• cümə, 19 Aprel, 10:58
  • Baku Bakı 13°C

Qəsəbələrə şəhər statusu verilsə...

20.06.17 12:00 1048
Qəsəbələrə şəhər statusu verilsə...
"Hazırda Abşeron iqtisadi rayonunda olan qəsəbələrin sayı 69-a çatır. Onlardan 59-u Bakı şəhərinin ətrafında, 8-i Abşeron rayonunda yerləşir, 2-si isə Sumqayıta tabedir".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov "Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları" mövzusunda elmi-praktik seminarda deyib.Onun sözlərinə görə, Bakı şəhəri ətrafında yerləşən 4 qəsəbədə əhalinin sayı 50 min nəfərdən çoxdur. Elmi işçi qeyd edib ki, Qaraçuxur qəsəbəsində 84,5 min, Bakıxanov qəsəbəsində 73,7 min, Binə qəsəbəsində 55,3 min, Rəsulzadə qəsəbəsində 52,5 min nəfər əhali yaşayır: "Regionlarda 14 qəsəbənin əhalisi 20-50 min, 12 qəsəbənin əhalisi 10-20 min nəfər arasındadır”.
Z.Eminov vurğulayıb ki, əhalinin regionlardan olan miqrasiyası, nizamsız, qeyri-qanuni və plansız məskunlaşma qəsəbələrdə əhalinin həddən artıq çoxalmasına, məntəqələrin ərazicə genişlənməsinə gətirib çıxarıb: "Bu isə əhalisinin sayı 10 min nəfərdən çox olan qəsəbələrə şəhər statusu verilməsini gündəmə gətirir. Belə vəziyyətdə 30-a qədər qəsəbəyə şəhər statusu verilməsi tələb olunur. Qəsəbələrin şəhər statusu alması onların sonrakı mərhələdə də inkişafına, ərazicə genişlənməsinə imkan verəcək".
Qəsəbələrə şəhər statusunun veriləcəyi təqdirdə, bu, iqtisadi baxımdan hansı dəyişikliklərə, nə kimi üstünlüklərə səbəb olacaq, həmin qəsəbələrin inkişafa necə təsir edəcək? Bu məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Millət vəkili Aydın Hüseynovdeyir ki, qəsəbələrə şəhər statusun verilməsi artıq bir sıra standartlarının tətbiqi deməkdir: "Çünki şəhəri qəsəbədən fərqləndirən bəzi özünəməxsus qaydalar var. Bir var qəsəbə, kənd bir də var şəhər standartları. Şəhərin qayda-qanunları daha yüksək səviyyədə olur. Müəyyən yeniliklər, üstünlüklər var. Eyni zamanda, şəhər statusunun verilməsi həmin qəsəbələrdə bəzi qaydaların dəyişməsinə gətirib çıxarda bilər. Əgər qəsəbəyə şəhər statusu verilirsə, buna uyğun olaraq onların büdcəsinin formalaşması müəyyənləşdirilir. Digər tərəfdən, böyük şirkətlərin fəaliyyət göstərməsi, investisiya qoyması ilə müşahidə edilir. Bu da həmin qəsəbənin iqtisadi baxımdan inkişafına daha səmərəli təsir göstərir”.
İqtisadçı, ekspert Vüqar Bayramov statusun verilməsi prosesində qəsəbədə yaşayan əhalinin sayının çox önəmli olduğunu bildirir. Əgər qəsəbənin infrastrukturu genişlənirsə, ona şəhər statusunun verilməsi mümkündür: "Bu proses əvvəlki dövrlərdə də baş vermişdir. Amma postsovet dövründə. İndi isə düşünürəm ki, şəhərlərin və rayonların birləşdirilməsi həyata keçirilməlidir. Yəni praktik olaraq nə qədər az idarəetmə subyekti olarsa, bu zaman o qədər çevik idarəetmə olar. Həmçinin bu, nəticə etibarilə vəsaitə qənaət edilməsinə gətirib çıxarda bilər. Çünki birmənalı şəkildə bu tip subyektlərin sayının az olması, büdcədən ayrılan vəsaitlərin həcminin azalması deməkdir. Düşünürəm ki, qəsəbələrin şəhərlərə çevrilməsində qiymətləndirilmənin aparılmasına ehtiyac vardır. Bu proses ayrılan vəsaitə necə təsir edəcək? Əgər büdcədən ayrılan vəsaitin qənaət edilməsinə imkan verəcəksə, qəsəbələrə şəhərə statusunun verilməsi məqsədəuyğundur. Amma əksinə, daha çox büdcə, bu istiqamətdə işlərin aparılmasında daha çox vəsait tələb edəcəksə, bu zaman qəsəbələrin şəhərlərə çevrilməsini düzgün hesab etmirəm. Bu baxımdan, güman edirəm ki, qəsəbələrin şəhərə çevrilməsinin iqtisadi baxımdan əsaslandırılması yaxşı olardı. Yəni bu, büdcəyə, investisiyanın cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına necə təsir göstərəcək. Əgər statusun dəyişməsi nəticə etibarilə, bu kimi məsələlərin inkişafına təkan verəcəksə, bu zaman proses həyata keçirilə bilər. Yox, əgər heç bir irəliləyiş olmayacaqsa, düşünürəm ki, bu cür status dəyişikliyinə ehtiyac yoxdur. Elə onun qəsəbə kimi qalması daha yaxşı olar. Ona görə ki, bu iş iqtisadi və maliyyə əsaslandırması ilə həyata keçirilməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər