• cümə, 29 Mart, 01:12
  • Baku Bakı 7°C

Qeyri-bərabərliyin harmoniyası

06.11.18 09:00 1186
Qeyri-bərabərliyin harmoniyası
Qeyri-bərabərliyin harmoniyası, kainatın əsas, bəlkə birinci, bəlkə də yeganə qanunudur. Bərabər ölçülər isə sadəcə, bir aldanışdır. Bərabərlikdə hərəkət yoxdur, doğuluş aktı yoxdur, hətta ölüm də yoxdur, çünki bərabər ölçülərin münasibətində həyat da yoxdur. Cisimlərin düzülüşü, bu düzülüşün cazibə və itələmə qanunlarındakı sıfıra bərabər olan qeyri-dəqiqlik, bərabər ölçülü münasibətlərə borclu deyil. Təkcə ona görə ki, cisimlərin öz ölçüləri və onlar arasındakı məsafə ölçülərinin bərabərliyi təbiətdən yox, insan şüurundan qaynaqlanan bir şeydir. Yəni burada zorakılıq var. Təbiətin "xaos"unu "kosmos"a çevirmək istəyi yalnız insanın ağlına gələ bilər.
İnsan heç zaman təbiətə "niyə" sualını verə bilməz. Bu "niyə"lər insana qarşı məhz elə insanın öz şüurunda yaranmışdır. Belə ki, təbiətin gizliliyini aşkara çıxarmaq əvəzinə, yeni qanunlar və ölçülər tərtib edən insan şüuru elə insanın özü tərəfindən təkzib edilir. Bəşəriyyətin Yer kürəsinə gəldiyi ilk gündən bəri, hələ elə bir qanun mövcud deyil ki, bir müddət sonra gücdən düşməsin, rədd edilməsin. Elə bir təyinat yoxdur ki, ona qarşı "niyə"lər ortaya çıxmasın. Ancaq dediyimiz kimi, insan təkcə təbiətə "niyə" sualını verə bilmir. Çünki təbiətin qanunları bəsit və dialektik məntiqə tabe deyil. Bu məntiqi icad edən isə yenə də insandır. İnsanın isə təbiətə gücü yetməz - onu dağıdar, korlayar, yox edər, ancaq onun qanun və ölçülərini dəyişə bilməz.
Bizim bəhs etdiyimiz təbiət isə ətraf mühit, ekologiya-filan deyil. Makro-aləm və mikro-aləm daxil olmaqla, bizim qəsd etdiyimiz təbiət hərəkətin özü, ilkin və bizim iradəmizlə, yaxud da idarəmizlə gerçəkləşməyən harmoniyadır. Quşların, suların, yarpaqların səsindəki inkarı mümkün olmayan harmoniyanı kim və hansı qanunlar əsasında yaratdı? Bunun cavabı "Tanrı" da olsa, "təbiət" də olsa, fərq etməz. Çünki söhbət yaradandan deyil, yaradılandan gedir.
Cisimlər, onların səsləri, rəngləri, enerjiləri arasındakı münasibət musiqinin dili ilə desək, temperasiyadır. Ancaq insan oğlunun icad etdiyi bərabərölçülü temperasiyadan öncə qeyri-bərabər temperasiya mövcud idi. Biz isə, "öncə" və "idi" kəlmələrini yerində işlətmədik. Çünki qeyri-bərabərlik bərabərlikdən öncə deyil, onun kənarındadır. Və beləliklə, tarix deyil, bu gündür, hər zaman məlum qanunlarla paralellik təşkil edən naməlum qanunlardır.
