AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qəzaya düşdü, əlil arabasına oturdu, qazax idmançının məsləhətini dinlədi və... – Portret

Qəzaya düşdü, əlil arabasına oturdu, qazax idmançının məsləhətini dinlədi və... – Portret

Gənclik qəzeti
07 Dekabr 2019, 10:00 1452
Yığma komandamızın baş məşqçisini onun haqqında nikbin danışmağa sövq edən səbəb nədir?
 
Atletika, idmanın "kraliça"sı, Yay Olimpiya Oyunlarının olmazsa-olmazıdır. Dördilliyin zirvə yarışında ən çox iştirakçı və izləyici auditoriyasına sahib növ olan atletika, həm də fiziki məhdudiyyətli idmançıların sıx qərarlaşdığı növdür. Romada keçirilən ilk Yay Paralimpiya Oyunlarında 10 ölkədən cəmi 31 atlet yarışmışdısa, "Rio 2016"da 146 ölkənin 1140 təmsilçisi ən güclüləri müəyyən etmişdi. Bu da ümumi iştirakçı sayının 1/4-dən də artıq rəqəmdir. Bir ənənə kimi, Azərbaycan bu mübarizədə uğurla təmsil olunur. Olimpiadalarda atletika nəticələrimizlə öyünmək imkanımız olmasa da, paralimpiadalarda vəziyyət tam fərqlidir. Üçü qızıl olmaqla, üst-üstə 17 medal, sadəcə, altı belə yarışda iştirak edən ölkəmiz üçün əla göstəricidir. Adət üzrə, astanasında olduğumuz "Tokio 2020"də də əsas diqqət cüdo və atletika mübarizələrinə yönələcək. Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında üç lisenziya qazanan komandamız, bu sayı ən azı üç dəfə artırıb, "gündoğar ölkə"yə rekord sayda heyətlə yollanmaq gücündədir. Bu barədə "Kaspi"yə komandamızın baş məşqçisi Oleq Panyutin məlumat verib. Azərbaycanın para-atletika əfsanəsinin fikrincə, keçən oyunlardan fərqli, bu dəfə "qızıl"sız qalmayacağıq. İkiqat paralimpiya çempionunun ən çox inandığı idmançılardan biri, hətta birincisi Elvin Astanovdur: "Kateqoriya dəqiqləşsə, o, birbaşa "qızıl" üçün mübarizə aparacaq. Hesablamalara görə, Elvin ən iddialı idmançımızdır".

Beləliklə, potensial paralimpiya mükafatçımızın tanıdılmasına başlayırıq.

15 yaşında könüllü hərbi xidmətə...

Astanov Elvin Əmrah oğlu 1979-cu ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunda, sadə kəndli ailəsində dünyaya gəlib. Paralimpiyaçıların bir çoxundan fərqli, idmana meyli ta uşaqlıqdandır. Belə ki, gözünü açandan ətrafında idmançı əmisini, qardaşını görən Elvin, karate, güləş və digər döyüş növlərində özünü sınayıb. Qardaşları Nurahim və Fərahim kimi müəyyən titulllar qazanmasa da, fiziki gücünə, eləcə də, düşüncə tərzinə görə, yaşıdlarından çox seçilib. Təsadüfi deyil ki, cəmi 15 yaşında hərbi xidmətə könüllü getməyi qərara alıb: "Yeniyetməlik dövrümüz ağır illərə düşdü. Yoxsa ki, oxumağa, ali təhsil almağa həvəsim çox idi. Əmim Qarabağ müharibəsində şəhid olduqdan sonra bütün fikrim-zikrim cəbhəyə yönəldi. Üç il dalbadal könüllü xidmətə getmək üçün müraciət etdim, nəzərə almadılar. Nəhayət, 18 yaşımda əsgərliyə getdim. Hərbi xidməti bitirəndən sonra Daxili İşlər Nazirliyi orqanında çalışdım. Polis Akademiyasına daxil olmaq istəyirdim, keçirdiyim qəza planları tamam dəyişdi".
 


"Dedilər ki, Azərbaycanda Oloxan adlı dünya rekordçusu var"

Elvin, 2007-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsi ətrafında sərnişin kimi əyləşdiyi avtomobildə ağır yol qəzası keçirir. Nəticədə, bel sümüyü sınır. İki il davam edən müalicə-bərpa prosedurlarından sonra məlum olur ki, 28 yaşlı Astanov ömrünün qalan hissəsini əlil arabası ilə keçirməli olacaq...
Əlbəttə, çox, olduqca çətin sınaqdır. Dünən sən enerji dolu idin, gələcəklə bağlı müxtəlif xəyallar qururdun, yavaş-yavaş reallığa doğru yollar açılırdı, bu gün isə vəziyyət tam fərqlidir. Bu durum nəinki cavan, hətta çox yaşlı birinin də psixologiyasını alt-üst edə bilərdi. Lakin... O, sınmır, özünə qapanmır. Özündə güc tapıb, aktiv həyata qayıtmağı qərara alır. Ona sadəcə, bir güclü təkan lazım idi ki, bu da qazaxıstanlı paralimpiyaçıların sayəsində baş tutur: "Təslimçilik mənim ruhuma yad olduğundan, sona qədər mübarizə aparmaq istəyirdim. Burdakı həkimlər nə qədər ümidsiz danışsalar da, həm ailəm, həm də mən çalışırdıq ki, nələrsə edək. Müalicə üçün Ukraynada yerləşən onurğa sınıqları üzrə ixtisaslaşmış, dünyanın dörd bir tərəfindən xəstələrin üz tutduğu sanatoriyaya getmişdim, orada qazaxıstanlı paralimpiyaçılarla həmsöhbət oldum. Onlar mənə idmanla məşğul olmağı məsləhət gördülər. Dedilər ki, Azərbaycanda Oloxan Musayev adlı dünya rekordçusu var. Düzü, nə Oloxanı tanıyırdım, nə də paralimpiya hərəkatı haqqında doğru-düzgün məlumatım var idi. Başım müalicələrə qarışmışdı deyə, maraqlanmamışdım. Ölkəyə dönəndən sonra araşdırdım, Milli Paralimpiya Komitəsinə müraciət elədim. Onlar da məni Bəxtiyar Zeynalovun yanına göndərdilər. Beləcə, artıq 8-ci ildir ki, paralimpiyadayam".

Dubaydan bir qucaq medalla

Nüvə itələmə ilə başlayan Elvinin, Bəxtiyar Zeynalovla birgə məşqləri cəmi iki ay davam edir. Belə ki, ilk addımları London Yay Paralimpiya Oyunları ərəfəsinə düşdüyündən, ona lazımınca diqqət göstərilmir. 2013-cü ildən Oqtay Şaxtaxtinskinin yanında nizə atma ilə məşğul olmağa başlayan Astanov, bu ilin yayınadək onunla çalışıb. Hazırda isə ikiqat paralimpiya mükafatçısı Vladimir Zayetsin rəhbərliyi altında nüvə itələmə üzrə hazırlıq keçir. İndiyədək adətən F-54 kateqoriyası üzrə nizə atma yarışlarına qatılan Elvin, həm bu, həm disk atma, həm də sadəcə, fiziki gücü hesabına nüvə itələmədə bir sıra mükafatlar qazanıb. Kolleksiyasında BƏƏ-nin Dubay və Şarja şəhərlərində, eyni zamanda Tunisdə keçirilən Qran Pri-lərin ondan çox medalı yer alır. İlk mükafatı (nüvə itələmə, gümüş) 2013-cü ilə təsadüf edibsə, sonuncu dəfə bu ilin iyununda Tunisdə nizədə ikinci, nüvədə üçüncü pillədə yer alıb. Avropa və dünya çempionatlarına gəlincə, ötən il əsas qitə yarışında mükafatın bir addımlığında dayanıb, keçən ay Dubayda keçirilən mundialda səkkizinci nəticə göstərib. Təəssüf ki, "Rio 2016" onun üçün əlçatmaz olub.
 
Panyutinin nikbinlik səbəbi
Son dünya çempionatında para-atletlərin növbəti tibbi yoxlanışı baş tutdu ki, nəticədə, Astanov F-53 kateqoriyası aldı. Burada isə nizə atma deyil, nüvə itələmə növü mövcuddur. Beləliklə, o, martdan etibarən lisenziya yarışlarında qüvvəsini sınayacaq. Panyutini nikbin danışmağa sövq edən konkret faktlar. var. Belə ki, indiyədək heç bir xüsusi hazırlıq olmadan, sadəcə, fiziki gücü hesabına beynəlxalq yarışlarda nailiyyət qazanan Elvinin atışları, hazırda bu kateqoriya üzrə yarışan idmançıların hamısını üstələyir.
 


"Gəzə bilmədiyimi də unuduram"

İlk addımlarında yaşadığı çətinliklərdən danışan paralimpiyaçı, hərəkata üzv olduğu ötən yeddi il ərzində özünəinamının əhəmiyyətli dərəcədə bərpa olunduğunu qeyd edir: "Oloxan Musayevdən sonra ikinci əlil arabası istifadəçisi kimi məşqlərə başladım. Hər işdə ilk addımlar çətin olur. Həm də nəzərə alsaq ki, mənim o vaxt artıq 33 yaşım vardı, uyğunlaşmağım ikiqat əziyyətlə başa gəldi. Mənimlə eyni durumda olanlar gəlirdi, lakin çox qısa vaxtdan sonra bezib gedirdilər. Şükürlər olsun, o çətin mərhələni keçib, bu günlərə gələ bilmişəm. Məşq, yarışlar, səfərlərdən qalan təəssüratlar başımı o qədər qatır ki, çox vaxt gəzə bilmədiyimi də unuduram".

Onu həyata bağlayan səbəblər tək bununla yekunlaşmır, əslində. 14 ildir həm də ailə başçısı olan Elvin, iki övlad atasıdır. Yeri gəlmişkən, Elnur və Raul də ata və əmilərinin yolu ilə gedir.

Portret

Vacib olan qazanmaq yox, yarışmaqdır. Əsas şərt qalib gəlmək deyil, yaxşı mübarizə aparmaqdır. Müasir Olimpiya Oyunlarının qurucusu Pyer de Kubertenə məxsus olan bu sözlər, sizlərə yaxşı tanışdır, çox güman. Paralimpiyaçılar üçün isə ən mühüm şərt, özündə güc tapıb, bu yola qədəm qoymaqdır. Azərbaycanda məhdudiyyətləri aşıb, cəmiyyətdə özünə layiqli yer tutan yetərincə mübariz insan var. Bu günədək belə insanlardan çox bəhs etmişik, hələ bir o qədər də yazılmamış həyat hekayələri öz növbəsini gözləyir. Heç şübhəsiz ki, gənc yaşda başına gələn bədbəxt hadisənin ağır yükünü ram edib, uğurları sıralayan Elvin Astanov, ən parlaq nümunələrdən biri, bizə, gənclərə əsl örnək olacaq insandır.

Söhbətimizdən belə qənaətə gəldik ki, hələ azı on il də idmanda qalacaq. Sağlıq olsun, tezliklə olimp zirvəsində görüşərik...
 
Sahib