Qəsəbə sakinlərinin şikayət və təklifləri dinlənilib - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Cavad xan qəsəbəsinin
sakinləri ilə görüşüb. Görüşdə 30-dan artıq müraciətə baxılıb. Niyazi Bayramova
məlumat verilib ki, Cavad xan Gəncənin son illərdə salınan və sürətlə böyüyən qəsəbələrindən
biridir. Hazırda burada 10 mindən artıq sakin yaşayır.
Narahatlıq doğuran məsələlərdən
ən önəmliləri qəsəbənin ərazisində məktəb binasının olmaması, artezian quyularının
azlığı, yeni salınan küçələrə adların verilməməsidir. Həmçinin yaxınlıqda ödəmə
terminallarının, ATM-lərin, ən əsası aptekin olmaması sakinlər üçün çətinlik
yaradır. Qəsəbə sakinlərinin dilə gətirdikləri məsələlər qeydiyyata alınıb və
onların tez bir zamanda həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsinin 4-cü mərhələsi yekunlaşdıqda Cavad xan qəsəbəsinin su
problemi həll olunacaq. Ərazidə məktəb binasının inşası müvafiq Dövlət
Proqramına salınıb. Yeni küçələrə adların verilməsi məsələsinə gəldikdə isə bildirilib ki, Gəncədə olan 1131 küçəyə adlar verilib,
hazırda ünvan lövhələrinin hazırlanması istiqamətində iş aparılır.
Qəbulda qəsəbənin
ümumi problemləri ilə yanaşı, sakinlərin fərdi şikayətləri də dinlənilib. Onlar
arasında işlə təminat, ev və obyekt tikintisi üçün torpaq sahəsinin verilməsi
kimi məsələlər üstünlük təşkil edib. Bir sıra müraciətlər elə yerindəcə öz həllini
tapıb. Bəzi məsələlər araşdırılmaq üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi
sakinlərin problemlərini öyrənmək və onları aradan qaldırmaqdır.