• cümə, 29 Mart, 09:03
  • Baku Bakı 5°C

Qeyri-hökumət təşkilatlarının problemi həllini tapdı

02.05.17 11:30 893
Qeyri-hökumət təşkilatlarının problemi həllini tapdı
Bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyinin banklara göndərdiyi məktub qeyri-hökumət təşkilatlarının fəaliyyətinin iflic olmasına gətirib çıxarmışdı. Bu səbəbdən QHT-lər milli donor təşkilatlarından aldıqları qrantları istifadə edə bilmirdilər. Yaranmış problemlə bağlı QHT rəhbərləri media vasitəsilə MBNP-nin rəhbərliyinə öz fikirlərini çatdırmışdılar. Daha sonra 200-ə yaxın vətəndaş cəmiyyəti institutunun rəhbəri Prezident İlham Əliyevə məsələnin tez bir zamanda həll olunması üçün köməklik edilməsi xahişi ilə müraciət ünvanlanmışdı. Ötən həftənin şənbə günü isə MBNP rəhbərliyi ilə QHT-lər və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında görüş keçirilib.

Palata rəbərliyinin təşəbbüsü ilə keçirilən görüşdə "Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn məsələlər müzakirə olunub. Görüşdə QHT rəhbərləri üzləşdikləri çətinliklərə toxunaraq qeyd ediblər ki, bəzi banklar 5000 manatdan artıq vəsaiti nağdlaşdırmağa icazə vermir. Bundan başqa, Palata rəhbərliyinin diqqətinə çatdırılıb ki, vəsaitin nağdlaşdırılması zamanı tutulan 1% komisyon haqqı yüksəkdir. QHT rəhbərləri digər texniki məsələləri də MBNP rəhbərliyinin diqqətinə çatdırıb.

Çıxış edən MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə sözügedən qanunun vacibliyinə toxunaraq qeyd edib ki, sənədin qəbulu iqtisadiyyatın şəffaflaşdırılması baxımından olduqca önəmlidir.

R.Aslanlı əlavə edib ki, rəhbərlik etdiyi qurum tərəfindən banklara məktub ünvanlanıb və bildirilib ki, qanunvericiliyə görə, satınalmalarda iştirak edən şəxslər tərəfindən 5000 manatdan çox vəsaitin nağdılaşdırılması qadağandır. Banklar isə bunu yalnış anlayıb və qrantların nağdlaşdırmasına da qadağa və limit tətbiq edib. R.Aslanlı görüş iştirakçılarının nəzərinə çatdırıb ki, artıq bununla bağlı banklara müvafiq göstəriş verilib və problem aradan qaldırılıb. Beləliklə, QHT-lər və KİV-lər 15 000 manata qədər olan vəsaiti nağdlaşdıra biləcək.

QHT rəhbərləri bu addımı müsbət qarşılayıb. Bundan başqa, görüş iştirakçıları qeyd edib ki, nağdlaşdırılmasına icazə verilən 15 000 manat limiti azdır. Buna cavab olaraq R.Aslanlı qeyd edib ki, bu, qanundan irəli gələn məsələdir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, görüşdə aprelin 4-də banklara göndərilən məktubla bağlı yaranan problem Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinin diqqətinə çatdırılıb: "Burada yaranmış problemin həlli ilə bağlı çıxış yolları da qeyd edildi. Eləcə də "Nağdsız hesablaşmalar haqqında” qanunda ziddiyyətlər də var və bu məsələ də müzakirə mövzusu oldu. Görüşdə ilk olaraq, 5 min manatdan çox vəsaitin nağdlaşdırılması məsələsinin banklar tərəfindən düzgün anlaşılmadığı vurğulandı və qeyd edildi ki, mayın birindən qeyri-hökumət təşkilatları 15 min manata qədər nağdlaşdırılma hesabı apara bilər. Bu baxımdan hesab edirəm ki, bu görüş çox səmərəli oldu. Bütün dövlət qurumları Maliyyə Bazarlarına Nəzarət Palatası kimi şəffaf olmalıdır, ünsiyyətdən qaçmamalıdır. Bir çox dövlət orqanları görüşlərdən qaçırlar, bunu səmimi demək lazımdır. Düşünürəm ki, vətəndaş cəmiyyəti institutları bütün dövlət qurumları ilə bu cür qarşılıqlı faydalı görüşlər keçirib idarəetməni asanlaşdırmağa, eyni zamanda ictimai nəzarəti təmin etməyə birlikdə nail olsaq, ölkədə çox böyük inkişafa təkan verə bilərik”.

"Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, aprelin əvvəlində MBNP tərəfindən banklara ünvanlanan müraciət QHT-lərə müəyyən qədər problemlər yaradırdı: "Nağdsız hesablaşmalarla bağlı məsələ dünyanın bir çox ölkələrində həyata keçirilir. İstənilən ölkədə bu proseslər həyata keçirilərkən maraqlı tərəflərlə məsləhətləşmələr aparılır. Düzdür, bizdə qanun müzakirə edilərkən bir çox maraqlı subyektlər iştirak etmişdir. Amma nağdsız hesablaşmaların tətbiqi zamanı vətəndaş cəmiyyəti və medianın müəyyən xüsusiyyətləri nəzərə alınmamışdır. Bu da heç şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının layihələrinin icrası zamanı problemlər yaradırdı. Belə ki, qeyri-hökumət təşkilatları ezamiyyətlərə gedirlər, eyni zamanda müxtəlif tədbirlər həyata keçirirlər. Bu tədbirlər zamanı isə az məbləğli satınalmalar həyata keçirirlər. Misal üçün, dəftərxana ləvazimatları və s. Heç də bütün hüquqi və fiziki şəxslər bir qayda olaraq bu məsələləri müqavilə formasında həyata keçirməyi arzu etmirlər. Çünki bu, vaxt aparan bir məsələdir”.

Ə.Nuriyev qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir: "Ona görə də həyata keçirilən islahatlar bu sahədə müəyyən narahatlıqlar yaratmışdı. Nəticədə qeyri-hökumət təşkilatları tərəfindən ölkə rəhbərliyinə müraciət olunmuşdu ki, bu məsələnin həllində dəstək versin. Cənab prezident tərəfindən məsələ araşdırıldı və nəticədə Maliyyə Bazarlarına Nəzarət Palatasını rəhbərliyi ilə görüş baş tutdu. Burada maraqlı müzakirələr aparıldı. Eyni zamanda, qanunun zəruriliyi haqqında Palata tərəfindən ətraflı məlumat verildi. Əlbəttə ki, biz islahatların sürətlə həyata keçirilməsini vacib hesab edirik, eyni zamanda vətəndaş cəmiyyətinin problemlərini nəzərə almaq vacibdir. Çünki qeyri-hökumət təşkilatları çoxsaylı işçi saxlaya bilmir, layihələr 3-4, bəzən 5 ay ərzində reallaşdırılır. Ona görə də görüşdə bu məsələlər müzakirə edildi və banklar tərəfindən məsələnin mahiyyətinin anlaşılmadığı qeyd edildi. Qeyd edim ki, bu məsələ ilə bağlı banklar vətəndaş cəmiyyəti institutlarına əlavə problemlərdə yaradırdı. Bir sözlə, bu məsələlər müzakirələr zamanı uğurla həll edildi”.

Ə.Nuriyev əlavə edib ki, qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb: "Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi bildirdi ki, "Nağdsız hesablaşmalar haqqında” Qanunun ayrı-ayrı maddələri ilə bağlı təkliflərimizi verək. Vətəndaş cəmiyyəti olaraq, qanunla bağlı təkliflər barəsində düşünürük”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər