Qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikinitisinə başlanılıb - Fotolar
Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq
istiqamətində tədbirlər davam etdirilir. Prezident cənab İlham Əliyevin
fevralın 7-də Şamaxıya səfəri, mövcud vəziyyətlə tanış olması, sakinlərlə
görüşü, fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqların
icrasına dərhal başlanılıb.
Xatırladaq ki, fevralın 5-də və 6-da baş verən zəlzələ Şamaxı
rayonunda, xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci
Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən
ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi
istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması,
xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin
yaradılması istiqamətində işini davam etdirir.
Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına
başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib.
Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.