• cümə, 19 Aprel, 22:50
  • Baku Bakı 24°C

Qəsəbə sakinlərinin şikayət və təklifləri dinlənilib - Fotolar

09.10.18 13:31 654
Qəsəbə sakinlərinin şikayət və təklifləri dinlənilib - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Cavad xan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə 30-dan artıq müraciətə baxılıb. Niyazi Bayramova məlumat verilib ki, Cavad xan Gəncənin son illərdə salınan və sürətlə böyüyən qəsəbələrindən biridir. Hazırda burada 10 mindən artıq sakin yaşayır.
Narahatlıq doğuran məsələlərdən ən önəmliləri qəsəbənin ərazisində məktəb binasının olmaması, artezian quyularının azlığı, yeni salınan küçələrə adların verilməməsidir. Həmçinin yaxınlıqda ödəmə terminallarının, ATM-lərin, ən əsası aptekin olmaması sakinlər üçün çətinlik yaradır. Qəsəbə sakinlərinin dilə gətirdikləri məsələlər qeydiyyata alınıb və onların tez bir zamanda həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi yekunlaşdıqda Cavad xan qəsəbəsinin su problemi həll olunacaq. Ərazidə məktəb binasının inşası müvafiq Dövlət Proqramına salınıb. Yeni küçələrə adların verilməsi məsələsinə gəldikdə isə bildirilib ki, Gəncədə olan 1131 küçəyə adlar verilib, hazırda ünvan lövhələrinin hazırlanması istiqamətində iş aparılır.
Qəbulda qəsəbənin ümumi problemləri ilə yanaşı, sakinlərin fərdi şikayətləri də dinlənilib. Onlar arasında işlə təminat, ev və obyekt tikintisi üçün torpaq sahəsinin verilməsi kimi məsələlər üstünlük təşkil edib. Bir sıra müraciətlər elə yerindəcə öz həllini tapıb. Bəzi məsələlər araşdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları aradan qaldırmaqdır.




banner

Oxşar Xəbərlər