Qətərli jurnalist qrupu Mətbuat Şurasında olub
Bu gün Qətər Əmirliyinin Azərbaycanda səfərdə olan bir qrup jurnalisti
və blogeri Azərbaycan Mətbuat Şurasında olub. Qonaqları salamlayan MŞ sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq
əlaqələrindən söz açıb. Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalist
axınının olduğunu vurğulayan MŞ sədri bunun ölkəmizlə bağlı həqiqətlərin
dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərinə diqqət yetirib. O, qətərli jurnalistlərin
Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminliyini ifadə edib.
Ə.Amaşov həmçinin bildirib ki, Qətər nəinki müsəlman aləmində, eləcə də
dünyada qabaqcıl media ənənələrinə malik ölkədir. Buna görə də əmirliyin
təcrübəsinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət daşımaqdadır. Ə.Amaşov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai
ilə ötən ilin iyulunda keçirdiyi görüşün bu baxımdan səmərəli nəticələr üçün
nikbinlik yaratdığını dilə gətirib.
Azərbaycanda internet medianın sürətlə inkişaf
etdiyini vurğulayan MŞ sədri onu da bildirib ki, ölkədə sosial şəbəkə
istifadəçilərinin sayı artmaqdadır. Bu isə vətəndaş jurnalistikasının
inkişafına təkan verən mühüm faktordur.
MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya
Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, Jurnalistlərin Həmkarlar
İttiqafının sədri Müşfiq Ələsgərlinin, Şuranın İdarə Heyətinin üzvləri - «APA
Holdinq»in rəhbəri Vüsalə Mahirqızının, «milli.az» xəbər portalının baş
redaktoru Anar İmanovun, həmçinin Bakı Dövlət Universitetinin jurnalistika
fakultəsinin dekanı Vüqar Zifəroğlunun iştirak etdiyi görüşdə qətərli jurnalist
və blogerlərin sualları cavablandırılıb, Azərbaycanda söz və ifadə azadlığının,
jurnalistika sahəsində təhsilin vəziyyəti, kütləvi informasiya vasitələrinin
yaradıcılıq xüsusiyyətləri, maddi durumu ətrafında fikir mübadiləsi aparılıb,
dünya mediası ilə oxşar və fərqli cəhətlər nəzərdən keçirilib.