• şənbə, 20 Aprel, 08:10
  • Baku Bakı 14°C

Qərəz və yalan məbədi: “The Guardian”

16.06.15 10:48 1324
Qərəz və yalan məbədi: “The Guardian”
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqda qərar qəbul ediləndən bu günə kimi bəzi Qərb dairələrində ölkəmizə qarşı “qara piar” kampaniyası səngimir. Oyunları keçiriləcəyi müddətdə dünyanın diqqətinin Azərbaycanda olduğunu, Avropanın ürəyinin Bakıda döyündüyünü görən bəzi təşkilatlar və KİV-lər hər vasitə ilə ölkəmizi qaralamağa çalışırlar.
Şər-böhtan, qarayaxma məqsədi daşıyan bu “təbliğat” kampaniyasının fəal iştirakçılarından biri də Böyük Britaniyanın məşhur “The Guardian” qəzetidir. Bu qəzetin əməkdaşı - idman jurnalisti olmasına rəğmən, idman oyunlarını daim siyasət alətinə çevirən, öz yazılarında Azərbaycan barədə alçaldıcı, təhqiramiz ifadələrə yol verən Ouen Gibsona birinci Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyanın verilməməsindən sonra “The Guardian” “cığal uşaqlar” kimi davranmağa, öz səhifələrində Azərbaycan əleyhinə daha çox materiallar yerləşdirməyə başlayıb.
Bu günlərdə “The Guardian” daha bir qərəzli yazı ilə çıxış edərək, Azərbaycanı geridəqalmış, inkişaf etməyən, hüquqi dövlət quruculuğu olmayan, “mafiya qanunları ilə idarə olunan” ölkə kimi təsvir edib. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə növbəti dəfə hörmətsizlik nümayiş etdirən qəzet öz məqaləsində Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə “inkişafı”na toxunub. Məqalədə Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə özünün hərbi və maliyyə məsələlərini həll etdiyi, Azərbaycanın 7 rayonunu əldə saxladığı da vurğulanıb. Ancaq nədənsə, “The Guardian” Ermənistan tərəfindən burada həyata keçirilən etnik təmizləmə, işğal, təcavüz məsələlərinə toxunmayıb, 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün barədə bir cümlə də yazmayıb. Üstəlik, Böyük Britaniyaya məxsus bu mətbu orqan Dağlıq Qarabağ münaqişənin mahiyyətini də təhrif edərək, ortaya tamamilə qərəzli yanaşma qoyub.
Xatırladaq ki, bu qəzet Azərbaycanın ərazi bütövlüyünə kölgə salmağa hesablanmış eyni tipli məqalə ilə bu ilin əvvəlində də çıxış edib. O zaman “The Guardian” 2015-ci ilin ən görməli yerlərinin siyahısını dərc edərək, həmin siyahıya Dağlıq Qarabağın da adını salmışdı. Ancaq qəzet həmin ərazini Azərbaycanın tərkib hissəsi, Ermənistan tərəfindən işğal olunan ərazi kimi deyil, ayrıca “müstəqil respublika” kimi göstərmişdi. “1991-ci ildə müstəqilliyini elan edən Dağlıq Qarabağ Ermənistan və Azərbaycan sərhədində yerləşir” kimi təqdimat verən qəzet bununla beynəlxalq prinsiplərə, xüsusən də ərazi bütövlüyü prinsipinə açıq-aşkar sayqısızlığını nümayiş etdirmişdi.
“The Guardian”ın Azərbaycana qarşı qərəz və hikkəsi o qədər böyükdür ki, hətta Britaniyanın digər KİV-lərində ölkəmizlə bağlı dərc olunan az-çox neytral xəbərlər də onu qıcıqlandırır. Məsələn, bu günlərdə “The Guardian” Azərbaycanla bağlı neytral informasiya verdiyinə görə BBC-ni də hədəfə alaraq, onu “uşaq kimi davranmaqda” ittiham edib.
Əslində, qeyri-obyektiv mövqeyinə görə bütün sərhədləri aşan, jurnalist etikasını kobud şəkildə pozan “The Guardian” son yazıları ilə Azərbaycandan Ouen Gibsondun “qisasını alır”. Əməkdaşının ölkəmizə buraxılmadığına görə hətta küçə söyüşlərini də səhifəsinə çıxaran, Azərbaycanı aşağılamağa çalışdığını gizlətməyən bu mətbu orqan artıq sarı bulvar qəzetindən heç də fərqlənmir. Onun dərc etdiyi yazılar, ortaya qoyduğu “mövqe”, qərəz və hikkə vaxtilə bolşeviklərin təbliğat-təşviqat məqsədi üçün istifadə etdikləri divar kağızlarını xatırladır.
Əgər “The Guardian” özünü həqiqətən də cəsarətli mətbuat orqanı, jurnalist prinsiplərinin fədakar keşikçisi sayırsa, o zaman Kraliçanın mediaya senzor münasibətini də tənqid etməyi bacarmalıdır. Çünki söz və mətbuat azadlığını əlində bayraq edən, guya Azərbaycanda jurnalistlərin öz fəaliyyətinə görə həbs olunduğunu iddia edən “The Guardian”ın mənsub olduğu Böyük Britaniyada bu sahədə vəziyyət həddən artıq pisdir. Böyük Britaniyada azad mətbuatdan, azad jurnalistikadan danışmağa dəyməz. Axı cəmi bir neçə il öncə Böyük Britaniya kraliçası II Yelizaveta mətbuata nəzarətlə bağlı mexanizmi müəyyənləşdirən Xartiya imzalayıb. Həmin Xartiya Kraliçanın, hətta onun nəvələrinin, eləcə də tanınmış digər britaniyalıların şəxsi həyatlarına müdaxilə edilməsi faktlarına görə jurnalistlərin və Britaniya vətəndaşlarının cəzalandırılmasını nəzərdə tutur. Yeni qaydalara görə, jurnalistika etikasını pozan, daha doğrusu Kraliçanın, Böyük Britaniyanın hakimiyyət təmsilçilərinin xoşuna gəlməyən materiallarla çıxış edən media qurumları 1 milyon funt sterlinq məbləğində cərimələnə, cəzalandırıla bilərlər. Bir sözlə, Kraliçanın imzaladığı Xartiyadan sonra Britaniyada jurnalistlərin fəaliyyəti ciddi nəzarətə götürülüb, KİV-lər artıq özünüidarə orqanından dövlət nəzarətindəki orqanlara çevriliblər. Hazırda Britaniyada nəinki mətbuat, eləcə də digər media qurumları, o cümlədən televiziya kanalları da hökumətin siyasətini, həmçinin məmurları tənqid edən materialları verə bilməzlər. Bu da medianın ciddi senzura altında fəaliyyət göstərməsi deməkdir.
Belə olduğu təqdirdə, “The Guardian”ın hansısa başqa dövləti “söz və mətbuat azadlığının olmamasında” ittiham etməsi gülüncdür.
APA Analitik Qrupu
banner

Oxşar Xəbərlər