• cümə, 26 Aprel, 18:44
  • Baku Bakı 22°C

Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının yığıncağı keçirilib

24.04.15 10:49 1470
Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının yığıncağı keçirilib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının (AQBMA) növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Yığıncaqda görülmüş işlərlə yanaşı, 2014-cü ilin iyun ayında keçirilmiş bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında vəzifələrin yerinə yetirilməsi vəziyyəti, o cümlədən əhalini narahat edən problemlərin həllinə yönəldilən sosial yönümlü layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı, əhali qarşısında hesabatlılıq və şəffaflığın artırılması, vətəndaş-bələdiyyə münasibətlərinin, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, yeni seçilmiş bələdiyyə üzvlərinin maarifləndirilməsi, bələdiyyə qulluqçularının düzgün seçilib yerləşdirilməsi və tədrisi və sair məsələlər müzakirə olunub.
Yığıncaqda AQBMA sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə Azərbaycanda mühüm inkişaf proseslərinin, ölkə əhalisinin gündən-günə maddi rifahının yüksəlməsinin şahidi olduqlarını diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində respublikamız qüdrətlənir, beynəlxalq aləmdə nüfuzu daha da artır: “Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir. Bu dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələr də daim inkişafda olub. Bələdiyyələrin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisində rolunun artmasına nail olunub, onlar yerlərdə konkret işlərin görülməsinə çalışıblar. Ötən dövrdə yerli özünüidarəetmə institutunun formalaşması üçün ardıcıl tədbirlər görülüb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən lazımi şərait yaradılıb”.
Diqqətə çatdırılıb ki, keçən ilin dekabr ayında respublikamızda növbəti bələdiyyə seçkiləri keçirilib. Milli Assosiasiyaların irəli sürdükləri və bələdiyyə sədrlərinin hər üç ümumrespublika toplantısında dəstəklənmiş “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində işlərin görülməsi üçün 2010-2014-cü illərdə ümumi həcmi 16,6 milyon manat olan 2900 layihə həyata keçirilib. Bildirilib ki, yeni yaradılan bələdiyyələrdə maliyyə resurslarının parçalanmasının qarşısı alınıb, kadr potensialı artıb və iqtisadi imkanlar genişlənib. Birləşmə prosesindən sonra qəsəbə bələdiyyələrinin sayı 141-ə qədər azalıb. İqtisadi potensialın gücləndirilməsində əhəmiyyətli tədbirlərdən biri bələdiyyə mülkiyyətinin və maliyyə imkanlarının artırılmasını təmin etməkdir. Vurğulanıb ki, bələdiyyə institutunun fəaliyyəti 15 ildən artıq dövrü əhatə edir. Ötən dövrdə yerli özünüidarəetmə qurumları daim dövlətin qayğısı ilə əhatə olunub, zərurət yarandığı halda qanunvericilik aktlarına dəyişiklik edilib və yeni qanunlar qəbul olunub. Milli Assosiasiyalar və bələdiyyələr haqqında informasiyalılığın artırılması məqsədilə ötən il assosiasiyaların rəsmi internet saytı yaradılıb. Hesabat dövründə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə çox səmərəli əməkdaşlıq qurulub, birgə 24 seminar və konfrans təşkil edilib və bələdiyyə üzvləri ixtisasartırma kurslarına cəlb olunublar.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Bildirib ki, yaradıldığı tarixdən bələdiyyələrimiz uğurlu yol keçib, cəmiyyətdə özünəməxsus yer tutmağa nail olublar. Dövlətin bələdiyyələrə dəstəyi artır və bundan sonra da artacaq. Ötən ilin iyun ayında bələdiyyə sədrlərinin III ümumrespublika toplantısının keçirildiyini xatırladan K.Bayramov bildirib ki, həmin toplantıda bələdiyyələrin qarşısına konkret vəzifələr qoyulub. O, qarşıya qoyulan vəzifələrdən də söhbət açıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov, Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev ötən dövr ərzində qanunvericilikdə edilən dəyişikliklərin əhəmiyyətindən, yerli özünüidarə orqanlarının inkişafında müsbət rolundan, ölkədə bələdiyyələrin yaradılmasından, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, həyata keçirilən islahatlar nəticəsində bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artırılıb.
Tədbirdə qəsəbə bələdiyyələrinin sədrləri gördükləri işlər, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar ediblər. Çıxışlarda bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.
Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilatı məsələlərə baxılıb. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının illik hesabatı haqqında ümumi yığıncağın qərarı oxunub və qəbul edilib. Yığıncaqda AQBMA-nın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib, Assosiasiyaya sədr və müavinləri səsə qoyulub. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov növbəti dəfə AQBMA-nın sədri seçilib.
Tədbirdə bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, vergitutma obyektlərinin və vergi ödəyicilərinin dürüst uçotunun aparılması işinin təşkilində bələdiyyələrə kömək göstərilməsi məqsədilə “Bələdiyyələrdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu proqramı”nın təqdimatı keçirilib.
Kaspi.az

banner

Oxşar Xəbərlər