Bununla bərabər, insan oğlunun hər bir icadı, necə deyərlər, bir fədakarlıq bəhrəsidir. Sebastian Baxın YTK-sı ("Yaxşı temperasiya olunmuş klavir") yaradıcı və ən əsası dahiyanə bir üsyanın nəticəsidir. Dahilər Tanrının hədiyyəsidir. Ancaq illər və əsrlər keçir, insan şüuru yenə də üsyan etməyə başlayır: nə üçün, niyə məhz bərabərölçülü temperasiya? Qeyri-bərabərlik olsa və bizim təyin etdiyimiz ölçülər pozulsa, nə baş verər? Dissonanslıqmı? Axı nədir dissonanslıq? Onu da, onun əksi olan konsonanslığı da biz yaratmadıqmı? Əsrlər boyu musiqidəki harmoniya qanunlarına katolik kilsəsi nəzarət etmədimi? Bethoveni də, Vaqneri də, Stravinskini də inkar edən, onları "şeytanın köləsi" adlandıran zehniyyət haradan qaynaqlanırdı? Əgər bu zehniyyət məna və zaman baxımından mütləq idisə, həmin "kölələr" niyə bu gün sultandır?! Bethovenin harmoniyasını rədd edən kilsə niyə bu gün Bethovensiz nəfəs ala bilmir? Bütün bu "niyələr”in bircə cavabı var: əbədi olan şey insan şüurudur, onun məhsulu deyil! İnsan amili bütövlükdə, böyük mənada götürülməlidir. İnsan bir millətin, bir dövrün, bir cərəyanın nümayəndəsi kimi yox, bir cins kimi, növ kimi qəbul edilməlidir. Yalnız o zaman bu nəhayətsiz məxluq - yəni insan zamana, məkana, irqə, millətə və yaxud da hansısa dinə, cərəyana sığmayacaq.
İnsanı yenə də insan inkar edir. Ancaq insanın insanı inkarı həm də və daha artıq insanın insanı təsdiqidir, onun davamıdır. İnsan amili və insan şəxsiyyəti fərqli-fərqli şeylərdir. İnsan amili, dediyimiz kimi, daha böyük, geniş və tanrısal bir anlayışdır. Ancaq insan şəxsiyyəti inkarı və davamı qəbul etməyən, dar, kiçik və iddialı bir qavramdır. Adından da göründüyü kimi, şəxsiyyət şəxslərdir, şəxslənmiş bir möhürdür. Halbuki təbiətin axışı bütün möhürləri silir, bütün şəxsiyyətləri yox edir. Ancaq bu yoxetmə prosesi yeni var olmanın əsasını təşkil etdiyi üçün, heç bir dahi ölmür. Dediyimiz kimi, ölümə məhkum olan insan və insan şüuru deyil, bu şüurun məhsuludur. İnsan şüuru əbədi olduğu üçün, hər zaman hansısa keçici qanunlara, müvəqqəti ölçülərə hamilədir. Doğulan isə bir gün mütləq ölür. Yaranan şeyin ölümsüzlüyü və ya ömrünün uzunluğu onun mütləq təbii yaranışın qeyri-bərabər ölçülərə malik olan qanunlarına mümkün qədər yaxın olmasına bağlıdır. Deyirlər ki, filan dahi öz zamanını ən azı, yüz il qabaqlayıb. Əslində isə zamanı qabaqlamaq mümkün deyil. Təyin edilmiş bir öncəki ölçülərə tabe olan insan şüurudur ki, yüz il geridədir. Bəli, təbiətin dialektikası yalnız iki şeyi mümkün edir; hərəkətə paralellik və ya ondan geri qalmaq. Hərəkəti və zamanı qabaqlamaq isə təbii axına ziddir. Əslində, dediyimiz kimi, konflikt zamanın üzərində deyil, şüurun üzərindədir. Nisbi zamanı təyin edən insan şüurudur. Saatı da icad edən insandır, əxlaq normalarını da, səslərin bərabərölçülü temperasiyasını da. Hər zaman var olan şey mütləq zamandır. İnsan isə nisbi zamana özünü təhkim edib sadəcə. Nisbi zaman nisbi məkan anlayışını doğur. Bu silsilədən isə nisbi milliyyət, nisbi din, nisbi fəlsəfələr dünyaya gəlir. Dünyanı Şərqə və Qərbə kim böldü?! Yenə də insan. Bəs bu bölgünün nəticəsi təkcə mədəniyyət və sivilizasiyaların uzlaşmasınamı gətirib çıxardı? Belə düşünmək sadəlövhlük olardı. Bu gün Türkiyə türklərinin tez-tez işlətdikləri bir "yabancı" kəlməsi var. Məlumdur ki, bu söz ərəb dilindən gələn "xarici" sözünün türkcə qarşılığıdır. Lakin bu, sadəcə filoloji baxımdan belədir. Halbuki, bu günün Türkiyə zehniyyətindəki "yabancı" kəlməsi daha çox "yad", "bizimki olmayan" və hətta və deməli "bizə zidd olan, zərərli olan" anlamında işlədilir. Bu gün artıq Fazıl Say kimi çağdaş dünya piano sənətinin liderlərindən biri, türklər və müsəlmanlar üçün "yabancı"dır, yaddır. Nə oldu, necə oldu? Fazıl Say zamanınımı qabaqladı? Əsla! Müasir şəriət zehniyyəti proqressiv türk xalqının böyük bir qismini ən az yüz il geri saldı! Bu mənada toplumsal şüur və məkan anlayışı çox mühümdür. Eyni münasibət, yarımkürələrə bölünmüş dünyanın Qərbində də mövcuddur. Ancaq onlar katolik və ya lüterian zehniyyətinə tabe olmadıqları üçün, Şərqin malı hesab edilən, məsələn, qeyri-bərabər temperasiyanı inkar etmir, öyrənməyə çalışır və bunu qəbul etməyənlərin qarşısına çıxırlar. Orada zamanı qabaqlayanlar olmur, zamanın sürətinə yetişənlər olur.
Şərqin və Qərbin "malı" olan dəyərlər əslində insanın malıdır, insanlığın dəyəridir. İnsanın isə Şərqi, Qərbi olmur. Belə olmasaydı, Höte "Şərq-Qərb" divanını, Qarayev isə "Don Kixot" simfonik qravürlərini yazmazdı. Dünyada bu qədər gözəl şey var ikən, insanlar niyə cəbhələşir, niyə mənasız və məqsədsiz qanlar tökülür, anlamaq olmur. Niyə sağlamlıq deyil, xəstəlik yoluxucu olur? Nə üçün Tanrı virusu mövcud deyil?
Ancaq insanlıq, üsyanını davam etdirməkdədir. Bu üsyan düşünən vücudların hərəkətidir - daşlara, qayalara, keçidlərə hücum edib, onların üzərindən özünə yol açan çaylar kimi, haradan gəldiyi, nə zaman başladığı bilinməyən, önünü kəsən eybəcər inşaatlara və hətta onlardan qədim və göz oxşayan əzəmətli dağlara rəğmən, əsib-əsib rəhmət dağıdan küləklər kimi... İnsan şüuru dözülməz dərəcədə inadçı və gerilikçi, qarşısıalınmaz dərəcədə üsyankar və yenilikçidir. Hər ikisi - inadçı gerilik də, üsyankar yenilik də ehtiyacın bəhrəsidir. İnsan sükunətə də, hərəkətə də ehtiyac duyur. Bu ehtiyacı formalaşdıran şey isə şüurun və zəkanın tərbiyəsindən törəyən fəlsəfəyə bağlıdır. Məsələn, mən artıq qəzavü-qədərə, ulduzlara, alın yazısına-filan inanmıram. Mən fəlsəfəyə inanıram. Türkiyəli bir dostumun da dediyi kimi, "bilgi kaderi deyiştirir". Həqiqətən də tale fəlsəfənin əsəridir. İnsanın öz taleyini, öz həyatını onun öz fəlsəfəsi formalaşdırır. Bundan başqa, insan münasibətlərini müəyyən edən şey də yenə fəlsəfədir. Onları bir-birinə dost və ya düşmən edən gülməli ulduz falları deyil, onların öz düşüncələridir.
Fəqət bizim qəsd etdiyimiz tale ölüm, xəstəlik, sevgi, ayrılıq, vətən, qürbət-filan deyil.Bunlar həqiqətən də çox kiçik şeylərdir. Düha deyilən qeyri-bərabər ölçülü gözlənilməz təhacüm sıradan həyat gerçəklərinin çox-çox üstündədir. Əgər İqor Stravinski həyatını arvadının xəstəliyi, 1-ci Dünya Müharibəsi və ya Vera Südeykina ilə olan gizli roman üzərində qursaydı, o zaman "Müqəddəs Bahar" onun yuxusuna girməzdi. Əlbəttə, böyük maestro bu həyat gerçəklərinin hamısını yaşadı. Elə onu Rusiyadan Avropaya götürən vasitə arvadının xəstəliyi və dünya savaşının amansızlığı oldu. O, madam Qabriel Şanellə tutkulu sevgi yaşayarkən də öz ailəsinin qayğısı onu rahat buraxmırdı. Ancaq burada incə bir ayrıntı var: onun ailəsi, sevgililəri həyatın və taleyin kiçik və ötəri, ən əsası isə qaçılmaz cilvələri idi. Lakin bu qaçılmazlığın tünd qoxulu, zillət qaranlığının içərisində yazılan partituralar artıq qəzavü-qədər yox, məhz fəlsəfənin özü idi. Üzərindən az qala bir əsr yarım keçməsinə baxmayaraq, Stravinski hələ bu gün də tam olaraq, müasir deyil. Niyə? Yoxsa o da zamanı qabaqlamışdı? Yox, dediyimiz kimi, dahilər zamanın addımını müşayiət edənlərdir. Ancaq məkan, irq və dini görüşlərin süni şəkildə yaratdığı gərəksiz ölçülər toplumu dahilərdən geri salır. Zaman heç vaxt şəxsiyyətin altında ola bilməz. O, hər şeyin üstündədir. Bu gün Qərb klassik musiqisində qeyri-bərabər temperasiya haqqında novatorsayağı düşüncələr baş alıb gedir. Onlar da yaxşı bilir ki, bu xaosun həlli Şərqdədir. Ancaq bu və bu kimi məsələlərdə Şərq sadəcə, xammaldır, aktiv şüur daşıyıcısı deyil. Qərbin orta əsrlərdəki dini konservatizmi Şərqdə yenidən oyanmağa başlayıb. İsrarla və inadla iddia edilir ki, Şərq musiqisi çoxsəsli ola bilməz. Çünki Şərq tonları qeyri-bərabər temperasiyaya malikdir. Əslində isə alt qatda yenə də fəlsəfə yatır. Qərb yüz fərqli səsi eyni anda danışdıran orkestr adlı İlahi kəşfə nail oldu. Və bunu bərabər temperasiyaya borclu deyil. Bərabərlik də, qeyri-bərabərlik də sadəcə, alışqanlıqdır. Sanki bərabər temperasiya ilə yazan İqor Stravinskiyə daş və yumurta atanlar parislilər deyildi... Məsələ, şüurdakı ətalətin sındırılmasındadır. Bu gün hər iki yarımkürədə fəlsəfi ətalət və ruhi tənbəllik hökm sürür. Deyirlər, Yer kürəsi 3-cü, 4-cü, ya neçənci boyuta keçib. Yəni artıq fırlanış və bu dövriyyənin yaratdığı zaman məfhumu deformasiyaya uğramışdır. Bəlkə bir az sonra dünyanın ən uca nöqtəsi Everest olmayacaq. Ölümlə və gücsüzlüklə barışmaq lazımdır. Zorla yenilik olmadığı kimi, zorla köhnəlik də olmur. Bəşəriyyətin xilası nə aclığın dəf olunmasında, nə axan qanların durmasında, nə də nə olduğu bilinməyən "insan haqlarının bərpası"nda deyil. Bütün bunlar nəticədir. Bu nəticələrə aparan yol isə şüurda və bu şüurun ortaya qoyacağı bağlantısız, təəssübsüz, kainatın çevrəsinə hesablanan fəlsəfədədir.
Hərdən düşünürəm, görəsən, insanlar arasında rəng irq, millət, ölkə, din ayrılığı olmasaydı, bəşər yenə də konfliktlərlə yaşayardı? Ancaq belə məlum olur ki, bəşəriyyətin təzadı onun rəngində, irqində, dinində deyil, fəlsəfi boşluğundadır. Diqqət etsək, görərik ki, dahilərin yaratdıqları, sərhəd və millət tanımır. Deməli, problem sərhədlərdə deyil, sərhədsiz olan şüurlardadır. Ola bilməz ki, insan dahiyanə bir əsəri çox sevə, ancaq onu "yabancı" bilə. Bunu edirlər, ancaq nə qədər məntiqsiz və təəssüf doğuran bir şey olduğunu bilmirlər. İnsan yaradıcıdır və onun hər yaratdığı bütün insanlığın ən doğma, ən pozitiv, ən dəyərli sərvətidir.
Nəticə budur ki, doğmalığı icad edənlərin əsil məqsədi yadlığı icad etməkmiş. Özününkünə "doğma" deyən, başqasına mütləq "yad" deyəcək. Burada yeganə çıxış yolu özündən və başqasından qurtulmaq, danılmaz və qarşısıalınmaz gözəlliklərə ömür sərf etmək və beləliklə də, gözəl və hüzurlu yaşamaqdır. Başqa dürlü qurtuluş yollarının heç birisi özünü doğrultmadı və doğrultmayacaq!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər