• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Qeysərin uşaqları Araşdırma

25.10.13 08:06 2774
Qeysərin uşaqları Araşdırma
“Qeysəriyyə kəsiyi əməliyyatını qeyri-qanuni aparanlar məsuliyyətə cəlb olunacaq”. Milli Məclisin oktyabrın 22-də keçirilən iclasında səslənən bu fikirlər aktual bir məsələni gündəmə gətirdi. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişikliklər bundan sonra sui-istifadə hallarının qarşısının alınmasına əsas verəcək. Belə ki, yeni dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatının dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılması səhiyyə müəssisələrinə müvafiq icra hakimiyyəti tərəfindən icazə verildikdən sonra mümkün olacaq.
Qeyd edək ki, hələ Milli Məclisin yaz sessiyasının son plenar iclasında müzakirələr zamanı millət vəkilləri Azərbaycanda bu sahədə vəziyyətin ürəkaçan olmadığını qeyd etmişdilər. Belə ki, 2012-ci il rəsmi statistik məlumatlara görə, ölkə üzrə 173 min doğuş reallaşıb ki, bunun da 18 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub. Məlumatlara görə, özəl klinikalarda qeysər əməliyyatı 1000-1500, təbii doğuş isə 1000-1200 manat arasında həyata keçirilir.
Qanuna edilən dəyişiklik bir sıra suallar ortaya çıxarır: “Bundan sonra qeysəriyyə kəsiyi əməliyyatının həyata keçirilməsi üçün hansı əsaslandırmalar olacaq? Bu, doğuşun qiymətlərində hər hansı dəyişikliyə səbəb olmayacaq ki? Bəs əsaslandırılmış standartlar nəyə söykənəcək və s.
Qadınların 50 faizi çapıqlıdır
Qeyd edək ki, əməliyyatı qadınların səhhəti üçün risk kimi dəyərləndirənlərlə yanaşı, təhlükəli doğuşlardansa qeysəriyyə əməliyyatının tərəfdarı olanlar da az deyil. Cərrahi yolla həyata keçirilən qeysəriyyə əməliyyatının elmi əsası ananın təbii yolla doğuşu həyata keçirə bilməməsi ilə izah edilir. İlk baxışdan bu, uşaq azad olmasının tez və asan üsulu və digər cərrahi əməliyyatlarla müqayisədə daha təhlükəsiz sayılır. Qeysəriyyə üsulu ilə doğuş təbii doğuşdan bir qədər asan, tez və dəqiq proqnozludur. Əməliyyat narkoz altında aparıldığından ağrısızdır. Bu əməliyyat o zaman məsləhət görülür ki, təbii doğuş təhlükəli və ya bəzi tibbi göstərişlər baxımından mümkün deyil.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun baş həkimi, tibb üzrə fəlsəfə doktoru Nigar Axundova isə hesab edir ki, ginekoloqlar üçün doğuşu təbii yolla həyata keçirmək qeysəriyyə yolu ilə həyata keçirməkdən qat-qat asandır: “Çünki əməliyyatın fasadları təbii doğuşdan dəfələrlə çox olur. Narkoz, uşağı götürəndən sonra ağciyərin açılma qabiliyyəti qeysəriyyə kəsiyindən sonra daha aşağı səviyyədə olur. Düzdür, həm təbii doğuşda, həm də qeysəriyyə əməliyyatında uşaqda travma ola bilər. Amma qeysər kəsiyi daha risklidir”. Baş həkim qadınların əməliyyata üz tutmasını onların çətinliyə alışmaması ilə əlaqələndirir: “Bizim qadınlar həm psixoloji, həm də fiziki cəhətdən möhkəm deyillər. Doğuşöncəsi ağrılara dözümsüzlük göstərirlər. Sonra da qohum-əqrəba prosesə qarışır. Həkim də çıxılmaz vəziyyətdə qalır. İnstitutun hesabatında hər ay 50 faiz qadının çapıqla gəlməsi qeyd olunur. Çünki 2-3 il əvvəl qeysər kəsiyi olan qadınlar yenidən doğuşa gəlirlər. Bir neçə ildən sonra bu, ümumiyyətlə, fəlakətli olacaq».
Baş həkim hesab edir ki, ginekoloqlar protokol qaydalarına riayət edəcəkləri təqdirdə, heç bir qanun pozuntusu baş verməz: “Doğuşu qabaqcadan proqnozlaşdıra bilmərik. Sözsüz ki, fəsadlar da ola bilər, uşaq ölə də bilər. Bundan sonra isə məhkəmələr başlayır – həkimdən şikayət, işdənçıxarmalar və s. Amma indi protokol var. Əgər həkim protokola riayət edirsə, sabah heç kim onu cəzalandıra bilməz”.
Artıq dünyanın hər yerində qeysəriyyə kəsiyi əməliyyatına göstərişlərin genişləndiyini bildirən baş həkim, əməliyyatın mütləq və nisbi göstərişlərinin mövcud olduğunu bildirib: “Müəyyən göstərişlər olduğu halda, konsilium yığışır və rəy verir. Burada da qadının «təkidi» ilə bağlı müəyyən bir bənd var. Tutaq ki, qadının 5 il uşağı olmayıb. Uşağı qazanmaqdan ötrü o, hansısa əməliyyatlardan keçib və onu təbii yolla dünyaya gətirməkdən ehtiyat edir. Bu halda qadının vəziyyəti nəzərə alına bilər”. Baş həkim 3 dəfədən artıq qeysəriyyə əməliyyatı keçirməyin riskli olduğunu bildirib: “Çünki bu əməliyyatın özü problemdir”.
Baş həkimin fikrincə, plansız qeysəriyyə kəsiyi nə dövlət xəstəxanasında, nə də lisenziya ilə işləyən özəl xəstəxanalarda həyata keçirilməməlidir: «Elə özəl müəssisələr var ki, doğuşa lisenziya almadan qeysəriyyə kəsiyi edirlər. Sözsüz ki, orada pozuntular baş verir. Qanun hamı üçün eyni olmalıdır».
Baş həkim bəzi rayonlarda əməliyyatların mama-ginekoloqlar tərəfindən deyil, ümumi cərrahlar tərəfindən həyata keçirilməsinin təhlükəli olduğunu bildirib: “Halbuki bu, cərrahın ixtisası deyil. Cərrah heç zaman mama-ginekoloqa göstəriş verə bilməz. Bunlar qeyri-qanuni həyata keçirilən əməliyyatlardır”.
N.Axundova əsaslandırılmamış əməliyyatlarla bağlı nəzarətin gücləndirilməsinin və maarifləndirmə işlərinin aparılmasının tərəfdarı olduğunu qeyd edib. Belə ki, yerlərdə hər bir xəstəxanada Nəzarət Şurası yaradılmalı və nazirlik tərəfindən yoxlanılmalıdır: “Nəzarət ciddi olmalı və protokola uyğun həyata keçirilməlidir. Göstəriş olmadan bu cür əməliyyatların həyata keçirilməsi cinayət sayılmalıdır”.
Əsaslandırılmamış əməliyyatlar
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, qanunda edilən dəyişiklik qeysəriyyə əməliyyatını bütövlükdə qadağan etmir: “Layihədə əsaslandırılmamış şəkildə əməliyyatların qarşısının alınmasından ötrü inzibati qaydada sanksiyaların tətbiqi nəzərdə tutulub”. Millət vəkilinin sözlərinə görə, son illər dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda tibbi göstəriş olmadan, ananın arzusu, yaxud həkimin istəyi ilə qeysəriyyə əməliyyatlarına üstünlük verilir: «Bu, bir qədər asan görünən metoddur. Həkimin kifayət qədər özünəinamı, təcrübəsi, səriştəsi olmadıqda, qeysəriyyə əməliyyatına üstünlük verir ki, hamiləliyi bu yolla başa çatdırsın”. M.Quliyev hesab edir ki, qeysəriyyə əməliyyatı adi doğuşdan bahalı əməliyyat olduğuna görə, xüsusən özəl klinikalar doğuşun bu şəkildə həyata keçirilməsində daha maraqlıdırlar. Belə ki, “qeysəriyyə əməliyyatı ağrısız həyata keçirilir, sizin heç bir narahatlığınız olmayacaq” deyə hamilə qadınları bu cür yönləndirirlər: “Əslində, qeysəriyyə kəsiyi əməliyyatı özündə böyük risk yaşadan, qadının hamiləlikdən və doğuşdan sonrakı həyatını gərginləşdirən, gələcəkdəki doğuşları da məhdudlaşdıra biləcək əməliyyatdır. Buna görə də dünyanın bir çox ölkələrində – Avropada, Amerikada bu əməliyyata qarşı ictimai etirazlar var. Həmçinin qanunvericilik çərçivəsində məhdudiyyətlər mövcuddur». Son illər Azərbaycanda 35 minə yaxın qeysəriyyə kəsiyi əməliyyatının həyata keçirildiyini bildirən millət vəkilinin sözlərinə görə əməliyyatların 30-40 faizi əsaslandırılmamış şəkildə, heç bir tibbi göstəriş olmadan baş verib: «Bu əməliyyatlar zamanı qadına narkoz verilir. Yaxud regional keyitmənin təsiri altında onun səhhətində müəyyən problemlər yaranır. Qarın boşluğuna infeksiya düşə bilir, uşağın əmizdirilməsi faktiki olaraq mümkün olmur. Qadının sonrakı hamiləliyi üçün ən azı 3-4 il gözləməsi lazım gəlir. Həmçinin sonrakı əməliyyatın da çox vaxt təbii doğuşla deyil, elə qeysəriyyə əməliyyatı yolu ilə aparılması zərurəti ortaya çıxır. Ona görə də bunlar ağır risklərdir, nə tibbi etikaya, nə də mənəviyyata, hüquqa sığan hərəkətlərdir”.
Qanunda edilən dəyişikliyə görə, qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Belə ki, qanunda tətbiq edilən məhdudlaşdırıcı normalara görə, əsaslandırılmamış şəkildə qeysəriyyə əməliyyatı aparılarsa, fiziki şəxslər 5-7 min, hüquqi şəxslər 10-15 min manat məbləğində cərimə olunacaqlar.
Millət vəkili qeyd edib ki, əməliyyatın planlı şəkildə həyata keçirilməsi, standartların müəyyənləşdirilməsindən ötrü yerli icra hakimiyyəti orqanları və Səhiyyə Nazirliyi müvafiq səhiyyə protokolları tərtib etməli və onlar istər dövlət, istərsə də qeyri-dövlət klinikalarına göndərilməlidirlər. “Qeysəriyyə əməliiyatını hansı halda həyata keçirmək olar” sualına da bundan sonra cavab tapılacaq. Əgər hər hansı bir hadisə nəticəsində qadının həyatı təhlükədə qalarsa və o, xəstəxanaya təcili yardım maşını ilə gətirilərsə, onda qeysəriyyə əməliyyatını etmək olar. Yəni standartlara bu cür uyğun gələn vəziyyətlər olacaqsa, təbii ki, həkimə heç kim irad tutmayacaq. Ancaq «qadın istədi», «ailəsi ərizə yazdı» və ya «həkim belə istədi» - bu şəkildə qeysəriyyə əməliyyatlarının aparılmasına icazə verilməyəcək.
M.Quliyevin sözlərinə görə, bundan sonra öncədən planlaşdırılmadan və konsilium olmadan həkimin təkbaşına qərar verməsi və bu cür əməliyyatın həyata keçirilməsi mümkün olmayacaq.
Təbii ki, ortada cavabsız suallar hələ də qalır. Ən əsası, planlı olmayan doğuşların “planlı” doğuşlara çevrilə biləcəyi ehtimalı ilə bağlıdır. Protokolların tərtibində isə, məsuliyyət konkret müəyyənləşdirilməli, məsələni təkcə vicdanın öhdəsinə buraxmaq olmaz...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər