• şənbə, 27 Aprel, 00:46
  • Baku Bakı 14°C

“Qərəzli mövqe və çağırışlar”

21.07.18 10:00 546
“Qərəzli mövqe və çağırışlar”
Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması məqsədilə iyulun 16-da sərəncam imzalayıb. Həmin sərəncamla qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİV DF) 1 milyon manat ayrılıb. İyulun 19-da isə KİV DF Müşahidə Şurasının növbəti iclası keçirilib.İclasda Prezident İlham Əliyevin 16 iyul tarixli Sərəncamına əsasən, qəzetlərə maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub. Azərbaycanda nəşr olunan 26 qəzetə müxtəlif məbləğdə maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. Əlbəttə ki, bütün bunlar son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm islahatların tərkib hissəsidir. Media təmsilçiləri dövlət başçısının imzaladığı sərəncamla qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirirlər. Belə bir fonda "Media Klubu” adlı bir qurum və onun təmsilçiləri, xüsusilə Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını bəyan ediblər. Onlar hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia ediblər. Təbii olaraq "Media Klubu”nun bu qərəzli yanaşması qəzet baş redaktorları tərəfindən narazılıqla qarşılanıb. Bildirilib ki, belə iddialar yanlış olmaqla bərabər, 143 yaşı olan Azərbaycan mətbuatına xələl gətirməyə hesablanmış addımdır.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyev, ardınca da dövlət başçısı İlham Əliyev çap mətbuatını məhv olmaqdan xilas edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev indi də yazılı mətbuatın vəziyyətini nəzərə alaraq, öz dəstəyini göstərir: "Elektron və sosial medianın yaranması ilə yazılı mətbuatın vəziyyəti ağırlaşıb. Çap mətbuatı demək olar ki, sıradan çıxmaq üzrə idi. Çünki, böyük iqtisadi sıxıntı ilə üzləşmişdilər. Belə bir məqamda dövlətin qəzetlərə dəstəyi normaldır, başa düşüləndir. Qəzetlər mənsub olduğu ölkənin salnaməsidir. Bu salnaməni yaşatmaq, məhv olmaq təhlükəsindən xilas etmək böyük humanist addımdır. Son illər həm kağız bahalaşıb, həm də çap xərcləri artıb. Məhz buna görə də, ənənəvi olaraq Milli Mətbuat Günündə çap mediasına dövlət başçısının ehtiyat fondundan maliyyə yardımları ayrılır. Bir qədər əvvəl vurğuladığım kimi, bu, yazılı mətbuatın məhv olmasının, sıradan çıxmasının qarşısını almaq istiqamətində atılan əhəmiyyətli addımdır. Buna görə, qəzet baş redaktorları Prezident İlham Əliyevə minnətdarlığını bildirir. Bu humanist addımı qaralamaq, gerçəklikləri başqa rəngdə görməyə çalışmaq yazılı mətbuatın varlığını istəməyən qüvvələrin işi ola bilər. Belə yanaşma ilə onlar Azərbaycan mətbuatının məhv olmasına çalışırlar”.

"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qeyd etdi ki, Prezident İlham Əliyevin qəzetlərə birdəfəlik yardım ayrılması ilə bağlı imzaladığı sərəncama narazılıq edənlər də vaxtilə yardım alıb. Baş redaktorun sözlərinə görə, həmin şəxslər də gündəlik qəzetlərinin xərclərinin nə qədər olduğunu və KİV DF-dən ayrılan pulun qəzetlərin tam xərcini ödəmədiyini yaxşı bilirlər. Etiraz edənlərin ədalətsiz olduqlarını dilə gətirən baş redaktor söyləyib ki, yazılı medianın daim yenilənməyə, maddi-texniki bazasını möhkəmləndirməyə ehtiyacı var: "Bu baxımdan, səslənən fikirləri, "mənə çatmırsa, qoy bunun əleyhinə gedim” prinsipi kimi qəbul edirəm. Bu isə düzgün hal deyil. Həmin şəxslər də media işçiləridirlər. Düşünürəm ki, narazı olanların sırasında vaxtilə dövlət başçısının yardımını alanlar bu cür vasitələrlə gündəmdə qalmaq istəyirlər. Onlar özlərinin "ədalətli” mövqe tutduqlarını göstərməyə çalışırlar. Halbuki, ölkə başçısı tərəfindən imzalanan sərəncam birmənalı olaraq çap mediası üçün mühüm əhəmiyyət kəsb edir. Yay mövsümü olduğu üçün çap mediasının satışı faktiki olaraq 2 ay müddətində dayanır. Amma buna baxmayaraq, hər gün qəzetlər çap olunmalıdırlar. Bu baxımdan dövlət başçısının qəzetlərə yardımla bağlı sərəncamına narazılıq edənlərin mövqeyini haqsız sayıram”.

"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də hesab edir ki, narazılıq yaradanların çıxışlarında heç bir gerçəklik yoxdur. Onun qənaətinə görə, "Media Klubu”nun təmsilçilərində Azərbaycanın media siyasətinə qarşı çox iddialı, abmisioz, qaralayıcı, ləkələyici bir hal görünür: "Ölkədə media-dövlət münasibətlərinin nəticələri göz önündədir. Dünyanın heç bir ölkəsində çap medianın fəaliyyəti dayandırılmayıb. Çap mediası ilə yanaşı, başqa informasiya texnologiyaları vasitələrinin inkişafı getsə də, yazılı mətbuat öz varlığını bütün dünyada qoruyur. Bunun, Azərbaycanda dayandırılması ilə bağlı hər hansı bir tələb ölkəyə, dövlətçiliyə, ümumən isə qəzetçilik ənənələrimizə qarşı qərəzli mövqe və çağırışlardır. Dünyada Azərbaycan qədər çox azsaylı ölkələr var ki, milli mətbuatının 143 illik tarixi var. Bu gün çap mediası ölkədə jurnalistikanın inkişafını, prinsip və dəyərlərini, etikasını özündə saxlayan ən əhəmiyyətli məkanlardan biridir. Qoy digər informasiya resursları - televiziya, sayt, radio əməkdaşları məndən inciməsinlər, jurnalistika prinsiplərinin ən yüksək səviyyədə qorunmasına xidmət edən məkan birinci növbədə çap mediasıdır. Bax, buna görə də çox arqumentlər deməyə əsas verir ki, "Mətbuat Klubu”, "Press Klub” və sair adlar altında fəaliyyət göstərən kimlərinsə tələbləri real deyil. Bu gün Azərbaycanın ümumi inkişafı əleyhinə çıxış edənlər bilməlidirlər ki, onlar yüzlərlə, minlərlə təmsilçisi, jurnalisti olan Azərbaycan mediasına qarşı yönəlmiş çağırışlar etsələr də, həmin çağırışlara heç bir əhəmiyyət verilməyəcək”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər