• çərşənbə axşamı, 16 aprel, 22:10
  • Baku Bakı 18°C

Qətər-Azərbaycan əlaqələri genişlənir

13.02.18 11:00 1970
Qətər-Azərbaycan əlaqələri genişlənir
Qətər və Azərbaycan arasında diplomatik əlaqələr dövlətimiz öz istiqlaliyyətini bərpa etdikdən sonra yaranıb. Qətər Azərbaycanın istiqlaliyyətini tanıyan ilk dövlətlərdən olub. Ötən illər ərzində iki ölkə arasında əlaqələr dinamik şəkildə inkişaf edib. Bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişafı iki ölkənin xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib. Qətərlə Azərbaycan arasında münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərindən, imzaladıqları çoxsahəli əməkdaşlıq müqavilələrindən sonra daha da möhkəmlənib. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Hamad Al Taninin 2016-cı ilin martında Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrində əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verdi. Səfər zamanı tərəflər arasında əlaqələrin bütün sahələrdə inkişafına xidmət edən bir sıra sazişlər imzalanıb. Belə ki, Qətərlə Azərbaycan arasında birgə iqtisadi, ticarəi və texniki komissiyanın yaradılması, ədliyyə nazirləri arasında hüquq sahəsində əməkdaşlıq haqqında, təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq, gömrük sahəsində kadrların peşəkar hazırlığı və ixtisasının artırılması, nəqliyyat sahəsində, büdcə və maliyyə, mədəniyyət sahələrində sazişlər imzalanıb. Qeyd etmək lazımdır ki, cənab Yusif bin Həsən əl- Saai Qətər Dövlətinin Azərbaycandakı səfiri təyin olunduqdan sonra bu əlaqələr daha da inkişaf edib.
O, öz etimadnaməsini prezidentə təqdim etdikdən sonra bütün səylərini səfərbər edərək ikitərəfli əlaqələri inkişaf etdirmək, Azərbaycanın bütün qurumları ilə yaxından əlaqələr yaratmaq məqsədilə bir sıra görüşlər keçirdi. Eyni zamanda, səfir Azərbaycanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir. Səfirin yerli mətbuatla görüşləri bir adət halını alıb. O, Azərbaycana gəldikdən sonra bir sıra xəbər agentliklərinin, saytların ofislərində görüşlər keçirərək ölkəsinin son illərdə əldə etdiyi uğurlar haqda məlumat verib. Bu səylər və görüşlər indi də davam edir. Qətər səfiri uzun illərdən bəri müxtəlif dövlətlərdə ölkəsini müvəffəqiyyətlə təmsil edib və bu sahədə zəngin təcrübə toplayıb və hazırda bu təcrübədən müvəffəqiyyətlə istifadə edir. Təsadüfi deyil ki, hər iki ölkənin vətəndaşları çox asanlıqla viza əldə etmək imkanı qazanıblar və şübhə yoxdur ki, bu nailiyyətin əldə edilməsində hər iki ölkənin diplomatlarının və o cümlədən,Qətərin Azərbaycandakı səfirliyinin böyük rolu olub. Bunun nəticəsidir ki, Azərbaycana gələn qətərli turistlərin sayı dəfələrlə artıb. Hər iki dövlətin diplomatik nümayəndəliklərinin səyləri nəticəsində son vaxtlarda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edib.
Azərbaycanla Qətər arasında hökumətlərarası birgə komissiyanın fəaliyyətə başlaması da iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verib. Bu da əczaçılıq, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və aqroparkların yaradılması, informasiya texnologiyaları, tekstil, tikinti materiallarının istehsalı, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradıb.
2017-ci ilin yanvar ayında Qətər hökuməti ilə Azərbaycan hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq birgə komissiyasının Bakı şəhərində keçirilən ilk toplantısında iki ölkə üçün qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Prezident İlham Əliyevin keçən ilin fevral ayında Dohaya baş tutan tarixi səfəri də iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə önəmli təkan verib. Dövlət başçısı səfər zamanı bir sıra mühüm görüşlər keçirib, ölkəmizdəki siyasi sabitlik və investorlar üçün əlverişli şərait barədə ətraflı məlumat verərək Qətər iş adamlarını bu əlverişli fürsətlərdən yararlanmağa çağırıb. Qarşılıqlı səfərlər iki ölkə arasında mövcud olan investisiya və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin inkişafı üçün yeni perspektivlər açıb. Şübhə yoxdur ki, bu səfərlər və bağlanan müqavilələr iqtisadi əməkdaşlığın iki ölkə arasındakı yüksək siyasi əlaqələrlə paralel səviyyəyə çatmasına təkan verəcək.
Qətər Dövləti və Azərbaycan regional və beynəlxalq əhəmiyyət kəsb edən sahələrdə də müvəffəqiyyətlə əməkdaşlıq edirlər. Hazırda iki ölkə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir, iki ölkəni bütün səviyyələrdə seçilən əlaqələr birləşdirir. Ümid edirik ki, bu əlaqələr gələcəkdə də sürətlə inkişaf edəcək və çiçəklənəcək. Qətər Dövləti bütün münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlara əsasən dinc yolla həllini dəstəkləyir və eyni zamanda, bütün əlaqədar beynəlxalq təşkilatları bu münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün öz vəzifələrini yerinə yetirməyə çağırır
Qətər Dövlətinin Azərbaycandakı səfiri bütün müsahibə və söhbətlərində, rəsmilərlə görüşləri zamanı bildirir ki, inşaat, turizm və kənd təsərrüfatı və digər sahələrdə investisiyalar üçün geniş imkanlar olduğuna görə birgə iqtisadi, ticari, texniki komissiyanın yaradılması əməkdaşlıq üçün yeni səhifə açacaq və iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq əlaqələri səviyyəsinə çatacaq.
Səfir Qətər Dövləti ilə Azərbaycan arasında əlaqələrin özünəməxsusluğu ilə seçildiyini və bütün sahələrdə inkişaf etdiyini Milli Məclisin Azərbaycan- Qətər Dostluq qrupunun rəhbəri və üzvləri ilə 17 yanvar tarixində keçirilən görüş zamanı da söyləyib: "Ölkələrimiz arasında iqtisadi və ticari əlaqələr ötən il ərzində sürətlə inkişaf edib. Bu da bir sıra Azərbaycan şirkətlərinin ərzaq məhsullarını Qətər bazarlarına çatdırmasında əksini tapıb. Şübhə yoxdur ki, neftin qiymətinin ucuzlaşması neft ölkələrinin iqtisadiyyatına təsir edib, amma Qətər öz iqtisadiyyatını şaxələndirərək gəlirlərin intersifikasiyasına nail olub. Bu da böhranla bağlı problemlərin aradan qaldırılmasına imkan verib. Neft qiymətlərinin enməsi neft və qaz gəlirlərinə əsaslanan Qətər iqtisadiyyatının intersifikasiyası üçün bir fürsətə çevrilib. Qeyd etmək lazımdır ki, ötən il OPEK-ə rəhbərliyi ərzində Qətər bu təşkilatdakı müxtəlif qüvvələr arasında istehsalın azaldılmasında razılığa nail olunması üçün səylər göstərib”.
Görüşdə həmçinin qeyd edilib ki, iki ölkənin turizm qurumları Azərbaycana gələn qətərli turistlərin sayının artması, onlara yüksək səviyyəli xidmət göstərilməsi və bəzi hallarda rastlaşdıqları çətinliklərin aradan qaldırılması üçün əməkdaşlıqlarını genişləndirirlər. Belə ki, Azərbaycanda turizmin inkişafından ötrü Qətər və Körfəz Əməkdaşlığı Şurası üzvləri olan dövlətlərin vətəndaşları üçün sərhəd məntəqələrində viza qaydalarının sadələşdirilməsi ilə əlaqədar Azərbaycan hökumətinin 2016-cı ilin fevralında qəbul etdiyi qərar müdrik addım kimi dəyərləndirilir. Bu qərar son zamanlarda Körfəz ölkələrindən və həmçinin Qətərdən gələn turistlərin sayının əhəmiyyətli şəkildə artmasına gətirib çıxarıb: "İki ölkə arasında özünəməxsus əlaqələr fonunda müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün çalışacağıq və bu da iki dost xalqın mənafeyinə uyğundur. Yaxın gələcəkdə ticarət mübadiləsini genişləndirmək, iqtisadi və investisiya sahələrində əməkdaşlığı artırmaq, hər iki ölkənin məsul şəxslərinin rəsmi və dövri səfərlərini, iki ölkənin iqtisadi qurumları arasında konfransların, sərgilərin keçirilməsini dəstəkləmək bizim məqsədimizdir. Eyni zamanda, Azərbaycana səfər edən qətərli turistlərin sayını artırmaq və onlara yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün iki ölkənin turizm və səyahət qurumları arasında əlaqələri genişləndirmək istəyirik”.
