Qətər-Azərbaycan əlaqələri genişlənir
Qətər
və Azərbaycan arasında diplomatik əlaqələr dövlətimiz öz istiqlaliyyətini bərpa
etdikdən sonra yaranıb. Qətər Azərbaycanın istiqlaliyyətini tanıyan ilk
dövlətlərdən olub. Ötən illər ərzində iki ölkə arasında əlaqələr dinamik
şəkildə inkişaf edib. Bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişafı iki
ölkənin xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib. Qətərlə
Azərbaycan arasında münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərindən,
imzaladıqları çoxsahəli əməkdaşlıq müqavilələrindən sonra daha da möhkəmlənib. Qətər
Dövlətinin Əmiri Şeyx Təmim bin Hamad Al Taninin 2016-cı ilin martında
Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrində
əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verdi. Səfər zamanı tərəflər arasında
əlaqələrin bütün sahələrdə inkişafına xidmət edən bir sıra sazişlər imzalanıb. Belə ki, Qətərlə Azərbaycan arasında
birgə iqtisadi, ticarəi və texniki komissiyanın yaradılması, ədliyyə nazirləri
arasında hüquq sahəsində əməkdaşlıq haqqında, təhsil, ali təhsil və elmi
tədqiqat sahəsində əməkdaşlıq, gömrük sahəsində kadrların peşəkar hazırlığı və
ixtisasının artırılması, nəqliyyat sahəsində, büdcə və maliyyə, mədəniyyət
sahələrində sazişlər imzalanıb. Qeyd etmək lazımdır ki, cənab Yusif bin Həsən əl- Saai Qətər Dövlətinin
Azərbaycandakı səfiri təyin olunduqdan sonra bu əlaqələr daha da inkişaf edib.
O, öz
etimadnaməsini prezidentə təqdim etdikdən sonra bütün səylərini səfərbər edərək
ikitərəfli əlaqələri inkişaf etdirmək, Azərbaycanın bütün qurumları ilə
yaxından əlaqələr yaratmaq məqsədilə bir sıra görüşlər keçirdi. Eyni zamanda,
səfir Azərbaycanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm
verir. Səfirin yerli mətbuatla görüşləri bir adət halını alıb. O, Azərbaycana
gəldikdən sonra bir sıra xəbər agentliklərinin, saytların ofislərində görüşlər keçirərək ölkəsinin son
illərdə əldə etdiyi uğurlar haqda məlumat verib. Bu səylər və görüşlər indi də
davam edir. Qətər səfiri uzun illərdən bəri müxtəlif dövlətlərdə ölkəsini
müvəffəqiyyətlə təmsil edib və bu sahədə zəngin təcrübə toplayıb və hazırda bu
təcrübədən müvəffəqiyyətlə istifadə edir. Təsadüfi deyil ki, hər iki ölkənin vətəndaşları
çox asanlıqla viza əldə etmək imkanı qazanıblar və şübhə yoxdur ki, bu nailiyyətin
əldə edilməsində hər iki ölkənin diplomatlarının və o cümlədən,Qətərin
Azərbaycandakı səfirliyinin böyük rolu
olub. Bunun nəticəsidir ki, Azərbaycana gələn qətərli turistlərin sayı
dəfələrlə artıb. Hər iki dövlətin diplomatik nümayəndəliklərinin səyləri
nəticəsində son vaxtlarda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq
əhəmiyyətli dərəcədə inkişaf edib.
Azərbaycanla
Qətər arasında hökumətlərarası birgə komissiyanın fəaliyyətə başlaması da
iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verib. Bu da əczaçılıq,
neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və aqroparkların
yaradılması, informasiya texnologiyaları, tekstil, tikinti materiallarının
istehsalı, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün
əlverişli imkanlar yaradıb.
2017-ci ilin yanvar ayında Qətər hökuməti ilə
Azərbaycan hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq birgə
komissiyasının Bakı şəhərində keçirilən ilk toplantısında iki ölkə üçün
qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Prezident İlham
Əliyevin keçən ilin fevral ayında Dohaya baş tutan tarixi səfəri də iki ölkə
arasındakı əlaqələrin daha da inkişaf etməsinə önəmli təkan verib. Dövlət
başçısı səfər zamanı bir sıra mühüm görüşlər keçirib, ölkəmizdəki siyasi
sabitlik və investorlar üçün əlverişli şərait barədə ətraflı məlumat verərək
Qətər iş adamlarını bu əlverişli fürsətlərdən yararlanmağa çağırıb. Qarşılıqlı
səfərlər iki ölkə arasında mövcud olan investisiya və ticarət sahələrində
əməkdaşlıq əlaqələrinin inkişafı üçün yeni perspektivlər açıb. Şübhə yoxdur ki,
bu səfərlər və bağlanan müqavilələr iqtisadi əməkdaşlığın iki ölkə arasındakı yüksək siyasi
əlaqələrlə paralel səviyyəyə çatmasına təkan verəcək.
Qətər
Dövləti və Azərbaycan regional və beynəlxalq əhəmiyyət kəsb edən sahələrdə də
müvəffəqiyyətlə əməkdaşlıq edirlər. Hazırda iki ölkə BMT, İƏT və digər
beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir, iki ölkəni bütün
səviyyələrdə seçilən əlaqələr birləşdirir. Ümid edirik ki, bu əlaqələr
gələcəkdə də sürətlə inkişaf edəcək və çiçəklənəcək. Qətər Dövləti bütün
münaqişələrin, o cümlədən, Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq qanunlara əsasən dinc yolla həllini
dəstəkləyir və eyni zamanda, bütün əlaqədar beynəlxalq təşkilatları bu
münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün öz
vəzifələrini yerinə yetirməyə çağırır
Qətər
Dövlətinin Azərbaycandakı səfiri bütün müsahibə və söhbətlərində, rəsmilərlə
görüşləri zamanı bildirir ki, inşaat, turizm və kənd təsərrüfatı və digər sahələrdə
investisiyalar üçün geniş imkanlar olduğuna görə birgə iqtisadi, ticari,
texniki komissiyanın yaradılması əməkdaşlıq üçün yeni səhifə açacaq və iki ölkə
arasında əməkdaşlıq strateji tərəfdaşlıq əlaqələri səviyyəsinə çatacaq.
Səfir Qətər Dövləti ilə Azərbaycan arasında əlaqələrin
özünəməxsusluğu ilə seçildiyini və bütün sahələrdə inkişaf etdiyini Milli Məclisin
Azərbaycan- Qətər Dostluq qrupunun rəhbəri və üzvləri ilə 17 yanvar tarixində
keçirilən görüş zamanı da söyləyib: "Ölkələrimiz arasında iqtisadi və ticari
əlaqələr ötən il ərzində sürətlə inkişaf edib. Bu da bir sıra Azərbaycan
şirkətlərinin ərzaq məhsullarını Qətər bazarlarına çatdırmasında əksini tapıb.
Şübhə yoxdur ki, neftin qiymətinin ucuzlaşması neft ölkələrinin iqtisadiyyatına
təsir edib, amma Qətər öz iqtisadiyyatını şaxələndirərək gəlirlərin intersifikasiyasına
nail olub. Bu da böhranla bağlı problemlərin aradan qaldırılmasına imkan verib.
Neft qiymətlərinin enməsi neft və qaz gəlirlərinə əsaslanan Qətər
iqtisadiyyatının intersifikasiyası üçün bir fürsətə çevrilib. Qeyd etmək
lazımdır ki, ötən il OPEK-ə rəhbərliyi ərzində Qətər bu təşkilatdakı
müxtəlif qüvvələr arasında istehsalın
azaldılmasında razılığa nail olunması üçün səylər göstərib”.
Görüşdə həmçinin qeyd edilib ki, iki ölkənin turizm
qurumları Azərbaycana gələn qətərli turistlərin sayının artması, onlara yüksək
səviyyəli xidmət göstərilməsi və bəzi hallarda rastlaşdıqları çətinliklərin
aradan qaldırılması üçün əməkdaşlıqlarını genişləndirirlər. Belə ki, Azərbaycanda
turizmin inkişafından ötrü Qətər və Körfəz Əməkdaşlığı Şurası üzvləri olan
dövlətlərin vətəndaşları üçün sərhəd məntəqələrində viza qaydalarının
sadələşdirilməsi ilə əlaqədar Azərbaycan hökumətinin 2016-cı ilin fevralında
qəbul etdiyi qərar müdrik addım kimi dəyərləndirilir. Bu qərar son zamanlarda
Körfəz ölkələrindən və həmçinin Qətərdən gələn turistlərin sayının əhəmiyyətli
şəkildə artmasına gətirib çıxarıb: "İki ölkə arasında özünəməxsus əlaqələr
fonunda müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün çalışacağıq və bu da iki dost xalqın mənafeyinə uyğundur.
Yaxın gələcəkdə ticarət mübadiləsini genişləndirmək, iqtisadi və investisiya
sahələrində əməkdaşlığı artırmaq, hər iki ölkənin məsul şəxslərinin rəsmi və
dövri səfərlərini, iki ölkənin iqtisadi qurumları arasında konfransların,
sərgilərin keçirilməsini dəstəkləmək bizim məqsədimizdir. Eyni zamanda,
Azərbaycana səfər edən qətərli turistlərin sayını artırmaq və onlara yüksək
səviyyəli xidmətlərin göstərilməsi üçün iki ölkənin turizm və səyahət qurumları
arasında əlaqələri genişləndirmək istəyirik”.
Səfir Yusif bin Həsən əl-Saanin iki ölkə arasında təhsil əlaqələrinin
genişlənməsinin əhəmiyyətli olduğunu da qeyd edib: "Qətər Dövləti uğurlu
və çiçəklənən cəmiyyətlərdə elm və təhsilin nə qədər əhəmiyyətli olduğunu
bilirdi və ona görə də bütün gücü ilə mütərəqqi dövlətlərin sırasına qoşulmağa
çalışırdı. Qətər Dövlətinin Əmiri, əlahəzrət Şeyx Təmim bin Hamad Al Tani
cənablarının 7 mart 2016-cı il tarixində Bakıya etdiyi səfər zamanı iki ölkə
arasında təhsil, ali təhsil, elm və elmi tədqiqat sahələrində əməkdaşlıq barədə
anlaşma Protokolu imzalanıb və Qətər Əmiri bu sahədə Qətər təcrübəsindən
istifadə etməklə bağlı Azərbaycana lazımi dəstəyi göstərəcəyini bildirib. Son
zamanlarda təhsil sahəsindəki əməkdaşlıqda inkişaf qeydə alınıb və iki tərəf
arasında əməkdaşlıq imkanlarını araşdırmaq və təcrübə mübadiləsi etmək səyləri
yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərində öz əksini tapıb”.
Qətərlə
Azərbaycan dövləti arasında əməkdaşlıq hər iki dövlət rəhbərliyinin siyasi
iradəsi ilə həyata keçirilərək müsəlman ölkələri arasında islam həmrəyliyinin
gücləndirilməsinə töhfə verməkdədir.İ nanırıq ki, iki ölkə arasında
özünəməxsusluğu ilə seçilən əlaqələr qarşıdakı dövrlərdə də inkişaf edəcək,
çünki bu əlaqələr hər iki xalqın mənafeləri ilə uzlaşır: "Fürsətdən istifadə edərək,
Azərbaycan şirkətlərini Qətər bazarına daxil olmağa və burada mövcud olan
investisiya imkanlarından yararlanmağa dəvət
edirəm. Qətər Dövləti investisiyaların təşviqi
üçün bir çox özəlliklərə malikdir,
bunlardan elektrik enerjisi, su, qaz və sənaye torpaqlarına tətbiq olunan aşağı səviyyəli rüsumları göstərmək
olar. Qətərli olmayan sərmayə kapitalının təşkili haqqında 2000-ci ildə qəbul olunmuş 13 saylı qanuna əsasən,
xarici investorlar kənd təsərrüfatı, sənaye,
səhiyyə, təhsil, turizm, təbii resursların inkişafı və istifadəsi, mədənçilik
kimi sahələrə, o cümlədən konsaltinq, incəsənət, informasiya texnologiyaları, mədəniyyət,
idman və əyləncə xidmətləri
sektoruna 49% və 100% nisbətində
sərmayə yatırımı edə bilərlər.
Burada xarici investisiyaların təşviqi üçün
böyük imtiyazlar mövcuddur və ən vacibləri aşağıdakılardır:
1. İnvestisiya imkanlarına icazə verilməsi və sənaye layihələri üçün ilkin araşdırmaların hazırlanması.
2. Sənaye inkişaf bankından və digər maliyyə təşkilatlarından kredit
almaq üçün lisenziyalı sənaye layihələrinə kömək göstərilməsi.
3 Layihələrin rəqabətə davamlı qiymətlərlə enerji, yanacaq, su və təbii
qazla təmin edilməsi.
4. Xarici investorun
investisiya layihəsinin qurulması, işlənməsi və ya genişləndirilməsi üçün bütün
zəruri ləvazimatları idxal etmək hüququna malik olması.
5. Sərmayə qoyulmuş xarici
kapitalın layihənin həyata keçirildiyi gündən maksimum on il ərzində gəlir
vergisindən azad edilməsi.
6. Sənaye layihəsinin həyata keçirilməsi üçün zəruri olan və yerli
bazarda mövcud olmayan xammalın və ya yarım istehsal olunan malların idxalı üzrə
gömrük rüsumundan azad olması.
Biz nikbinik ki, qarşıdan gələn
illər inkişaf və tərəqqi illəri olacaq. Ümidvaram ki, istər hökumətlərarası
birgə komissiyanın toplantıları, istərsə də hər iki tərəfi təmsil edən iş
adamlarının biznes forumları çərçivəsində göstərdiyimiz müştərək fəaliyyətlərimiz
haqqında aydın təsəvvür var və biz bu tədbirlərin davamlı olmasını və iki
dost ölkə arasında əsl strateji tərəfdaşlığın yaranmasına gətirib çıxmasını
arzu edirik”.
F.Qəhrəmanlı