• cümə axşamı, 18 aprel, 13:36
  • Baku Bakı 22°C

Qərbin müşahidə missiyaları Gürcüstandakı seçkini tənqid etdilər

30.11.18 17:31 479
Qərbin müşahidə missiyaları Gürcüstandakı seçkini tənqid etdilər
Gürcüstan seçkiləri başa çatsa da, proseslə bağlı müzakirələr və gərginlik davam edir. Məsələ ondadır ki, əksər beynəlxalq seçki müşahidə missiyalarının yekun hesabatları sərtliliyi ilə seçilib. Birinci turla bağlı hər hansı bir problem olmasa da, ikinci turun kütləvi qanun pozuntuları, seçiciləri pulla ələ almaq, gərginlik şəraitində keçdiyi bildirilir. Məsələn, ATƏT-in Seçki Müşahidə Missiyası prezident seçkisinin ikinci turuyla bağlı hesabatında prosesdə baş verən qanunsuzluqlara sərt reaksiya verib. Hesabatda seçki günü və ikinci tura qədər olan dövrdə hədə-qorxu gəlmə, inzibati resurslardan yararlanma, neqativ kampaniya, sərt ritorika, güc tətbiqindən istifadə edilən insidentlərin qeydə alındığı bildirilib: "Prezident seçkisinin ikinci turu rəqabət mühitində baş tutub, namizədlərin seçkiqabağı kampaniya aparmaq üçün azad imkanları olub. Lakin tərəflərdən birinin əsassız üstünlükdən istifadə etməsi və hər iki tərəfin neqativ xarakterli seçkiqabağı kampaniyası bütün seçki prosesini təhdid altında qoyub”. ATƏT hökumətin inzibati resurslarından yararlandığını bildirərək, burada xüsusilə bir sıra sosial və maliyyə proqramlarının başladılmasını, o cümlədən 600.000 şəxsin kredit borcunun silinməsini misal göstərib. Təşkilat namizədlər üçün edilən ianələr məsələsində də kəskin bərabərsizliyin olduğunu və hökumətin dəstəklədiyi namizədin xeyrinə daha çox ianənin toplandığını iddia edib.
"Seçicilərin, daha dəqiq desək, məmurların Salome Zurabişvilinin xeyrinə səs vermək məqsədilə qorxudulması, ona dəstək verilməsi məqsədilə mobilləşməsi hallarına yol verilib”. Bu barədə isə ABŞ Milli Demokratiya İnstitutunun beynəlxalq müşahidə missiyasının yaydığı bəyanatda bildirilir: "Seçki pozuntuları daha çox ikinci turda qeydə alınıb. Seçicilərin pulla ələ alınması və dövlət resurslarından sui-istifadə hallarına geniş yer verilib. Birinci turdan dərhal sonra hakimiyyət nümayəndələri və "Gürcü Arzusu”nun liderləri sosial dəstək bəyanatları və vədləri barədə elanlar verdilər”. Bəyanatda həmçinin bir və ya bir neçə şəxsin qrup halında bir neçə dəfə səs verməsinin qeydə alındığı bildirilib.
"İkinci tur bütün seçkilərin ən pisi idi”. Bu sözləri isə Polşa Seyminin nümayəndəsi və seçki müşahidə missiyasının rəhbəri Malqojata Qoşevcka bildirib. O da seçicilərin qorxudulması və s pulla ələ alınması hallarının qeydə alındığı bildirilib. Polşalı deputat xüsusən Marneulidə baş verənləri qeyri-demokratik və səsvermə hüququndan məhrum etmə adlandırıb.
Avropalı müşahidəçilər də seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərəcək qanun pozuntuları qeydə almayıblar. Lakin onlar da "seçkiləri tam şəffaf adlandırmaq olmaz” - deyə qeyd ediblər. "Seçkilərə bir neçə gün qalmış 600 min Gürcüstan vətəndaşının bank borclarının silinməsi barədə qərar da sürpriz oldu”, - deyə Avropa Parlamentinin müşahidəçi missiyasının rəhbəri Laima Andrikiene bildirib. Bundan başqa, müstəqil müşahidəçilər "bir tərəfin məntiqsiz üstünlükdən istifadə etməsindən” narazı qalıblar. Onların ardınca Gürcüstanın hazırkı prezidenti Georgi Marqvelaşvili də seçkilərin gedişatını tənqid edib. "Birmənalı şəkildə deyə bilərəm ki, bu cür standartlarla seçkilər Gürcüstanda bir daha keçirilməməlidir”, - deyə o bildirib.
Gürcü müxalifəti də bütün bunlardan vəcdə gələrək mitinqlərə start verib. "Gürcüstanın birləşmiş müxalifəti noyabrın 28-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır. Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir”. Bu barədə bəyanatla "Vahid Milli Hərəkat” Partiyası da daxil olmaqla, birləşmiş müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadze tərəfdarları ilə keçirdiyi görüşdə çıxış edib. O, dekabrın 2-də paytaxtın mərkəzi Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.
Qalib namizəd Salome Zurabişvili isə müxalifətin, xüsusən də Mixail Saakaşvilinin nəticələri tanımamaq və kütləvi itaətsizliyə çağırış cəhdlərini şərh edib. Onun sözlərinə görə, Saakaşvili Gürcüstana yad adamdır. "Mixail Saakaşvilinin geri dönmək üçün məndən xahiş edəcəyinə şübhə edirəm. Ona görə ki, ilk növbədə ona qarşı açılan cinayət işini həll etməliyik. Bu, vətəndaşlıq məsələsi deyil, ilk növbədə ədalətin təcəssümü məsələsidir. Onun polisi, hərbçiləri xalqın tərəfində yer almağa səsləyən dünənki və bugünkü bəyanatları arasında aydın problemlər var. O, bu ölkə ilə əlaqəsini itirib. Bugünkü gün o, ölkədə destabilizasiyaya səsləyən əcnəbidir. Bu ölkənin hazırda ehtiyacı olmayan ən böyük şey qeyri-stabillikdir. İnsanların seçkidə verdiyi səslər stabillik və Gürcüstanın Avropa gələcəyi üçün idi. Məhz buna görə mən buradayam”, – deyə o bildirib. S.Zurabişvili bu seçkinin Vaşadze ilə onun arasında yox, İvanişvili ilə Saakaşvili arasında keçirilməsi iddialarına da aydınlıq gətirib: "Bu, Avropa diplomatıyla sovet diplomatı arasındakı seçimdir. Bu, həmçinin insanlara qarşı sərt rejim olan keçmiş Saakaşvili ilə başında İvanişvilinin dayandığı "Gürcü Arzusu” arasındakı seçim idi”.
S.Zurabişvili Rusiya ilə də münasibətlərə toxunub. Onun fikrincə, hazırda Rusiya ilə əməkdaşlığın zamanı deyil. O, Gürcüstanın Avropa mövqeyi tutduğunu deyib. Bildirib ki, əgər Avropa və Amerikanı təmsil edən tərəfdaşları Rusiya ilə dialoqa başlayarsa, Gürcüstanın kənarda qalmayacağını söyləyib.
Bəs seçkilərin region ölkələrinə təsiri necə olacaq? "Əgər Grigol Vaşadze seçilsəydi, o zaman bu, "Gürcü Arzusu”nun sonunun başlanğıcı olacaqdı. Bu baş vermədi və beləliklə, region üçün ümumi vəziyyətdə ciddi dəyişiklik gözlənilmir. Bu seçimlə Gürcüstanda sadəcə status-kvo saxlanır”, - deyə siyasi təhlilçi Giya Nodiya deyir. Cənubi Qafqazda ilk dəfə qadın prezidentin seçilməsini "maraqlı məsələ” adlandıran təhlilçi düşünür ki, "bu, faktiki olaraq, formal postdur və hansısa stereotipləri ciddi şəkildə dəyişdirməyəcək”.
Bəs görəsən seçkinin nəticələrinə təkrar baxıla bilərmi? "Gürcü Arzusu” partiyasının keçmiş məsləhətçisi Giya Xuxaşvili buna inanmır. "Düşünmürəm ki, seçkinin nəticələrinə yenidən baxılsın. Ancaq hesab edirəm ki, 600 min qara siyahıya salınmış şəxsin bank borcunu İvanişvilinin ödəyəcəyi ilə bağlı məsələ beynəlxalq müşahidəçilərdə ciddi suallar yaradıb”, - deyə Giya Xuxaşvili əlavə edib.


Azər
banner

Oxşar Xəbərlər