• cümə, 29 Mart, 19:21
  • Baku Bakı 14°C

Qəribə mələk

03.12.15 13:07 2016
Qəribə mələk
Soyuq bir noyabr günü idi. Axşamüstü. Bir az əvvəl əsasən göbələkdən hazırlanmış nahar etmişdim. İndi də ayağımı buxarının şəbəkəsinə, dirsəyimi müxtəlif desertlərin, çeşidli şərab və likörlərin düzüldüyü kiçik masaya dayayıb oturmuşdum. Yeməkdən sonra təbii ki, süstləşmişdim. Lafitin (qırmızı fransız şərabı) köməyi ilə özümə gəlməyə çalışsam da bir şey alınmadı. Əlacsız qalıb qəzetləri əlimə aldım. Dörd vərəqdən ibarət, hətta şairlərin də tənqid olunmadığı kağız parçasını bir kənara atmaq istəyirdim ki, diqqətimi bir yazı cəlb elədi. “Ölümə aparan yollar çox və müxtəlifdir. London qəzeti bir nəfərin çox sadə bir səbəbdən öldüyünü yazır. Bir nəfər “iynə tullama” adlı bir oyun növü ilə əylənirmiş. Oyunun qaydalarına görə o iynəni nazik borudan üfürüb çölə tullamalıymış. Amma bu kişi iynəni borunun ağzına yaxın yerləşdirib, daha güclü üfürmək üçün nəfəsini içinə çəkəndə iynəni də udub. İynə ağ ciyərinə daxil olub, bir neçə gün sonra kişinin həyatına son qoyub” .
Bu məqaləni oxuyandan sonra özüm də səbəbini bilmədən dəhşətə gəldim. Bu yalan xəbərdir, - dedim. Oxucunun diqqətini çəkmək üçün hansısa jurnalistin bir fəndidir.
- Aman Allah, siz necə də axmaqsınız, - kimsə dedi.
Bu, indiyəcən eşitdiyim ən əcaib səs idi.
Əvvəlcə düşündüm ki, bəlkə qulağım səsə düşüb. Səsin boş çəlləkdən gəldiyini düşünürdüm ki, yenə də səs eşitdim. Mən əslində qoxaq adam deyiləm. Sakitcə durub diqqətlə otağa göz gəzdirdim.
- Hm,- səs dedi.- Əgər qabağınızda oturduğum halda məni görmürsünüzsə deməli bəs deyincə içmisiniz.
Səsi bir də eşidəndə burnum istiqamətində düz qabağa baxdım. Qarşımda əcayib bir məxluq gördüm. Onun gövdəsi şərab çəlləyi kimi idi. Aşağısına ayaq əvəzinə iki çəllək bərkidilmişdi. İki iri şərab şüşəsi ona qol kimi xidmət edirdi. Bədheybətin başı isə qapağının ortasında deşik olan böyük pivə parçını xatırladırdı. Şərab süzmək üçün ucu qıflı, göz üstünə basılmış dəbilqəyə bənzər parç çəlləyə elə yerləşdirilmişdi ki, qapağındakı deşik mənə zillənmişdi. Qarımış, əsəbi qızların ağzına bənzər bu deşiklərdən həmin qəribə məxluq özünün mənalı nitq hesab etdiyi fısıltılı səslər çıxarırdı.
- Görürəm ki, çox içmisiniz, - o dedi. - Siz burnunuzdan uzağı görmürsünüz.
- Mənə deyin görüm axı siz kimsiniz? – lovğa-lovğa soruşsam da həyəcanımı boğa bilmirdim. – Bura necə düşmüsünüz, siz nədən danışırsınız?
- Bura necə düşməyimin ,- məxluq dedi - sizə dəxli yoxdur. Kim olduğumu özünüz müəyyən etməlisiniz.
- Siz bir sərxoş avarasınız, - dedim. - İndi mən zəngi basacam, adamlarım gəlib sizi küçəyə atarlar.
- Ha-ha-ha! – o dedi - Siz bunu edə bilməzsiniz.
- Edə bilmərəm? Bununla nə demək istəyirsiniz? Nəyi edə bilmərəm? - etiraz etdim.
- Zəngi basmağı, - o dedi, dodağında təbəssüm göründü.
Onun bu sözündən sonra dediyim sözü yerinə yetirmək üçün ayağa durmaq istəyəndə o uzun butulka qolu ilə alnımdan bir şillə ilişdirdi, heç kreslodan durmağa macal vermədi. Nə edəcəyimi bilmirdim, karıxıb qalmışdım. O isə hələ də danışırdı:
- Görürsünüz? Ən yaxşısı budur, sakit durun. İndi bilərsiniz mən kiməm. Mən qəribə, qeyri-adi mələyəm.
-S iz həqiqətən də qəribə mələksiniz! Mən isə həmişə elə bilirdim ki, mələklərin qanadları olur.
- Qanad? – o narazılıqla dilləndi. - Qanad mənim nəyimə lazımdır? Yoxsa elə bilirsiniz ki, mən toyuğam?
- Yox, yox. Əlbəttə, siz toyuq deyilsiniz.
- Yaxşı, bəsdir! Sakit durun, yoxsa sizi yenə də vura bilərəm. Toyuğun qanadı var, bayquşun qanadı var, mən isə qəribə mələyəm. Qanadlarım yoxdur.
- Siz yanıma iş üçün gəlmisiniz? - soruşdum.
- Pah! İş üçün? - bədheybət məxluq hirsləndi. - Mənim kimi mələkdən iş haqda soruşmaq nəzakətli centlemen olmaq demək deyil.
Belə bir həqiqəti hətta mələkdən də eşitməyə tab edə bilmədim. Əlim çatan yerdə olan duz qabını götürüb bədəməlin başına tolazladım. Bilmirəm, ya o aşağı əyildi, ya da mən mən hədəfi düz nişan almadım. Duzqabı ondan yan keçib buxarının üstündəki saata dəyib onun şüşəsini çilik-çilik etdi. Mələk hücumuma cavab olaraq mənə bir bir-iki şillə ilişdirdi, vəziyyətimlə barışmalı oldum. Düzünü deməyə utanıram, ağrıdan və həyəcandan gözlərim yaşardı.
- İlahi, - mələk mənim məyus olmağımdan təsirlənib dedi. - Ay Tanrı! Bu cənab ya həddindən çox içib, sərxoşdur, ya da çox məyus olub. Belə tünd şərab içməyə ehtiyac vardımı? Heç olmasa bir az su qatardınız şəraba. Bax, əlimdəkini için, daha ağlamayın.
Belə deyib özünün şüşə qolundan mənim qədəhimə (əvvəlki qədəhdən içində bir az qalmışdı) nəsə rəngsiz bir maye süzdü. Şüşənin üstündə Kirschenvasser yazılmışdı. Qədəhimə bir az su da əlavə edəndən sonra onun qəribə nitqinə qulaq asmaq üçün belimi dikəltdim. Bir neçə dəfə onun dediklərinə etiraz etmək istədim, ancaq onun şilləsinin gücünü yadıma salıb susmağı üstün tutdum. Qoy istədiyi qədər cəfəng-cəfəng danışsın!
Kürəyimi kresloya söykəyib oturmuşdum. Gözlərimi yumub üzüm yeyirdim. Tumlarını da otağa tüpürürdüm. Mələk bunu ona hörmətsizlik hesab edib özündən çıxdı. O hirsli-hirli ayağa qalxdı, başındakı qıfı bir az da gözünün üstünə basdı, söyüş yağdırdı, donquldanıb hədə-qorxu gəldi. Sözlərindən heç nə anlamırdım. Sonra təzim edib “Jil Blaz” əsərindəki keşişin sözləri ilə mənimlə vidalaşdı:
“Daha çox xoşbəxtik, bir az da sağlam düşüncə arzulayıram”.
Onun getməyi məni sevindirdi. Bayaqdan içmək istədiyim lafitdən azca içdim ki, bu da mənə yuxu gətirdi. Fikirləşdim ki, on beş-iyirmi dəqiqə yatıb gözümün acısını alaram. Saat altıda vacib bir işin dalınca getməliydim: Bir gün əvvəl evimin sığorta müddəti bitmişdi, ortaya anlaşılmazlıq çıxmışdı. Qərara gəlmişdik ki, saat altıda görüşüb sığortanı təzələmək üçün razılığa gələk.
Ayılıb buxarının üstündəki divar saatına baxanda (o qədər ağırlaşmışdım ki, qol saatıma baxmağa ərinirdim) arxayın oldum ki, vaxta çox var, hələ iyirmi beş dəqiqə də mürgüləyə bilərəm. Saat altının yarısı idi, sığorta şirkətinə isə beş dəqiqlik yoldur. Adətən nahardan sonra mən yarın saatdan çox yatmazdım. Beləliklə, arxayın halda kresloya yayxandım. Bir az da mürgüləyəndən sonra yenidən divar saatına baxanda qeyri-adiliyə inanmağa tam hazır idim: iyirmi beş dəqiqə yatmaq əvəzinə cəmi üç dəqiqə yatmışdım. Biləndə ki, altıya iyirmi yeddi dəqiqə qalıb yenə də mürgülədim. Xeyli vaxt yatandan sonra ayıldım, saata baxanda vur-tut bir dəqiqə yatdığımı bildim. Tez yerimdən sıçrayıb saata baxdım, gördüm ki, xarab olub. Qol saatıma baxdım, saat səkkizin yarısı idi. Məlum oldu ki, mən düz iki saat yatmışam, sözsüz ki, görüşə gecikmişdim. “Eybi yoxdur, sabah gedib vəziyyəti izah edərəm”, - deyə fikirləşdim. Bəs görəsən divar saatına nə olub? Yaxınlaşıb baxanda məlum oldu ki, qəribə mələklə söhbət zamanı sağa-sola tüpürdüyüm üzüm çəyirdəkləri şüşəsi qopmuş saatın əqrəbləri arasına girib, beləcə, əqrəblərdən birinin hərəkətini dayandırmışdı.
- Aha, - dedim. - Deməli, belə! Aydın məsələdir! Tez-tez baş verən ən adi hadisələrdəndir!
Bir daha bu haqda düşünmədim, gecə həmişəki vaxtda yatağıma uzandım. Çarpayımın qırağındakı tumbanın üstünə şam qoydum. Yuxu məni aparıb, tumbanın üstünə qoyduğum şamı söndürmək yadımdan çıxıb.
Qəribə mələk yuxuda da məndən əl çəkmirdi. Yuxuda gördüm ki, o çarpayımın yanında dayanıb, boş çəlləkdən çıxan boğuq, heybətli səslə danışır, nəfəsindən pəncərənin pərdələri yellənir, onunla pis rəftar etdiyimə görə məndən qisas alacağını deyir. Uzun-uzadı nitq söyləyəndən sonra başındakı qıfı çıxardıb boğazıma tıxayır, albalı tərkibli içkini zorla mənə içirdir. Onun şüşə qolundan boğazıma tökülən içkinin sonu görünmür. Dəhşətli yuxudan ayılanda bir siçovul şamı şamdandan çıxarıb yuvasına aparmaq istəyirdi. Cəhd etsəm də ona mane ola bilmədim. Az sonra boğucu tüstü hiss etdim. Yanıq qoxusu gəlirdi. Baxım gördüm ki, otaq yanır. Yanğın elə güclü idi ki, gözümü açıb-yumunca bütün otağı bürüdü. Gördüm ki, otaqdan çıxa bilməyəcəm, tez balkona çıxdım. Xoşbəxtlikdən camaat yanğından xəbər tutmuşdu. Onlar cəld nərdivan gətirib eyvana dirədilər. Mən nərdivanla düşməyə başlayanda iri bir donuz sol çiynini qaşımaq üçün gəlib özünü nərdivana sürtməyə başladı. Hə, donuz nərdivanı tərpətdiyinə görə kəlləmayallaq yerə aşdım. Nə yaxşı ki, bircə qolum sındı, canımı qurtara bildim.
Baş verən bədbəxt hadisə - sığorta müddəti bitən gün evimin yanması, üstəlik, yanğın zamanı saçımın ütülməsi məni həyat barədə bir daha ciddi düşünməyə vadar etdi, evlənməyə qərar verdim. Evlənmək üçün varlı, dul bir qadın da vardı: yeddinci ərini təzəcə dəfn etmişdi. Ürəyimdə fikirləşdim ki, onunla nikah bağlamaqla onun qəlbinin yarasına məlhəm ola bilərəm. O məsum qız uşağı kimi mənə utana-utana “hə” deyəndə sevindiyimdən özümü necə itirdimsə təşəkkür əlaməti olaraq özümü onun ayaqları altına atdım. O əyilib məni ayağa qaldırmaq istəyəndə saçının gözəl buruqları mənim kirayəyə götürdüyüm parikin qıvrım tüklərinə ilişdi. Heç bilmirəm bu necə oldu, ayağa duranda keçəl başım gün altında güzgü kimi işıldayırdı. Qadın isə əlində parik hikkəsindən dodaqlarını gəmirirdi. Beləliklə də, gözlənilməz hadisə ucbatından ümidlərim puç oldu.
Bununla belə, ruh düşkünlüyünə qapılmadım, daha yumşaq ürək sahibini hədəfə aldım. Çox keçmədi ki, tale yenidən üzümə güldü, ancaq yenə də başqa bir hadisəyə görə hər şey alt-üst oldu. Aşiq olduğum qadın şəhərin kübar qadınları ilə bir yerdə bulvarda gəzişdiyi vaxt əyilib ona təzim etmək istəyirdim ki, gözümə nəsə düşdü. Bir dəqiqəlik demək olar ki, əməlli-başlı kor oldum. Başım gözümü ovuşdurmağa qarışdı, özümə gələndə gördüm ki, qəlbimin hakimi artıq yoxdur. Yəqin ki, bu hərəkətimi qəsdən diqqətsizlik hesab edib məndən incimişdi.
Bu hadisədən karıxıb elə yerimdəcə dayanmışdım. Bu vaxt qəribə mələk mənə yaxınlaşdı, ədəblə köməyini təklif etdi. Düzünü desəm, ondan heç bunu gözləmirdim. Diqqətlə gözümün içinə baxdı ki, görsün ora düşən nədir.
“Boş şeydir” – dedi və gözümə düşən o “boş şeyi” çıxardı. Qorxdum. Ürəyimdə dedim ki, yəqin ölmək vaxtımdır. Bu fikirlə də yaxınlıqdakı çaya girdim. Mənim bu hərəkətimin yeganə şahidi sahildəki tənha qara qarğa oldu. Kim bilir, bəlkə o da hardasa spirtə bulaşmış noxud yediyinə görə sərxoş olmuşdu, ona görə də dəstədən geri qalmışdı. Çaya elə təzəcə girmişdim ki, bu lənətə gəlmiş qarğanın ağlına gəldi ki, paltarlarımın ən vacibini – şalvarımı ağzına alıb göyə uçsun. Qarğanın bu hərəkətinə görə intihar prosesimi yarımçıq saxlamalı oldum. Ayaqlarımı pencəyimin qollarına pərçim etdim, oğru qarğanın dalınca götürüldüm. Amma zalım fələk məni hədəfə aldığına görə bu dəfə də başımdan qəza əskik olmadı. Qarğanı gözdən qoymamaq üçün başıyuxarı halda qaçdığım yerdə hiss etdim ki, ayağımın altından yer qaçdı. Nəyəsə ilişib uçuruma yuvarlanmaq üzrəydim, bu vaxt başım üst. uçan hava şarının ipindən yapışdım.
Özümə gəlib necə dəhşətli bir vəziyyətdə olduğumu dərk edəndə var gücümlə bağırdım ki, şarı idarə edən adam səsimi eşidib mənə yardım etsin. Amma nə qədər qışqırdımsa axmaq səsimi eşitmədi. Şar sürətlə qalxdıqca mənim də gücüm tükənirdi. Axır ki, alın yazıma inanıb əlimi şarın ipindən çəkib çaya düşmək istəyirdim ki, başım üstündə boğuq səslə hansı operadasa oxunan ariya səsini eşitdim. Başıma qaldıranda qəribə mələyi gördüm. O hava şarına dirsəklənib qəlyan çəkirdi. Daha doğrusu, özündən, dünyadan razı halda kef edirdi. Elə taqətdən düşmüşdüm ki, ağzımı açıb heç nə deyə bilmirdim. Yazıq-yazıq ona baxmaqdan başqa əlimdən heç nə gəlmirdi. O da mənim kimi bir neçə dəqiqə danışmadı, eləcə mənə baxdı. Nəhayət, qəlyanın ucunun ağzının sağ küncündən sol küncünə ötürüb qayğılı halda soruşdu:
- Sizin orda nə itiniz azıb?
Onun bu amansız, ikiüzlü sualının qarşısında yalnız bunları deyə bildim:
- Kömək edin!
- Nə? Kömək edim? – yaramaz mənim sözümü təkrarladı. - Budur, içki şüşəsi, götürün, için.
Belə deyib albalı tərkibli içki şüşəsini mənə tərəf tolazladı. Bir an mənə elə gəldi ki, şüşə başıma dəyib beynimi yerə tökdü. Ağrının təsirindən hava şarının ipini buraxıb suya tullanmaqla həyatıma qəsd etmək istəyirdim ki, mələyin səsini eşidib əl saxladım.
- Möhkəm tutun! – o qışqırdı. - Hara tələsirsiniz? Bir şüşə də istəyirsiniz, yoxsa ağlınız başınıza gəldi?
Tələsik iki dəfə başımı yellədim. Birinci dəfə inkar əlaməti olaraq başımı yellədim, yəni təkrar içki butulkasının hədəfi olmaq istəmirdim. İkinci dəfə isə təsdiq əlaməti olaraq, çünki həqiqətən də ağlım başıma gəlmiş, ayılmışdım. Deyəsən az da olsa qəribə mələyi yumşalda bilmişdim.
- Axır ki mənə inandınız? – o dedi. - Nəhayət, qeyri-adiliyin mövcud olmasına inandınız, elə deyilmi?
Başımı yenə də razılıq əlaməti olaraq tərpətdim.
- Demək istəyirəm ki, mənə, qəribə mələyə inandınız?
Bu dəfə də başımla “hə” dedim.
- Axmaq, əyyaş adam olmağınızla razılaşırsınız?
Başım razılıq əlaməti olaraq hələ də yırğalanırdı.
- Sol əlinizi şalvarınızın sağ cibinə qoyun. Bu, qeyri-adi mələyə tabe olmaq əlamətidir.
Sözsüz ki, onun bu tələbini yerinə yetirə bilməyəcəkdim. Əvvəla, sol qolum yanğın vaxtı nərdivandan yıxılanda sınmışdı. O biri əlimlə isə kəndirdən yapışmışdım, buraxsaydım, yıxılacaqdı. Üstəlik, cibinə soxmaq üçün şalvarım da yox idi! Şalvarımı qarğa aparmışdı axı! Beləliklə, böyük təəssüf hissi ilə başımı buladım ki, onun bu tələbini yerinə yetirmək gücündə deyiləm. Amma bunu eləmişdim ki...
- Cəhənnəmin dibinə qədər yolun var, - deyib yaramaz üstümə qışqırdı.
Sonra o cibindən iti bir bıçaq götürüb yapışdığım ipi kəsdi. Elə bu vaxt biz mənim evimin üstündən uçurduq. Xoşbəxtlikdən düz evimin üstünə, daha doğrusu, buxarının borusuna düşüb oradan da yemək otağına sürüşdüm.
Özümə gələndə səhərin gözü açılmamışdı: səhər saat dörd idi. Başım buxarının küllük hissəsində, ayaqlarım isə üstündə qurumuş desert qalıqları, sınmış stəkanlar, içki şüşələri və boş qədəh olan stolun üstündə idi.
Bax, qəribə mələk məndən öz intiqamını belə aldı.
Tərcüməçi: Sevil Gültən
banner

Oxşar Xəbərlər