• çərşənbə axşamı, 23 aprel, 21:46
  • Baku Bakı 20°C

Qərbin Qazaxıstan presedenti

05.06.13 14:34 1609
Qərbin Qazaxıstan presedenti
Bir qədər əvvəl Avropanın göbəyində - Avstriyada indiyədək görünməmiş məhkəmə prosesi baş verib. Belə ki, keçmiş SSRİ-nin süqutundan sonra, ilk dəfə olaraq, Avropa dövlətlərinin ədliyyə orqanları tərəfindən MDB ölkələrindən qaçaraq Qərbdə özünə sığınacaq tapmış “müxalifət lideri”nin işini məhkəməyə çıxarıb. Söhbət Qazaxıstanın ədalət məhkəməsi tərəfindən barəsində korrupsiya, dövlət əmlakını mənimsəmə, adam öldürmə, silahlı basqın və digər maddələr üzrə cinayət işi qaldırılmış, bu ölkənin Avstriyadakı keçmiş səfiri Rahat Əliyevin cinayətləri üzrə Avstriya Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərardan gedir. Görünür, köhnə qitəni bürüyən iqtisadi böhran Qərb dövlətlərini təbii ehtiyatlarla zəngin olan Qazaxıstana qarşı münasibətlərini dəyişməyə vadar edir və bunun nəticəsi kimi, cinayətkar əməllərini ört-basdır etmək üçün Avropa dövlətlərində sığınacaq tapmış siyasi mühacirlər, «müxalifət liderləri» artıq həmin dövlətlər üçün maraq kəsb etmədiyindən, onların öz ölkələrinə ekstradisiyasına start verilib. Ehtimallarımızı köhnə qitədə özünə sığınacaq tapmış Qazaxıstandan olan digər siyasi mühacir-oliqarx, «müxalifət lideri», uzun illərdən bəri İnterpol tərəfindən «axtarışda» olan Muxtar Ablyazov və onun ailəsi ilə bağlı son günlərdə baş verən hadisələrlə əsaslandırmağa çalışacağıq.
İlk olaraq, xatırlatmaq yerinə düşər ki, görünür, barəsində Qazaxıstanda bir sıra maddələr - cinayətkar yollarla ələ keçirilmiş çirkli pulların yuyulması, «Nurbank»ın top-menecerlərinin ölümündə iştirak etmə, fırıldaqçılıq, cinayətkar qruplaşmanın təşkili və ona rəhbərlik etmə, korrupsiya cinayətləri, hətta vətənə xəyanət maddələri üzrə cinayət işi açılmış «müxalifət lideri» Rahat Əliyevin işinin Avstriya Ali Məhkəməsində yenidən araşdırılmasının bu məsələdə presedent rolunu oynamağa başlayıb. Çünki, bu hadisənin üstündən az keçmiş, analoji xəbər Dumanlı Albiondan gəlib. Belə ki, Qazaxıstandan olan oliqarx, özünü Avropada «müxalifət lideri» kimi qələmə verən Muxtar Ablyazov barəsində London Ali Məhkəməsi tərəfindən həbs qətimkan qərarı çıxarılıb. Bəs kimdir, Muxtar Ablyazov?
Hazırda köhnə qitədə mühacir həyatı yaşayan oliqarx, Böyük Britaniya, Rusiya, Qazaxıstan və Ukraynanın hüquq mühafizə orqanları tərəfindən axtarışda olan transmilli cinayətkar dəstənin baçısı Muxtar Ablyazovun adı detektiv janr həvəskarlarına yaxşı məlumdur. Belə ki, bu insanın keçdiyi həyat yolu dolaşıq süjet xətti olan çoxseriyalı filmdən heç geri qalmır. Onu qısaca aşağıdakı kimi xarakterizə etmək olar: Fırıldaqçı –bu şəxs, müstəqilliyini yenicə qazanmış postsovet respublikalarının birində, hamının başı ölkənin dirçəldilməsinə qarışdığı bir məqamda fürsətdən istifadə edərək özünə külli miqdarda sərvət toplaya bildi. Başqa sözlə, çalışdığı müxtəlif vəzifələr-holdinq rəhbərindən tutmuş ölkənin energetika naziri kimi məsul vəzifələr bu şəxs üçün yalnız özünə sərvət toplamaq üçün tramplin rolunu oynayırdı; Siyasətçi - əsas fəaliyyəti dövlətdən oğurladığı pulları müdafiə etməkdən ibarət olan, qondarma müxalifət hərəkatına rəhbərlik edən bu «siyasətçi» ölkənin ədalət məhkəməsindən çox da yayına bilmədi, tezliklə onu həbs etdilər. Amma, buna baxmayaraq, o, barəsində çıxarılan məhkəmə cəzasının heç dörddəbirini belə yatmadı, dövlət başçısının fərmanı ilə əfv olundu. Biznesmen-həbsdən azad olduqdan sonra, bu biznesmen hətta Qazaxıstanın ən böyük maliyyə qurumlarından olan «Bank Turan Alem»in(BTA) Direktorlar Şurasının sədri vəzifəsinə belə yiyələnə bildi. Və nəhayət, oğru- vəzifə hərisi olan bu kəs, qaranlıq əməllər törətməkdə davam edir, yenidən həbs olunmaqdan belə çəkinmirdi. Muxtar Ablyazovun kriminal fəaliyyəti sonda onunla nəticələndi ki, o, BTA-ya rəhbərlik etdiyi bir neçə il ərzində bankın aktivlərinin böyük hissəsini ofşor hesablara köçürə bildi. Burada söhbət, nə az, nə çox - 6 milyard dolların ölkədən çıxarılmasından gedir (bəzi məlumatlarda bu rəqəmin hətta 10 milyard dollar olduğu bildirilir). Maliyyə vəsaitlərinin böyük hissəsi ölkədən fırıldaq yolu ilə-ofşor şirkətlər vasitəsilə çıxarılıb. Bu fırıldaq maliyyə əməliyyatlarından təkcə Qazaxıstan deyil, BTA-nın nümayəndəliklərinin olduğu Rusiya və Ukrayna da ziyan görüb.
Uzun istintaq araşdırmalarından sonra , yuxarıda sadalananları nəzərə alan London Ali Məhkəməsi «müxalifət lideri» Muxtar Ablyazov barəsində tərəfindən həbs qətimkan qərarı çıxardı. Və dərhal da ,İngiltərədə M.Ablyazova məxsus əmlaklar üzərinə həbs qoyuldu. Onların satılmasına dair KPMG şirkətinə xüsusi səlahiyyyətlər verildi. Həmin əmlakların sırasında Londonun şimal hissəsindəki malikanə, Vindzor şəhərindəki 40 hektar torpaq sahəsi və oliqarxın Londonun Sent-Cons rayonundakıı mənzil də var. Məsələni belə görən «azadlıq carçısı» dərhal ölkəni tərk etdi. Bu dəfə isə «müxalifət lideri» ilə bağlı xəbər digər Avropa ölkəsi-İtaliyadan gəldi. Daha doğrusu bu barədə M.Ablyazov özü «Fasebook» sosial şəbəkəsindəki səhifəsində məlumat, daha doğrusu, «bəyanat» yaydı. Oliqarx, eks-bankir həmin məlumatda iddia edirdi ki, guya «Qazaxıstan hakimiyyəti onun ailəsini İtaliyada oğurlayıb». Az keçmədi ki, İtaliya tərəfi bu məlumatı yalanladı. Hökumət adından yayılan rəsmi açıqlamada mühacir eks-bankirin ailəsinin bu ölkədə saxta sənədlərlə yaşaması səbəbindən ölkədən departasiya olunduğu bildirilirdi. Əslində «müxalifət lideri»nin ölkə hakimiyyətinin adına qarayaxması heç də yeni məsələ deyil. Postsovet ölkələrində bu, artıq çoxdan dəb halını alıb,-müxalifət təmsilçilərinin hər hansı birinin yanından yel ötsə belə, bunda mütləq hakimiyyət günahkardır,-bu,bir aksiomdur.
Yeri gəlmişkən, xatırladaq ki, M.Ablyazova qarşı maliyyə fırıldaqları üzrə ittiham irəli sürülənədək, o Londonda sərbəst «fəaliyyət» göstərirdi. Və ənənəyə uyğun olaraq özünü «demokratiyanın keşikçisi» və Qazaxıstanın «müxalifət lideri» kimi qələmə verirdi. Bu o vaxtadək davam etdi ki, London Ali Məhkəməsi BTA-nın öz keçmiş rəhbərliyinə qarşı qaldırdığı bir neçə iddiasını təmin etdi. Məhkəmənin qərarına görə, M.Ablyazovdan 2,1 milyard dollar, onunla işbirliyində olan ortaqlardan isə 2 milyard dollar tutulacaq. Bundan əlavə, bankın qaldırdığı 1,5 milyard dollarlıq mənimsə faktı üzrə iddia barəsində əlavə məhkəmə hökmü gözlənilir. Hazırda britaniyalı hüquqşünaslar aktiv şəkildə oğurluq yolu ilə Qazaxıstandan çıxarılan maliyyə vəsaitlərinin axtarışındadırlar. Onların bir hissəsi ofşor hesablarda aşkarlanıb, bir hissəsi müxtəlif ölkələrdə daşınmaz əmlaklara çevrilib. Təbii, məhkəmə qərarından sonra, həmin əmlaklar da auksion vasitəsilə hərraca çıxarılaraq satılacaq.
Qayıdaq «müxalifət lideri»nin məlum bəyanatına. Muxtar Ablyazov «Fasebook»da yazır ki, «..mayın 29-da, səhər saat 4-30-da, otuzadək polis əməkdaşı onun ailəsinin yaşadığı və Roma şəhərinin ətrafında yerləşən evə basqın edib. Basqın zamanı evdə onun xanımı Alma və altı yaşlı qızı Alya olublar. Hər hansı bir sənəd, yaxud məhkəmə qərarı göstərmədən evdə axtarış aparıblar. Həyat yoldaşım Alma naməlum istiqamətə aparılıb. Mayın 31-də isə polislər yenidən həmin evə gəliblər. Burada mənim qızım Alyaya qohumlar baxırdı. Heç bir səbəb bildirmədən qızımı zorla evdən aparıblar. Artıq axşama doğru bəlli olub ki, mənim xanımımı və qızımı Qazaxıstana ekstradisiya etmək istəyirlər. Mənim xanımım və qızım İtaliya ərazisində qanuni əsaslarla yaşayırdılar. Amma, buna baxmayaraq, vəkillərimə bildirilib ki, guya İtaliya məhkəməsinin onların ekstradisiyası ilə bağlı qərar var». M.Ablyazov, bütün bunlarda guya Qazaxıstan iqtidarının əli olduğunu vurğulayır.
Amma hadisədən bir neçə saat sonra belə bəlli olub ki, eks-bankirin ailəsinin Qazaxıstana ekstradisiyası İtaliya hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşib. Bu haqda Qazaxıstanın İtaliyadakı səfirliyi bəyanat yayıb: «Qazaxıstanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsi tərəfindən Qazaxıstan Respublikasının vətəndaşları Alma Şalabaeva və Alya Ablyazovanın adına öz ölkələrinə qayıtmaları ilə bağlı şahadətnamə verilib. Həmin şahədatnamə İtaliya hökumətinin xahişi əsasında verilib. Hökumət adından səfirliyə ünvanlanan müraciətdə qeyd olunurdu ki, həmin vətəndaşlar İtaliya Respublikasının qanunlarını pozduqlarına görə Qazaxıstan Respublikasına deportasiya olunurlar». İtaliya tərəfi aşkarladığı qanun pozuntusu onunla əsaslandırıb ki, M.Ablyazovun ailə üzvləri bu ölkədə saxta pasportlarla, daha doğrusu Mərkəzi Afrika Respublikası vətəndaşı pasportu ilə yaşayıblar. Görünür, qazaxıstanlı siyasi mühacirlərin bu işdə təcrübəsi böyükdür. Belə ki, bir qədər əvvəl Qazaxıstandan olan digər mühacir-Rahat Əliyevin törətdiyi fırıldağın üstü açılmışdı. Daha dəqiq desək, o da yüksək rütbəli avstriyalı məmurlardan birinə rüşvət verməklə özünə Avropa ölkəsi vətəndaşının pasportunu əldə etmişdi.
M.Ablyazovun hadisəyə necə qiymət verməsindən asılı olmayaraq, yaranmış vəziyyətdə İtaliya polisi çox düzgün addım atıb və saxta pasport sahiblərini öz həqiqi vətəninə deportasiya edib. Qazax tərəfinin yaydığı açıqlamada bildirilir ki, hazırda M.Albyazovun həyat yoldaşı və onun qızı Almatı şəhərində, öz qohumlarının yanındadırlar. Onlar nə hakimiyyətin girovdurlar, nə də ki, M.Ablyazovun sosial şəbəkədə yazdığı kimi, «nəzarət altında saxlanılırlar». Heç şübhəsiz, «müxalifət lideri» özü və ailəsinə qarşı siyasi təqiblərin olduğunu hələ bundan sonra çox bəyan edəcək. Qazaxıstanda hakimiyyətin «qeyri-demokratik» olduğunu, müxalifəti əzməyə çalışmasına dair yeni ittihamlar səsləndirəcək. Hətta o da mümkündür ki, o, 2011-ci ilin qışında Janozendə olduğu kimi, xalqı yenidən iqtidarın əleyhinə qaldırmağa cəhdlər edəcək, mitinqləri maliyyələşdirməkdən belə çəkinməyəcək. Amma, bir şeyi nəzərə almaq lazımdır ki, «müxalifət lideri»nin ölkəsində törətdiyi cinayət əməllərini, maliyyə fırıldaqlarını yalnız qazaxıstanlı istintaqçılar deyil, eyni zamanda avropalı hüquqşünaslar da araşdırılar. Odur ki, İnterpolun günlərin birində M.Ablyazovu əli qandallı şəkildə Qazaxıstan tərəfinə təhvil verəcəyi gün heç də uzaqda deyil. Çünki, artıq Avropada yaranan president buna imkan verir.
Maraqlıdır, bəs görəsən digər postsovet ölkələrində törətdiyi cinayətlər, maliyyə fırıldaqları ucbatından qaçıb Avropa ölkələrində gizlənən mühacirlər, özlərini «müxalifət lideri» adlandıranlara nə zaman sıra gələcək?
Amma, bəlli olan odur ki, bu sıra mütləq gələcək! Çünki, artıq ortada az öncə haqqında söhbət açdığımız presidentlər var…
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər