Qeyri-neft sektorunun inkişafı üçün bütün potensial istiqamətlər təyin edilib
Bu günlərdə
Yevlax rayonunda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsi
keçirilib. Müşavirəni giriş sözləri ilə açan Prezident İlham Əliyev bu
müşavirənin böyük əhəmiyyəti olduğunu qeyd edib: "Əminəm ki, müşavirədən sonra
bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində
Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən
böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının
artırılmasına nail ola bilmişik”.
Dövlət başçısı bildirib ki, əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir:
"Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca, bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.
Daha sonra müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bəzi məqamları qeyd edib: "Son illər dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin,
xüsusilə Azərbaycanın ənənəvi
əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də
qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır”.
Görülən bütün bu tədbirlərin fonunda qeyri-neft məhsullarının ixracı yavaş-yavaş artmağa başlayıb.
Bəs görəsən bu sahənin sürətli inkişafı
üçün daha hansı tədbirlər görülməlidir?
Milli Məclsin İqtisadi siyasət, səanye və sahibkarlıq komitəsinin üzvü, millət
vəkili Aydın Hüseynov qəzetimizə açıqlamasında
bildirdi ki, sözügedən müşavirənin
keçirilməsi bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir: "Dövlət proqramlarının
ana xəttini təşkil edən maddələrdən biri də regionların tarazlı inkişafıdır.
Müşavirənin regionda keçirilməsi məhz
dövlətin bu sahəyə diqqəti və siyasi dəstəyini
nümayiş etdirdi. Artıq qeyri-neft sektorunun inkişaf templəri bizi qane
edir və bu sahədə müəyyən irəliləyişlər mövcuddur. Təkcə bu ilin birinci
rübündə iki faiz artım əldə olunub. Hesab edirəm ki, dövlət başçısı hansı
sahələrin inkişaf etdirilməsi ilə bağlı bütün istiqamətləri müəyyənləşdirib.
Qeyri-neft sektorunun inkişafı üçün bütün potensial istiqamətlər təyin edilib.
Kənd təsərrüfatında şərabçılıq, pambıqçılıq, fındıqçılıq, üzümçülük,
baramaçılıq, eləcə də ənənəvi sahələrdən toxuculuq və digər məhsullarımız dünya
bazarına çıxarılıb. O, cümlədən, gümüş, dəmir və filiz yataqları ilə əlaqədar
çox böyük perspektivlərin olduğu müəyən edilib. Azərbaycan kosmik ölkələr
sırasına daxildir. Bizim artıq üçüncü peykimiz orbitə çıxarılacaq. Həm kənd
təsərrüfatı, həm sənaye sahələri, eyni zamanda, informasiya texnologiyaları sahəsində Azərbaycanın geniş potensialı var. Bütün
bu imkanlardan maksimal şəkildə istifadə edilməsi üçün göstəriş verilib. Bu
sahələrin müəyyənləşdirilməsi ilə yanaşı, onların hərəkətə gətirilməsi üçün
qanunvericilik bazasına müəyyən dəyişikliklər də edilib. Siyasi və maddi dəstək
var. Mühüm dəyişikliklərin aparılması ölkənin ixracyönümlü, rəqabətədavamlı
məhsullarının dünya bazarına çıxarılmasını təmin edir”.
İqtisadçı-ekpsert Rəşad Həsənov mövzu ilə bağlı fikirlərini bölüşərək qeyd etdi ki, qeyri-neft sektorunun
inkişafından danışarkən iqtisadi idarənin tam liberallaşdırılması mütləqdir: "Hazırda
bu istiqamətdə müəyyən addımlar atılır. Görülən tədbirlər, məmur müdaxilələrinin
qarşısının alınması, müəyyən sahələrdə lisenziyaların ləğv edilməsi bu sahəyə
öz müsbət təsirini göstərir. Amma ilk növbədə rəqabətə davamlı yerli istehsal
olmalıdır. Təəssüflər olsun ki, yerli istehsalın təmin edilməsi üçün atılan
addımlar hələlik qənaətbəxş səviyyədə deyil. Düzdür, bununla bağlı strateji yol
xəritələri imzalanıb. Lakin bunun üçün
müəyyən zaman lazımdır. Qeyri-neft ixracının şaxələndirilməsindən danışırıqsa,
xarici kapital axınını təmin etməliyik. Xarici investisiyaların yatırılmasına
və xarici təcrübənin öyrənilməsinə ehtiyac var. Yerli istehsalı təmin etmək
üçün ölkənin investisiya reputasiyasını qaldırmalıyıq. Bu isə son nəticədə
Azərbaycan məhsullarının və «Made in Azerbaijan» brendinin dünyaya çıxışını
asanlışdıran və genişləndirən məqamlardan biridir”.
İqtisadçı bəzi
məqamları da qeyd etdi: "İxracat subsidiyalarının tətbiq edilməsi prosesinə
start verilib. Qeyri-neft məhsullarının ixracı prosesinə dəstək üçün ölkə başçısı tərəfindən imzalanan
sərəncam məhz bu məqsədi daşıyır. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının
istehsalı prosesinin subsidiyalaşdırılması mexanizminin təkmilləşdirilməsi
istiqamətində işlər görülür. Ard-arda bir sıra məhsullar bu siyahıya daxil
olur. Əvvəlki dövrlərdə sahəyə verilən subsidiyalar hazırda məhsula verilən subsidiyalarla
əvəz edilir ki, bu da intensiv təsərrüfatın inkişafını dəstəkləyir. "Azeksport”
saytı azərbaycanlı sahibkarların məhsullarının dünya bazarına çıxışını təmin
edilməsində və tanıdılmasında əhəmiyyətli rol oynayır. Yerli sahibkarların
məhsullarının dövlət tərəfindən maliyyələşmə yolu ilə beynəlxalq sərgilərə çıxarılması
da bu prosesə öz təsirini göstərir. Düşünürəm ki, kiçik və orta sahibkarlıq
istiqamətində səylər artırılmalı və
onlar üçün maliyyə əlçatanlığı təmin edilməldir. Hesab edirəm ki, hökumətin
liberal iqtisadi mühitin formalaşması istiqamətində səmimi siyasi iradə ortaya
qoyması nəticəsində orta və uzunmüddətli dövr ərzində bu sahədə uğurlu
nəticələr əldə edə bilərik”.
Şəbnəm Mehdizadə