Səfir Yusif bin Həsən əl-Saanin iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin əhəmiyyətli olduğunu da qeyd edib: "Qətər Dövləti uğurlu və çiçəklənən cəmiyyətlərdə elm və təhsilin nə qədər əhəmiyyətli olduğunu bilirdi və ona görə də bütün gücü ilə mütərəqqi dövlətlərin sırasına qoşulmağa çalışırdı. Qətər Dövlətinin Əmiri, əlahəzrət Şeyx Təmim bin Hamad Al Tani cənablarının 7 mart 2016-cı il tarixində Bakıya etdiyi səfər zamanı iki ölkə arasında təhsil, ali təhsil, elm və elmi tədqiqat sahələrində əməkdaşlıq barədə anlaşma Protokolu imzalanıb və Qətər Əmiri bu sahədə Qətər təcrübəsindən istifadə etməklə bağlı Azərbaycana lazımi dəstəyi göstərəcəyini bildirib. Son zamanlarda təhsil sahəsindəki əməkdaşlıqda inkişaf qeydə alınıb və iki tərəf arasında əməkdaşlıq imkanlarını araşdırmaq və təcrübə mübadiləsi etmək səyləri yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərində öz əksini tapıb”.
Qətərlə Azərbaycan dövləti arasında əməkdaşlıq hər iki dövlət rəhbərliyinin siyasi iradəsi ilə həyata keçirilərək müsəlman ölkələri arasında islam həmrəyliyinin gücləndirilməsinə töhfə verməkdədir.İ nanırıq ki, iki ölkə arasında özünəməxsusluğu ilə seçilən əlaqələr qarşıdakı dövrlərdə də inkişaf edəcək, çünki bu əlaqələr hər iki xalqın mənafeləri ilə uzlaşır: "Fürsətdən istifadə edərək, Azərbaycan şirkətlərini Qətər bazarına daxil olmağa və burada mövcud olan investisiya imkanlarından yararlanmağa dəvət edirəm. Qətər Dövləti investisiyaların təşviqi üçün bir çox özəlliklərə malikdir, bunlardan elektrik enerjisi, su, qaz və sənaye torpaqlarına tətbiq olunan aşağı səviyyəli rüsumları göstərmək olar. Qətərli olmayan sərmayə kapitalının təşkili haqqında 2000-ci ildə qəbul olunmuş 13 saylı qanuna əsasən, xarici investorlar kənd təsərrüfatı, sənaye, səhiyyə, təhsil, turizm, təbii resursların inkişafı və istifadəsi, mədənçilik kimi sahələrə, o cümlədən konsaltinq, incəsənət, informasiya texnologiyaları, mədəniyyət, idman və əyləncə xidmətləri sektoruna 49% və 100% nisbətində sərmayə yatırımı edə bilərlər.
Burada xarici investisiyaların təşviqi üçün böyük imtiyazlar mövcuddur və ən vacibləri aşağıdakılardır:
1. İnvestisiya imkanlarına icazə verilməsi və sənaye layihələri üçün ilkin araşdırmaların hazırlanması.
2. Sənaye inkişaf bankından və digər maliyyə təşkilatlarından kredit almaq üçün lisenziyalı sənaye layihələrinə kömək göstərilməsi.
3 Layihələrin rəqabətə davamlı qiymətlərlə enerji, yanacaq, su və təbii qazla təmin edilməsi.
4. Xarici investorun investisiya layihəsinin qurulması, işlənməsi və ya genişləndirilməsi üçün bütün zəruri ləvazimatları idxal etmək hüququna malik olması.
5. Sərmayə qoyulmuş xarici kapitalın layihənin həyata keçirildiyi gündən maksimum on il ərzində gəlir vergisindən azad edilməsi.
6. Sənaye layihəsinin həyata keçirilməsi üçün zəruri olan və yerli bazarda mövcud olmayan xammalın və ya yarım istehsal olunan malların idxalı üzrə gömrük rüsumundan azad olması.
Biz nikbinik ki, qarşıdan gələn illər inkişaf və tərəqqi illəri olacaq. Ümidvaram ki, istər hökumətlərarası birgə komissiyanın toplantıları, istərsə də hər iki tərəfi təmsil edən iş adamlarının biznes forumları çərçivəsində göstərdiyimiz müştərək fəaliyyətlərimiz haqqında aydın təsəvvür var və biz bu tədbirlərin davamlı olmasını və iki dost ölkə arasında əsl strateji tərəfdaşlığın yaranmasına gətirib çıxmasını arzu edirik”.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər