• cümə, 29 Mart, 05:49
  • Baku Bakı 7°C

Qərib ağrılı xatirələr

18.05.13 08:37 3784
Qərib ağrılı xatirələr
Ötən ilin 28 aprel tarixində Azərbaycanın 2 gənc şairi - Fərid Hüseyn və Şəhriyar Del Gerani 4 ay günahsız yerə İranda həbsdə saxlandılar. Bu günlərdə Fərid Hüseyn 127 gün İran həbsxanasında keçirdiyi ağrılı-acılı zindan həyatından bəhs edən “Qandalı görməsin” xatirələr və “Dözmək üçün məşq” adlı şeirlər və esselər kitablarını oxuculara təqdim etdi.
“Qandalı görməsin” kitabı Fərid Hüseynin həbsxana xatirələrindən bəhs edir. Bu kitabı oxuyarkən oxuculara həbsxana dəhşətlərini, edam qorxusunu, darıxmaq, satqınlıq, vətən həsrəti, yazmaq eşqi kimi hisslər anlatılır. Adətən, hansısa bir kitabı 2-3 həftəyə oxusam da, marağıma güc gəlib, söz-söhbətlərə səbəb olan, həmin ərəfələrdə hər kəsin maraq obyektində olan həbsxana xatirələrini iki günə oxuyub bitirdim. Kitabda bəhs olunan həbsxana olaylarının bir hissəsini əvvəlcədən Fəridinin öz dilindən eşitsəm də, kitabdan bilmədiyim məqamları öyrəndim, həm də paytaxtımızda “Şairlərimizi qaytarın”, “Şairlərimizə azadlıq” kimi şüarlı mitinqlər keçirilən dövrü xatırladım.
Onun həbsxanada işgəncəyə məruz qalmadığını kitabından oxuduqdan sonra şairin bəlkə hansısa məqamları yazmaqdan çəkindiyini düşünüb, özündən bunun nə dərəcədə real olduğunu soruşdum. Şair həqiqətən işgəncəyə məruz qalmadığını, kitabda qələmə aldığı hadisələrin hamısını gerçəkdən yaşadığını bildirdi: “Düzdür, bir çox hadisələr kitab çıxandan sonra yadıma düşüb. Fikirləşirəm ki, yəqin bu kitabın davamını yazaram”.
Fərid Hüseyn həbsdə qələmə həsrət qaldığını bildirdi: “Həbsxanada olarkən yatdığımız kamerada qələmdən istifadə etməyə imkan vermirdilər. Deyirdilər ki, qələmi boğazınıza salıb, özünüzü öldürə bilərsiniz. Başa sala bilmirdik ki, ay qardaş, bir hər nə ilə özümüzü öldürsək də, qələmlə öldürmərik. Qələm bizi öldürməz, qələm bizi yaşatmaq üçündür”.
Vaxtlı-vaxtında yemək və geyimlə təmin edildiklərini deyən şair həbsxanada əsas problemlərinin vətən və sevdikləri şəxslər üçün darıxmaq olduğunu söylədi: “Həbsxananın yaxşısı olmur, xüsusən də qürbətdə. Orada bizə vətəndən, ailədən, sevdiklərimizdən ayrı, uzaq olmaq çox əziyyətli idi. Qürbətdə adama yaxşı da baxa bilərlər. Amma qürbət heç vaxt vətən ola bilməz. Vətəndə şor yemək də ləzzətlidir, amma qürbətdə kabab yeməyin heç bir ləzzəti yoxdur”.
Həbsxana xatirələrini qələmə alarkən şair dünya klassiklərinin əsərlərindən sitat gətirib, gördüyü hadisələri eynilə həmin əsərlərdəki qəhrəmanlara bənzədib: “Həbsxanada insanların ümid hissi çox qəribədir. Dostoyevski “Ölülər evindən qeydlər” əsərində bu ümid məsələsini dəqiqliklə verib. Qeyd edib ki, məhkumlar çox xəyalpərəst insanlardır. İyirmi illiyə həbs edilmiş adamların mənə üz tutub son dərəcə sakit şəkildə “Vaxtım qurtarıb çölə çıxanda...” deyə söhbətə başlamalarına məəttəl qalırdım”.
Şair kitabda dostu Şəhriyarla olan münasibətlərinə də toxunub, həbsxanada ona hayan və orada Şəhriyarla dərd ortağı olduğunu yazıb.
Həbsxananın yaxşı bir yer olmadığını söyləyən şair, bununla yanaşı, kimiləri üçün onun istirahət məkanı olduğunu da qeyd edib, Vəhid adlı bir dustağın həbsxanaya düşdükdən sonra kökəldiyini yazaraq onunla olan dialoqunu oxuculara belə təqdim edir: “Hərdən Vəhiddən soruşurdum:
– Zindanın nəyi yaxşıdır eşikdən?
Tez cavab verirdi:
– Eşikdə olanda anama deyirdim bir köynək al, daşdan səs çıxırdı, anamdan yox. Amma burda biləndə ki, paltarım yoxdu, tez alıb gətirirlər. Eşikdə gündə üç dəfə yemək tapmırdım, burda verirlər. Eşikdə kimin evinin içində supermarket var? Heç kimin. Amma burda zindanın içində supermarket var. Nə istəyirsən al ye. Eşikdə uşaq vaxtı oynamağa topum olmayıb, amma burda dövlət oynamağa top da verib”...
Kitabda yazıçı həbsxanada olarkən onların azadlığı üçün çalışan hər kəsə minnətdar olduğunu qeyd edib. Bununla bərabər, İrandan gələndən sonra verdiyi müsahibələrin birmənalı qarşılanmadığını və onun haqqında xoşagəlməz sözlər danışıldığını qeyd edib: “Müsahibələrdə deyirdim ki, bizim azad olmağımız Prezident İlham Əliyevin nüfuzu, eləcə də müvafiq qurumların və dövlət nümayəndələrinin, media işçilərinin, yazarlarının səyi nəticəsində mümkün olub. Bəziləri isə götürüb yazırdılar ki, “bunlar da yıxıldı hakimiyyətin ayağına”. Görünür, ya mən özümü doğru-düzgün ifadə edə bilmirəm, ya da həmin kəslər həqiqəti görmək istəmirlər. Dövlətimiz öz vətəndaşlarının azadlığını təmin etdi. Bunun görmək üçün üçüncü gözə lüzum yoxdur”.
Xatirələrdən sonra şair həbsxana zamanı yazdığı şerləri oxuculara təqdim edib.
Ay ana, hayana üz tuturamsa,
Bədbəxtlik dalımca elçi yollayır.
Mən hansı budaqdan yapışıramsa,
Dar ağacı olub kəndir sallayır.
Diqqətimi çəkən məqamlardan biri də o idi ki, Fərid Hüseyn kitabda özünü oxuculara qəhrəman kimi təqdim etməyə heç bir cəhd göstərməyib. Onu da qeyd edim ki, şair bu kitabı anası Tahirə xanımın göz yaşlarına ithaf edib.
Şairlərimizin İranda olarkən başlarına gələn hadisələri daha ətraflı şəkildə bilmək üçün kitabın ikinci hissəsini gözləyirik...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər