ki, səhifəni xala-xətrin qalmasın məcburiyyətdən doldurmaqdır, bir sözlə, qəzetçilikdə zövq məsələsi əsasdır, o da ovqata, duyğuya təsir edir, o səbəbdən bəzən ovqatımız təlx olur, bəzən isə durulur. Bütün zövqləri də oxşamaq mümkün deyil. Qəzet də adam kimidir – bir dəfə elə görünür, bir dəfə belə. Həmişə həmsöhbətdən razı qalmırıq, əsas oxucudur, qəzet onun üçün çıxır, zövq, ovqat formalaşırsa, bu elə qəzetin uğrudur.
Plagiatlıq qəzetləri də başına götürüb, sanki boyaqçı küpüdür, çevir tatı-vur tatı, səbəbi nədədir? Zəhmətə qatlaşmamaqda, səriştəsizlikdə, hazırın-naziri olmaqda, mövzu qıtlığında... Sanki dəni olmayan dəyirmanı xatırladırlar. İndi əvvəlkilərdən də betərdir. Gündəlik qəzetlər sanki çıxmaq xətrinə çıxırlar, oxucuya bu qədər hörmətsizlik olmaz.
Qəzetlərin əksəri müsahibə formasına daha çox üstünlük verir, özüdə bəsid formada, maraqsız, məqsəd-məramsız, müsahibə götürənin hazırlığı bəzən o qədər aşağı səviyyədə olur ki, həmsöhbəti buna rəğmən çox maraqsız təsiri bağışlayır. Bunu sualların qoyuluşundan da hiss etmək mümkün olur. Yaxşı olar ki, həmsöhbət olunacaq adama suallar yazılı təqdim olunsun, bəzən elə bir məşhur adam olur ki, onun hansısa məsələyə münasibəti önəm daşıyır, amma oxucu bunu müsahibədən ala bilmir, hər deyilən söz, hər münasibət mütləq cilalanmalıdır, ələlxüsus da informasiya subyekti tərəfindən. Jurnalist həm sualda udmalıdır, həm də cavabda, yəni onun əks tərəfə hörməti görünməlidir: özünə, dəst-xəttinə, işlədiyi qəzetə, oxucusuna xatir - əks tərəfə rəğbəti olmasa belə.
Siyasi portret, pamfletlər, oçerklərə meyil xeyli azalıb. Bu, həm yaza bilməmək əlamətidir, həm də bu janrlara maraq göstərməmək. Oçerk isə sovet dönəmində maraqlı janr sayılırdı, indi isə elə də önəm daşımır. Yeri gəlmişkən, “şəkilaltı söz”, satirik janr, ad günləri, kollaj, karikatura və s. məsələlər də şəxsi bacarıq və qabiliyyət tələb edir, o kəsdə gərək duyum tərzi, xarakter cizgilərinə görə söz yazmaq istedadı, rəssam yaradıcılığından yararlanmaq imkanı, əxlaqi məziyyətlərə bələd olmaq vacibdir. Trafaret yanaşmalar, şablonçuluq qəzetləri bir-birinə əkiz tay edib.
Reket jurnalistikası, reket jurnalist ifadələrini formalaşdıran elə ən əvvəl reket məmurlarıdır. Kütləvi informasiya vasitələrindən zəndeyil-zəhləsi gedən məmurların arqumentləri çox vaxt üzdə olduğundan məsələyə, problemə öz tərəfindən bir də düyün vurub, onları şərləmək istəyir, elə bu zaman tənqidə, hətta təhqirə tuş gəlir, o da əvəzində “bir dana bir naxrı korlayır” xətasını cəmiyyətə car çəkib həmin qəzetə və jurnalistə reket damğası vurur (Başqalarını da buna qoşur). Əlbəttə, bu yazarlar içərisində “sandıqtulası” kimi adı hallananlar da, yetənə yetib, yetməyənə daş atanlar, dəngül-düngül olanlar da az deyil, amma mahiyyətə varanda başqa mətləblər üzə çıxır və kimin düz, kimin əyri olduğu aşkarlanmır. Hüquqi cəhətdən məsələyə aydınlıq gətirmək də mümkün olmur, çox vaxt nədənsə qəzet və yazar daha çox qınaq, töhmət, cəza ünvanlı olur... Əvəzçıxdılar, kvit olmağa can atanlar ən çox özlərini və mətbu orqanlarını nüfuzdan salırlar. Xəta olur ki, bir yazıya münasibət bildirirsən, başlanır bir ağaca çıxıb yüz budaq silkələmək. O səbəbdən deyərdim ki, “informasiya subyektləri” mətbuata deyil, sözün hər mənasında mətbuat orqanları onlara xidmət edir. Demək olar ki, qəzetlərin 90%-i bu vəziyyətdədir.
Qəzet-jurnalların əksəri klan mənafeyninə xidmət edir. Təsisçi, sponsor məsələləri KİV-nin problemləri sırasında lap başdadır, buyruqqulu olma, klanlaşma belə asılılıqdan yaranır. Qəzetləri mövqeyinə, tutduğu yola görə bir neçə qismə bölmək olar, özünə bənzəyən qəzetlər də artmağa başlayıb. Özünə bənzəyən KİV-dən irəli yazarları bu qismə bölərdim, mən müxalifət, iqtidar qəzetindən çox öz yazısı, dəst-xətti olanlara önəm verirəm, bu cür yazarın nədən, kimdən yazıb-yazmadığından asılı olmayaraq qələminə hörmət edirəm. Hər kəs qəzetini xalqın qəlbinin kamertonu adlandırır, özü də min-iki min tirajla, özü də həftədə bir dəfə çıxmaqla. Bir məsəl var, deyir, utanmasan oynamağa nə var ki... Yolayrıcında qalan, tərəddüdlər keçirən qəzet yiyələrinə tövsiyə edərdik ki...nə işıq gələn səmtə aldansınlar, nə it hürən tərəfə, əgər o yol onlarlıq deyilsə, ağartmağa höcət eləməsinlər, onların ağ bildiyi həmin yol boz olar, tale göydən düşmür, yolayrıcı düzgün qərar qəbul etmək üçündür.
İslam Əsgəroğlu
banner

Oxşar Xəbərlər