• çərşənbə axşamı, 23 aprel, 20:20
  • Baku Bakı 20°C

Qeyri-neft sektorunun “şah damarı”…

22.01.14 11:28 1794
Qeyri-neft sektorunun “şah damarı”…
Prezident İlham Əliyev ötən həftə kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində sərəncam imzaladı. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” adlı sənəddə kənd təsərrüfatı sahəsində istehsal olunmuş məhsulun tədarükü, daşınması, ixracı sahəsində bir sıra tədbirlərin reallaşdırılması ilə bağlı tapşırıqlar əksini tapıb. Eyni zamanda, daxili bazarda kənd təsərrüfatı məhsullarına və ərzağa əlçatanlığı təmin etmək üçün Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılması məsələsi də sərəncamda qeyd edilib. Ümumilikdə, kənd təsərrüfatı qeyri-neft sektoru kimi olduqca vacib bir sahədir. Hətta bu sahəni iqtisadiyyatın neftdən sonra ikinci şah damarı adlandıra bilərik. Ölkəmizin potensialı da kifayət qədər olduğundan sahəyə aid hər bir sənəd, hər bir qərar olduqca vacib hesab edilməlidir.
Prezidentin sərəncamı haqda danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, sənəd bu sahənin inkişafı üçün bir sıra prioritetləri müəyyənləşdirir və problemlərin həlli istiqamətində müsbət nəticələrə gətirib çıxaracaq: “Lakin kənd təsərrüfatında daha ciddi problemlər istehsalla bağlıdır. Sərəncamdan irəli gələn vəzifələr əsasən məhsulun tədarükü, daşınması, satışı sahəsində mövcud olan problemlərin aradan qaldırılması ilə bağlıdır. Bu istiqamətdə görülən işlər haqda rübdə bir dəfə prezidentə məlumat verilməsi də daxil olmaqla bir sıra məsələlər sənəddə əksini tapıb. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün problem həm də məhsulun istehsalı ilə bağlıdır. Azərbaycanın tələbatını ödəyəcək qədər kənd təsərrüfatı məhsulu, ərzaq istehsal edilmir daxildə. Bu məsələ də öz həllini tapmalıdır. Düzdür, sərəncamda kooperasiyaların yaradılması məsələsi də əksini tapıb. Amma bununla bağlı xeyli işlər görmək lazımdır. Sərəncama qədər xeyli qanunlar da qəbul olunmuşdu və həmin məsələlər bu qanunlarla həllini tapmalı idi”.
V.Məhərrəmov bildirdi ki, sənəddə əks olunan bir sıra məsələlər təcili reallaşdırılmalıdır: “Bir çox məsələlər də qanunlara salınmalıdır, yəni qanun şəklinə salınmalıdır. Zamanla bu problemlər də həll ediləcək. Məsələn, bizdə toxumçuluğun inkişafı ilə bağlı ciddi problemlər var. Demək olar ki, Azərbaycan özü bir çox sahələrdə toxumçuluqla məşğul olmur. Düzdür, rəsmi məlumatlar verilir, amma baxıb görürük ki, bizim institutlar yeni sortlar yarada bilmirlər. Azərbaycanda Genetika və Seleksiya İnstitutu var ki, onun əsas vəzifəsi bitkiçilikdə yeni sortlar, heyvandarlıqda isə yeni cinslər yaratmaqdan ibarətdir. Təəssüflər olsun ki, biz bu yenilikləri görmürük. Texniki təminatda da problemlər var, torpaqlarda deqradasiya probleminin qarşısını almaq, su təminatını gücləndirmək lazımdır. Bütün bunlara əsasən deyə bilərik ki, məhsulun istehsalı ilə bağlı da ciddi problemlər var. Əgər keyfiyyətli, ucuz məhsul istehsal olunsa, onun müştərisi daim olacaq. Rəqabət qabiliyyətli məhsulu biz daxili bazarda da asan sata biləcəyik, xaricə də asan çıxaracağıq”.
Qeyd edək ki, bəzi hallarda fermerlər istehsal etdikləri məhsulu bazara çıxarmaqda çətinlik çəkirlər. Məsələn, bu günlərdə telekanallar Qubada sahibkarların öz məhsullarını sata bilmədiklərini və bu səbəbdən də növbəti illərdə məhsul istehsalı ilə məşğul olmayacaqlarını bəyan etməklərilə bağlı reportajlar verirdilər. Bu vəziyyətin özü istehsala nə qədər zərbə vurur? Prezidentin sərəncamı və sərəncamdan irəli gələn tədbirlər bu vəziyyəti dəyişəcəkmi, istehsalı stimullaşdıracaqmı? Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın elə rayonları var ki, orda fermerlər istehsal etdikləri məhsulun istər daxili, istərsə də xarici bazara çıxarılmasını sistemli şəkildə, uzun müddətdir ki, çox asanlıqla həyata keçirirlər, heç bir problemlə də üzləşmirlər: “Müvəqqəti olaraq sərhəddə hansısa problemlər yaransa da, qısa müddət ərzində həllini tapır. Siz dediyiniz məsələdə problem ondadır ki, Quba rayonunda və digər bir sıra bölgələrimizdə fermerlər keyfiyyətli məhsul istehsalı ilə məşğul ola bilmirlər. Yəni aqrotexniki qaydalara tam əməl edə bilmirlər, nəticədə əldə olunan məhsulu uzun müddət saxlamaq mümkün olmur. İxracla məşğul olan tədarükçülər də həmin məhsulu almaqdan imtina edirlər. Əslində ixrac üçün nəzərdə tutulan məhsul tam yetişməmiş yığılmalı və soyuducu kameralara vurulmalıdır ki, inkişaf prosesi dayandırılsın. Bundan sonra ixrac reallaşdırılmalıdır. Yəni hər bir məhsulun standartlara uyğun yığılması, saxlanması, daşınması həyata keçirilməlidir. Təəssüflər olsun ki, bizim fermerlər bunu ya bilmirlər, ya bilərəkdən əməl etmirlər, bir sıra hallarda da buna maddi imkanları çatmır. Sərəncamda da bu məsələlərin həlli nəzərdə tutulub, daşınma üçün xüsusi maşınlarla təminatın həyata keçirilməsi tapşırılıb. Yəqin ki, bu cür problemlərin bir qismi həllini tapacaq. Yaxşı olardı ki, sərəncamda fermerlərin maarifləndirilməsi də əksini tapaydı. Məhsulun istehsalı, yığımı, saxlanması və daşınması ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir. Sənəddə qaynar xəttin yaradılması məsələsi də əksini tapıb, bu, müsbət haldır. Əslində, problemlər çoxdur, onların həlli üçün zaman da lazımdır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər