• cümə, 19 Aprel, 22:45
  • Baku Bakı 24°C

Qərənfilləri “ağladan” gecənin tərənnümü

21.01.19 15:30 2269
Qərənfilləri “ağladan” gecənin tərənnümü
Bəzən tarixi hadisələrin mahiyyətini isti-isti bədii-estetik süzgəcdən keçirib yaddaqalan əsər yaratmaq çətin olsa da, bu günlər baş verməsinin iyirmi doqquzuncu ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsininə Azərbaycanın təsviri sənət ustaları elə zamanında biganə qalmayıblar. Həmin hadisəyə bu günə kimi davam edən bədii münasibət sonda bu mövzuda təsviri və tətbiqi sənətin müxtəlif sahələrini əhatə edən çoxsaylı əsərlərin yaranmasını şərtləndirmişdir. Ötən əsrin səksəninci illərində mübarizlik iradəsini mitinqlərdən başlayıb 1990-cı ilin yanvardakı qanlı hadisələrdə ifadə edən, daha sonra torpaqlarımızın müdafiəsinə qalxan xalqımızın mübarizəsinə - Qarabağ probleminə sənətkarlarımızın bədii münasibəti heç şübhəsiz ilk növbədə onların yaşadıqları dövrün aynası olmaq istəyindən irəli gəlmişdir. Belə ki, hadisələrin bilavasitə iştirakçısı olan, torpaq uğrunda gedən ölüm-dirim mübarizəsinə şahidlik edən sənətkarların rəngə və cizgiyə, eləcə də daşa, mərmərə və tunca köçürdüklərində başqalarında baş verənlərə inam yaradacaq bədii-mənəvi güc daha etibarlı olur...
Əslində, ermənilərin torpaq iddiasından qaynaqlanan və "Dənizdən-dənizə” kimi sərsəm planın tərkib hissəsi olan Qarabağ mövzusunun bədii görkəm almasının tarixi hələ XX əsrin əvvəllərindən başlanır. O vaxt İrəvan xanlığındakı dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın Naxçıvana pənah aparmalarına görkəmli fırça ustası Bəhruz bəy Kəngərli (1892-1922) şahidlik etmişdi. Qaçqınlara imkanı çərçivəsində maddi qayğı göstərən gənc rəssam baş verənlərin tarixi-bədii sənədə çevrilməsi istiqamətində əvəzsiz bir iş görmüş, ağır vəziyyətdə olmuş insanların taleyinə həsr olunmuş "Qaçqınlar” adlı rəsmlər silsiləsi yaratmışdı.
Qanlı-qadalı faciələrimizə B.Kəngərli tərəfindən XX əsrin əvvəllərində tutulan "bədii güzgü”nün davamı elə həmin əsrin sonlarında oldu. Qorbaçovun "yenidənqurma” ideyasının iflasa uğradığı günləri "20 Yanvar” kimi ağır faciə ilə yaşayan Azərbaycan xalqının tuş gəldiyi təzadlı yaşantılar elə o vaxtlar rəssam və heykəltəraşlar tərəfindən yaddaqalan bədii əsərlərə çevrilməyə başlandı. Bu mənada bu gün Bakıda və bölgələrdə ucaldılan abidələri, muzey və qalereyaların ekspozisiyalarını bəzəyən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini 20 Yanvar faciəsinin dəhşətlərini özündə yaşadan, gələcək nəsillərin öz tarixinə bələdçiliyinə kömək edəcək çox qiymətli qaynaq hesab etmək olar. Onların sırasında Əyyub Hüseynov, Kamil Nəcəfzadə, Sara Manafova, Eyyub Məmmədov, Rasim Babayev, Nazim Rəhmanov, Vaqif Ucatay, İlham Ənvəroğlu, Tünzalə Məmmədzadə, Eyzam Şıxəliyev, Nəvai Metin, İlqar Əkbərov (rəngkarlıq), Arif Hüseynov, Fəxrəddin Məmmədvəliyev, Həşim Elçiyev, Kirman Abdin, Etibar Aslanov, Arif Həsənov, Qafar Sarıvəlli, İsmayıl Əvəzov (qrafika), Fuad Salayev, Səid Rüstəm, Arif Qazıyev, Fəxrəddin Əliyev, Cavanşir Dadaşov, Azad Əliyev, İbrahim Həsənov, Sahib Quliyev (heykəltəraşlıq) və Adil Şıxəliyev, Rauf Əbdülhüseynoğlu, Fəxrəddin Əliyevin (dekorativ-tətbiqi sənət) yaratdıqları əsərlərin yüksək bədii-estetik dəyərə malik olduqlarını vurğulamaq lazımdır.
Əlavə etmək lazımdır ki, Qarabağ mövzusu Rusiya Federasiyasında yaşayan Qüdrət Qurbanov, Rəhman Şıxəliyev və Əsgər Məmmədovun, təhsil sonrası taleyini Belorus Respublikası ilə bağlayan Kamil Kamalın, Almaniyada çalışan Əşrəf Heybətovun və Türkiyədə çalışan çoxsaylı azərbaycanlı rəssamların da son illər yaradıcılığında davamlı yer tutmaqdadır...
Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun (1916-1998) "Bakıda 20 Yanvar faciəsi” tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından duyulası əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu çoxfiqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış ən yaxşı əsərlərdən sayılır. Rəssam şəhərin gecə mənzərəsi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadı ilə, cəlbedici və təsirli tutumda ifadə etməyə nail olmuşdur.
Tanınmış fırça ustası Sara Manafovanın (1932-2007) çəkdiyi "Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür. Onun bəyaz stulun üzərində görüntüyə gətirdiyi bir-neçə qara gül şəhidlərin ruhuna ucalan ağı kimi qəbul olunur.
Əməkdar incəsənət xadimi Eyyub Məmmədov (1921-1994) isə şahidi olduğu qanlı olaylara bədii münasibətini "Qanlı şənbə günü”, "Komendant saatı” və "Hədəf” tablolarından ibarət "Yanvar hadisələri” adlı triptixində ifadə etmişdir.
Xalq rəssamı Kamil Nəcəfzadənin (1929-2011) "20 Yanvar” rəngkarlıq tablosunu bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Etiraf edək ki, tanınmış fırça ustası yaratdığı maraqlı kompozisiyanın sayəsində həm faciənin baiskarlarını, həm də Azərbaycan xalqının bu səbəbkarlara yönəli sonsuz nifrətini göstərə bilmişdir. Qana bələnmiş şəhidlərin meyitləri üzərində təqdim olunan Bakının qış səhəri kifayət qədər təzadlı durumdadır. Belə ki, onun sol yuxarı hissəsini qarğa-quzğunla əhatələnmiş, Bakıya qoşun yeridilməsi əmrini vermiş ölkə rəhbəri M.Qorbaçov, sağ yuxarı tərəfində isə o dövrdə baiskarları öz müraciəti ilə ittiham etməkdən çəkinməyən bütün Qafqazın şeyxülislamı Allahşükür Paşazadə təsvir olunmuşdur... Onun digər əsərində isə faciənin baiskarı ayrıca qınaq obyektinə çevrilmişdir. Əsər üçün kifayət qədər obrazlı həll tapan rəssam, qan fonunda təqdim olunan M.Qorbaçovun portretini insan kəllələrindən, xalq ittihamının göstəricisi olan kəndiri isə insan sümüklərindən və kəllədən "hörməklə”, kompozisiyanın təsirliliyinə nail olmuşdur...
Rəngkar Eyzam Şıxəliyevin "Faciə” əsərində də Yanvar gecəsinin ağrıları yaddaqalan bədii həllini tapmışdır. Dinc əhaliyə yönəldilmiş yağı süngüləri altında qalaqlanan çoxsaylı şəhid cəsədləri yaşanan gecənin dəhşətlərini bütün reallığı ilə əks etdirir. İstedadlı rəngkar İlham Ənvəroğlunun "Xeyir və Şər” əsərində isə qanlı gecəyə bədii-fəlsəfi tutum verilməklə, həm də kompozisiyanın düşündürücülüyünə nail olunmuşdur.
İlqar Əkbərovun "Şəhidlər” tablosunu da qərənfilləri "ağladan” həmin müdhiş gecənin acı nəticələrinə həsr olunmuş yaddaqalan əsərlərdən saymaq olar. Qaralmış torpaq üzərində görüntüyə gətirilmiş çiyni tabutlu insan axınının buludlu səma fonunda təsviri kifayət qədər cəlbedici görünür. Əllər üzərində ucalan qırmızı örtüklü tabutların əsərin dominantı kimi təqdimatı çox təsirlidir.
Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi "Fəryad” əsərində bir-neçə butanın ifadəli forması ilə faciənin yaşantıları rəmzi həllini tapmışdır. Kompozisiyanın ağ-qara koloriti də mövzunun açımını əyaniləşdirməkdə inandırıcı vasitədir, desək, yanılmarıq.
Gənc rəssam İsmayıl Əvəzovun yığcam detallı "Bakı faciəsi” adlı qrafik lövhəsində qaranlıq gecədə insanları haraylayan qanlı əllərin tamaşaçıda yaradığı bədii-psixoloji təsir çox güclüdür, desək, yanılmarıq. Plakat ustası Kirman Abdinin yaradıcılığında 20 Yanvar mövzusu geniş yer tutur. Bir neçə il bundan əvvəl o, həmin əsərlərini metronun "20 Yanvar” stansiyasının içərisində sərgi şəklində ictimaiyyətə təqdim etmişdi. Həmin ekspozisiyasının yaddaqalan təsiri bu gün də xatırlanmaqdadır. Arif Həsənov və Etibar Aslanovun kompüter qrafikası nümunələrində də 20 Yanvar faciəsinə rənglərin və cizgilərin vəhdətindən yaranan münasibət yaddaqalandır.
Tətbiqi sənət ustalarından Fəxrəddin Əliyevin iriölçülü "20 yanvar” xalçası, Adil Şıxəliyevin "Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun "Faciə” keçəsi haqqında söz açdığımız mövzunun dekorativ-şərti ifadəsi baxımından diqqət çəkir.
Heykəltəraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi tanınmış tişə ustası Səid Rüstəmdir. Üçhissəli heykəltəraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş qanlı hadisənin ittihamedici obrazlı-şərti həlli tapılmışdır. Bakının Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılan abidədə də (müəllifi İbrahim Həsənov) xalqımıza xas mübarizlik ruhu qabarıq və yaddaqalan monumental biçimdə öz həllini tapmışdır.
Faciədə həlak olanların xatirəsinə ucaldılmış ümumiləşdirilmiş abidə isə paytaxtın "20 Yanvar” meydanında yerləşir. Bu çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur. Əməkdar rəssam Arif Qazıyevin "Fəryad” və "Şəhid anası”, xalq rəssamı Fuad Salayevin "Qıl körpüsü”, Məmməd Rəşidovun "Daşın göz yaşları” və s. heykəltəraşlıq nümunələrində də faciəyə tutulan plastik güzgü cəlbedici və yaddaqalandır.
Azərbaycan təsviri sənətinin müasir mərhələsinin inkişafına öz yaradıcılıqları ilə xidmət edən sənətkarlarımızın müxtəlif nəsillərinin üzərinə əlavə yaradıcı və mənəvi bir yük düşüb. Bu da onların yaşadıqları zamanın, tuş gəldikləri hadisələrin bədii salnaməsini yaratmaqla, onu bədii-tarixi sənədə çevirib gələcək nəsillərə ötürməkdir. Bu mənada yuxarıda haqqında söz açdığımız bədii nümunələr xalqımızın torpaq uğrunda mübarizliyini və əzmkarlığını nümayiş etdirən, gələcək nəsillərimizin əlində düşmənə qarşı amansız silaha çevrilən sənət əsərləridir...
Ziyadxan Əliyev

banner

Oxşar Xəbərlər