• çərşənbə, 24 Aprel, 16:19
  • Baku Bakı 27°C

Qeyri-bərabər və qeyri-səlis...

30.10.18 10:45 788
Qeyri-bərabər və qeyri-səlis...
Varlığın davamı yoxluğun davamı ilə düz mütənasibdir. Nə varlıq, nə də yoxluq davamlı olduğu üçün əbədiyyətin formulu yerdəyişmələrlə gerçəkləşir. Ancaq əbədiyyət, daha doğrusu, mövcudiyyət təkcə varlıqdan, yoxluqdan və onların yerdəyişməsindən ibarət deyil. Varlıqla yoxluq arasında çoxlu və müstəqil, eyni zamanda paralel və qeyri-paralel nəsnələr mövcuddur. "Varlıqla yoxluq arasında" ifadəsi o demək deyil ki, onlar əvvəl və sondur. Varlıqdan əvvəl, yoxluqdan isə sonra və yaxud da əksinə olan bilinməz sayda nöqtələr hərəkətdədir. Əslində isə varlıq da, yoxluq da şərti anlayışlardır. Bu şərtilik şüurun məlum sərhədləri daxilində şərtlənir. Lakin şüurun həm də qeyri-məlum sərhədləri vardır. Dünyadakı şüur sərhədlərini pozanlar öncə öz şüurlarındakı sərhədi pozanlardır. Yalnız özünü aşanlar hər hansı bir maneəni aşmağa və yaxud o şeyin bir maneə olduğunu dərk etməyə qadirdirlər. Özündən doymayan hər zaman dünyaya ac qalacaq. Yoxluğun, daha dəqiq ifadə etsək, tükənmişliyin gəlişi varlığın, daha doğrusu, əbədiyyətin gəlişinə bir müjdədir. Çünki insan elə bir yaranışdır ki, bütün formullar, bütün hərəkət prinsipləri, aralıqlar və onlardan çıxaraq şərti künclərə doğru alınan fiqurlar hamısı insanda cəm olmuşdur. Şuur birbaşa əməl deməkdir. Hər hansı düşüncə hərəkətin başqa bir formasıdır. Sabit nöqtələr əslində sabitlik yox, müvəqqəti xilas və dayanacaq deməkdir. Əbədi əsarət olmadığı kimi, əbədi azadlıq da mövcud deyil. Aralıqlardan künclərə doğru şəkil alma istəyi subyektin obyektiv zənn etdiyi idrak hakimiyyətidir. Şəkillər, fiqurlar, müəyyən edilmiş ölçü vahidləri yalnız öz oxu ətrafında hərəkət edən kürəciklərdir. Çünki kainat səxavətlidir - parlamağa başlayan həqiqi işıqların hamısını ulduza çevirir. Lakin biz unuduruq ki, öz oxu ətrafında hərəkət edən kürəciklərin həm də geniş trayektoriyalı başqa bir hərəkəti da vardır. Eyniyyətin, paralelliyin həm var olub, həm pozulması, həm simmetriyanın övladı olan məntiqə, həm də onun əksindən törəyən digər bir məntiqə səbəb olur. Fikir versək, görərik ki, insan oğlunun axtardığı və tapdığını zənn etdiyi və niyəsə ümumiyyətlə möhtac olduğu ən mühüm şey məntiqdir. İnsan niyə məntiqə bu qədər ehtiyac duyur? Məntiqsizliyin önünü kəsmək üçünmü? Əgər belədirsə, nə üçün hər yeni məntiq özündən əvvəlkini məntiqsiz elan edir? Axı həmin o əvvəlkinin də məqsədi və ümumiyyətlə, doğuluş səbəbi məntiqsizliklə mübarizə idi. Ancaq bəlkə də məntiqin hər zaman yenilənməsi onun inkişafı deməkdir. Axı heç nə heç nəyi inkar etmir. Hər kəs çox yaxşı bilir ki, kainatın hərəkəti, mövcudiyyətin davamı varlıqdan yoxluğa, yoxluqdan varlığa keçməklə mümkün olsa da kainatda inkar yox, inkişaf var. Əgər qara dəliklər hər şeyin ölümü, hər şeyin şərti və ya qeyri-şərti yoxluğu deməkdirsə, bu zaman qara dəliklərin mövcudiyyət səbəbi də elə öz yedikləri, öz öldürdükləridir. Deməli, ölümün, hətta öldürməyin özü də inkar deyil.
Ümumiyyətlə, kainatda inkar olunası yeganə şey inkarın özüdür. Tarix boyu hər hansı bir inkarın ayaq tutub yeridiyini kim görüb? Heç bir üsyançı inkarçı olmayıb, inkişafçı olub - o bunu dərk və qəbul etsə də, etməsə də. İnkarçılar o üsyanları yatıranlar və yatırmaq istəyənlərdir ki, biz hələ tarixdə həqiqətən və həmişəlik yatırılan bir üsyan görmədik.
Ölçülərin, hər zaman bir mərkəz axtaran qeyri-bərabər hərəkət hüceyrələrinin məntiq arayışı doğrudur. Hər kəs kimi onlar da haqlıdır. Çünki hər kəs fərqli yollarla həmin mərkəzəqaçma hərəkətinə meylli və talibdir. Bunu inkar edənlərin özləri də Dadanı, sürrealı və hər şeyin "post"unu izah edərkən, ona uzun-uzun manifestlər yazarkən, fərqində olmadılar ki, onlar bir məntiqi inkar etməklə, başqa bir məntiq yaradırlar. Dediyimiz kimi, kainat çox səxavətlidir. Çünki bütün işıqlar müdhiş fədakarlıq bəhrəsidir və hər yeni ulduz əvvəlcədən özünə yer açır. Bəlkə də kainat çox kiçik və məhdud qalardı, əgər həmin o fədailər olmasaydı. Hər an genişlənən kainat, hər an doğulanulduzlar və yaranan qalaktikalar məhz yaradılmış şüurun bəhrəsidir. Yaradana bəlkə bir nöqtə bəs edərdi. Ancaq yarananlar bunu istəmədi və o nöqtəyə üsyan etdi. Bu isə yaradanın xoşuna gəldi. Avropada yeni epoxanın, şüur üsyanından yaranan yeni dünyanın nüvəsi Makiavellinin bu sözləri ilə başlayır: "Mən çox böyük cəsarət edərək, demək istəyirəm ki, insanın yalnız yarısı taledən, bəxtdən, alın yazısından asılıdır. Digər yarısı isə, insanın özüdür!" Əlbəttə, biz bu sözləri bir qədər təhrif etdik, daha doğrusu, ona bir az özümüzü qatdıq. Ancaq mətləb birdir. Tale də, bəxt də, alın yazısı da Makiavellinin cürət edərək, deyə bilmədiyi, öz adı ilə çağırmadığı Tanrıdan başqası deyil. Elə Tanrının xoşuna gələn də budur. İnsan idrakının sonsuzluğunu inkar edənlər o zəncirləri insanın yox, Tanrının qollarına vurmuş olurlar! Çünki insandan fərqli olaraq, Tanrı susqundur, üsyankar deyil və istisnasız olaraq, hər kəsi, hər şeyi sevir! Ancaq Tanrı həqiqətin hər zaman güncəllənməyə ehtiyacı olduğunu bildiyi üçün, həmin üsyan və inkişaf potensialını insana bəxş etmişdir. Həqiqət, yalnız üzərindəki zaman və məkan tozunun silindiyi vaxt üzə çıxır. Həqiqət birdir - zaman başqadır. Həqiqət birdir - məkan başqadır. Bu başqalıq çoxluqdur. Bu rəngarənglik rəngsiz olan həqiqətin zamana və məkana uyğun olan rəngli tamaşasıdır. Bəli, həqiqət rola girmədən, səhnə almadan görünə bilməz. Həqiqətə yazılan bütün ssenarilər əbədidir. Lakin bu əbədilik, əvvəldə də qeyd etdiyimiz kimi, yerdəyişmələrlə və inkişafla şərtləndirilir. Bəli, Nizami də əbədidir, Bethoven də. Ancaq heç biri son deyil. Elə əbədiyyətin, başqa dillə desək, kainatın sonsuzluğunun sirri də burada açılır. Anlamaq lazımdır ki, əbədi olanlar çoxluqların yoxluq fəzasındakı varlığıdır. Yoxluğu onlar var etdilər. Əbədiyə "son" demək insanın bəlasıdır. Tanrı çoxaltmaq istəyir, insan azaltmaq! Aralıqlardan künclərə tapılan hər yol son və mütləq həqiqət hesab edilir. Heç kim öz sələfinin məğlub olduğunu ağlına belə gətirmir. Bütün qalibiyyətlər təsdiqdən, bütün məğlubiyyətlər inkardan yaranır. Hər şeyi təsdiq etmək hər zaman qalib olmaq, ancaq bir tək şeyi inkar etmək bütün zamanlarda məğlub olmaq deməkdir. Başa düşmək olmur ki, özündən əvvəlkini inkişaf etdirərək, yeni bir şey yaradanlar bir gün özlərinin də inkişaf etdiriləcəyini niyə qəbul etmirlər?!
Yeni teleskoplar onu göstərir ki, kainatdakı ulduzlar heç də bir azcıq sarıya çalan ağ rəngli işıqlardan ibarət deyil. Ulduzlar rəngbərəngdir. Onları bizə sadəcə ağ rəngdə göstərən şey isə boşluğun qara rəngidir. Yəqin, yaxın zamanda bəlli olacaq ki, heç boşluğun özü də qara rəngdə deyilmiş. Ağla qaranın rahatlığı tənbəl insan şüurunun özünə etdiyi hədiyyədir. "Hə" və "yox", "təsdiq" və "inkar", "varlıq" və "yoxluq". Bu qədər düşünür insan, vəssalam. Ancaq həqiqət sadəcə bunlardan ibarətdirmi? Qətiyyətlə yox! Bunlar həmin o künclər, bucaqlardır ki, onların sayəsində müəyyən məntiq və şəkillər yaradılır, sonra boşluğa buraxılır. Fəqət, kəsinliklə bilmək lazımdır ki, həmin o boşluq öldürücü, çürüdücü bir məkan deyil. Əksinə, boşluğa düşən hər şey əbədilik vəsiqəsi qazanır. Hətta, kosmosda qalmış süni peyklərin zibil olaraq toplanıb, kosmik fəzanın təmizlənməsini öyrənən yeni elm sahələri vardır. Çünki boşluğa düşən, yəni sonsuzluğa, əbədiyyətə qədəm basan metal parçaları belə, heç bir zaman çürümür, yox olmur. Ancaq, görürsünüzmü, onlar "kosmik zibil" adlandırılır və toplanılmağa çalışılır. Niyə? Çünki maddidir. Şüurun məhsulu olsa da şüurun özünə maneə törədir. Mənəvi olanlar isə həmin fəzanı dar etmir. Maddiyyatın son məkanı torpaqdır. Əvvəl-axır onları da insan bədəni kimi torpağa qarışmaq gözləyir. Bax, əsl və yeganə ölüm, tənha yoxluq budur! Bir maddidən başqa maddiyə keçən mənəviyyat isə ölümə yox, həyata məhkumdur!
Qəribə və əlçatmaz bir həyat vardır inkarsızlıqda. Əvəzlənmələr qəribə şəkildə vəhdət yaradır. Bütün müstəqil əsərlər eyni bir əsər kimi səslənir. Bir-birinə zidd olanların qəribə harmoniyasını görürük həmin bu əbədilik fəzasında. Bəlkə onların qaynağı birdir? Bəlkə bir ananın övladları olduğu üçün nəticədə bir nöqtəyə vururlar? O "ana" Yaradandırmı? Özündən doğub, öz qucağındamı bəsləyir övladlarını?! Axı məntiqlər bir-birini əvəz etsə də, ortada heç bir məntiqsizlik yaranmır? Romantizm klassikanın üzərindən qələm çəkdi, yoxsa ona yeni həyat verdi? Mən ikinci variantı seçərdim. Klod Mone rəssamlıqda, onun adaşı Klod De Büssi isə musiqidə impressionizm cərəyanın əsaslarını qoyanlardan oldular. Ancaq bu həm də o deməkdir ki, impressionistlər haqlı, romantiklər və klassiklər haqsızdır?
Bizə görə buradan qeyri-səmimiyyət və aşağılıq çıxardaraq, həqiqətə iddia etmək, beləliklə özündən əvvəlkini inkar etmək səfehlik və süni şəkildə yaradılmış mənasız bir eqodur.
Ancaq bu məqamdakı başqa bir mühüm yanlışlıq əslində hər şeyin bir şey olması fikridir. Hər şey, bütün elmlər, fəlsəfələr, məntiqlər, onlardan yaranan monumental incəsənət şedevrləri bəlkə eyni yerdən doğulur, ancaq eyni cür yaşayıb, eyni yerə getmir. Əvvəl bəlkə də birdir, ancaq son fərqlidir. Çünki son bitiş deyil, əbədiyyətdir. Din və dinlər bunun adına "axirət" və "cənnət" deyir. Ancaq izah edə bilmir bunun nə olduğunu. Taledən, bəxtdən, alın yazısından, başqa sözlə Tanrıdan özünün tən yarısını böyük fədakarlıqlar və inanılmaz dərəcədə dərin təfəkkür hesabına qoparan insan dühası isə həmin o "axirət"i də, "cənnət"i də açıq-aydın şəkildə bu gün, indi göstərir. İnsan zəkası həqiqəti gələcəyə buraxmır. Onu indi yaşadır, bu gün üçün, bu dəm üçün gerçək edir.
Qeyri-bərabər ölçülərin qeyri-səlis məntiqi ortaya qoyduğu fikri artıq heç bir şübhə doğurmur. Çünki məntiq mövcudiyyətin izi ilə gedir, mövcudiyyət məntiqin deyil. Yəqin ki, hələ çox məntiq növləri ortaya çıxacaq. Əgər indi müdafiə etdiyimiz qeyri-səlis məntiqin son və qəti qərar olduğuna inansaq, o zaman əqli irticanın bir parçası da biz olmuş oluruq. O zaman biz daha mürtəce, daha zalım oluruq. Ona görə ki, başqaları özündən əvvəlkiləri inkar edirdi, biz isə özümüzdən sonra gələcəkləri inkar edirik. Dediyimiz kimi, ümumiyyətlə, inkarçılıq həqiqətə ziddir. Mənfi bir şeylə mübarizə aparmaq onu inkar etmək anlamına gəlmir. Bu, zatən mümkün deyil. Mübarizə aparılan şeyi inkar etmək yox, onu islah və inkişaf etdirmək mümkündür. Ancaq düşünəndə ki, şüurlu başlar mənfiləri yox, hətta müsbətləri inkar edir, bax əsl məntiqsizlik o zaman başlayır! Aristoteli inkar etməklə Homeri inkar etmək eyni şeydir. Və yaxud da Farabini bu gün yox saymaqla, Mövlananı qeyri-aktual hesab etmək arasında heç bir fərq yoxdur. Çünki yaşayan şeyin adı "yaşamaq"dır, başqa bir şey deyil. Həyat yalnız həyatla izah oluna bilər. Yeganə fərq və üstünlük fədakarlıq və elmdir ki, insan ömrünü aşaraq zamana, milli və coğrafi sərhədləri aşaraq məkana üsyan etmiş və hər zaman qalib gəlmişdir. Qaliblər isə necə deyərlər, müzakirə olunmur. Fəzada yer çoxdur. Hətta dediyimiz kimi, hər cisim öncə fəzada özünə yer açır, sonradan oraya yerləşir. Bu fəzanın adı, bir daha təkrar edirik ki, əbədiyyətdir. Əbədiyyətin ən böyük özəlliyi isə, keçmiş fəlsəfi dillə desək, əksliklərin, bugünkü fəlsəfi dillə desək, çoxluğun vəhdətidir. Bu məntiqi ancaq əbədiyyətlə anlamaq mümkündür. Əbədiyyətə daxil olmaq üçün isə əbədi olmaq, sonsuzluğu qazanmaq lazımdır. Bəlkə də orada insanın həmin o birinci yarısı, yəni tale, bəxt, alın yazısı, dolayısı ilə Tanrı tam olaraq insana çevrilir. Yəni insan yüz faiz olur. Ya da nə insan qalır, nə bəxt, nə tale,... hər şey bir şeyə dönür. Onun adı isə,...
P.S. Doğulmayan bir şeyə ad qoymazlar. Biz iki dəfə doğuluruq. Bir anamızdan, bir də özümüzdən. Birinci doğuluşdan adımız var. Ancaq ikinci dəfə doğula bilsək, o zaman əbədi olanın adını da biləcəyik. Hələlik isə.. yalnız və yalnız həyat!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər