• çərşənbə axşamı, 19 mart, 10:54
  • Baku Bakı 8°C

Qətərin təhsil nazirinə BDU-nun fəxri qonağı diplomu təqdim edilib - Fotolar

20.02.17 21:34 788
Qətərin təhsil nazirinə BDU-nun fəxri qonağı diplomu təqdim edilib - Fotolar
Bakı Dövlət Universitetində Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov İslam dünyasının inkişaf etmiş ölkələrindən olan Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrdən danışıb. Ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, islam dininin yayılmasında, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığını deyən rektor bu gün dünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycanın bütün bunlardan həm iqtisadi, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə keçdiyini və öz varlığını, möhtəşəm tarixini bir daha ortaya qoya bildiyini diqqətə çatdırıb. Ötən illər ərzində prezident İlham Əliyevin və Qətər Dövləti Əmirinin dəfələrlə rəsmi görüşlərinin olduğunu deyən rektor, ölkələrarası çoxsaylı sənədlərin imzalanmasına da diqqət çəkib. Bildirib ki, ötən il Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dohaya səfəri çərçivəsində Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüşüb, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyəti qeyd edilib.

Rektor, eyni zamanda qonaqlara Bakı Dövlət Universiteti, onun beynəlxalq əlaqələri, o cümlədən islam universitetləri ilə əlaqələri barədə məlumat verib. Bildirib ki, BDU-nun 100 ilə yaxın tarixi ərzində çox şöhrətli məzunları, dünya səviyyəsində tanınan görkəmli alimləri olub. Azərbaycan xalqı, dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra tarixi şəxsiyyətlər Bakı Dövlət Universitetinin fəxri doktorları və fəxri qonaqları adına layiq görülüb. Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin də islam dünyasının tanınmış elm-təhsil təşkilatçılarından biri olduğunu deyən rektor, ona Bakı Dövlət Universitetinin fəxri qonağı diplomunu təqdim edib.
Sonra qonaq Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Bakı Dövlət Universitetində olmaqdan, universitetin Fəxri qonağı adına layiq görülməkdən məmnunluğunu ifadə edib, gələcək fəaliyyətində də elm-təhsil sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin çıxışından sonra tədbir tələbələrin çoxsaylı sualları ilə davam edib.

Sonda nümayəndə heyəti universitetin elmi-tədqiqat və tədris laboratoriyalarında olublar.



banner

Oxşar Xəbərlər