• cümə axşamı, 18 aprel, 14:19
  • Baku Bakı 22°C

Qərbin İranla anlaşması regiona nə vəd edir?

27.11.13 08:59 12068
Qərbin İranla anlaşması regiona nə vəd edir?
İranla Qərbin anlaşması son iki günün ən aktual mövzusudur. Qonşumuzla “Altılar” qrupu ölkələri arasında əldə edilən razılaşmaya əsasən, rəsmi Tehran 6 ay müddətinə uranı 5 faizdən yuxarı zənginləşdirməyi dayandıracaq. Bu müddət ərzində Qərb İrana qarşı tətbiq edilmiş sanksiyaları yumşaldacaq və Tehrana 6-7 milyard dollarlıq gəlir əldə etməyə imkan verəcək. Həmçinin İranla Qərb arasında daha əhatəli nüvə razılaşmasının əldə edilməsi üçün danışıqlar davam etdiriləcək. Cenevrə razılaşması İrana qarşı tətbiq edilmiş neft embarqosunu qaldırmasa da, dünya bazarlarında neftin qiymətlərinin kəskin enməsinə səbəb olub.
Bu anlaşmanın Azərbaycan büdcəsinə problem yarada biləcəyilə bağlı rəylər də verilir. Artıq “Brent” markalı neftin qiymətində 2 faiz azalma baş verib - bu neftin 1 barreli 108,82 dollardan satılıb. Əgər yekun anlaşma İrana qarşı neft embarqosunun tamamilə aradan qaldırılmasına səbəb olsa, bu, neftin dünya bazarında daha da ucuzlaşması ilə nəticələnəcək. Problem ondadır ki, Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin qiyməti 100 dollar səviyyəsində götürülüb. Hazırda Azərbaycan neftinin 1 barreli təxminən 108-110 dollar arasında satılır və qiymətlər bu səviyyədə qalacağı təqdirdə heç bir problem yaranmır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, İranla Qərb arasında anlaşmanın müddəti uzadılarsa və bu ölkəyə qoyulan embarqo götürülərsən o zaman neftin qiyməti 100 dollardan aşağı düşə bilər ki, bu da Azərbaycanda büdcə kəsirinin artmasını qaçılmaz edir. Qeyd edək ki, 2014-cü ilin büdcəsi 1,7 milyard manatlıq kəsirlə qəbul edilib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İran-Qərb anlaşmasına müxtəlif prizmalardan yanaşılmalı olduğunu deyir: “Rəylər var ki, nüvə problemi həllini tapsa, bu, neftin qiymətinin 90 dollara qədər düşməsinə gətirib çıxarar. Bu isə ABŞ və Avropadakı istehlakçılar üçün yaxşı bir şansdır. İzafi xərclərə məruz qalmazlar, nəticədə inkişafları sürətlənər. Baxmayaraq ki, 2012-2013-cü ildən müxtəlif proqnozlar verilirdi ki, iqtisadi inkişaf tempi zəifləyir, insanların durumu çətinləşəcək. Azərbaycana təsir mövzusuna gəldikdə, orta və uzaq perspektivdən baxanda tamam başqa bir mənzərə yaranır. Bu mənzərə neftlə, əsasən Azərbaycanın strateji maraqları olan qazla bağlıdır. Məsələ burasındadır ki, İran dünyanın ikinci qaz ölkəsidir, çox böyük qaz ehtiyatları var. Buna baxmayaraq, İranın qaz ixrac etmək imkanları məhduddur, potensialına baxdıqda, demək olar ki, bu ölkə qaz ixrac etmir. İranın boru xəttilə ixracı Azərbaycanla bir səviyyədədir. Türkiyəyə 8,2 milyard kubmetr qaz ixrac edir. Hansı ki, qaz ehtiyatı 46 trilyona yaxındır. Təsəvvür edin, sən xəzinə üstündə oturasan, ancaq ondan yararlana bilməyəsən, bu bir dövlət üçün faciədir. Səbəbi isə odur ki, ən böyük ehtiyatlar Fars körfəzindədir, onu əldə etmək üçün Qərb texnologiyalarına çıxışı, Qərb şirkətlərilə əməkdaşlığı yoxdur. Bu əməkdaşlıq 1979-cu il inqilabından sonra həlli çətin məsələ olub”.
Ekspertin sözlərinə görə, İranın Qərblə əməkdaşlığı az da olsa qaydasına düşərsə, bu ölkənin çox yox, 50 milyard kubmetr qazı Avropa bazarlarına çıxarmasına imkan verilsə, bunun Azərbaycan kimi ölkəyə təsiri böyük olar: “Biz də qaz çıxaran ölkəyik, İran da. Bizdə qaz çox mürəkkəb şəraitdə çıxarılır, onun maya dəyəri 70 dollara yaxındır, İranda isə bundan təxminən 3 dəfə ucuzdur. Yəni rəqabətə davamlılıq şəraitində böyük mənfi təsirlər ola bilər. Demirəm ki, bizim qaz lazım deyil, ona həmişə tələbat olacaq, öz bazarımız var. Ancaq əgər sənin şimal qonşun dünyanın 1 nömrəli, cənub qonşun isə ikinci dərəcəli qaz ölkəsidirsə, birinci çox böyük və müasir bir infrastrukturla bazara çıxırsa, bazarda çox böyük imkanlara malikdirsə, 150-200 milyard kubmetrədək tutumu varsa, ikinci də çox geniş potensialla bazara gəlmək istəyirsə sən ancaq bir boru kəmərinlə mübarizə aparmaq istəyirsənsə, təbii ki, sənin üçün çox çətin olacaq. Təbii ki, bu rəqabət qiymətlərə də təsir edir, ordan gələn qazanc da az olur. Əgər ölkə neftdən sonra ümidlərini qaza bağlayırsa, qaz-tranzit ölkəsinə çevrilmək üçün infrastruktura böyük önəm verirsə, indiki halda proqnozlar dəyişə bilər. Çevik siyasətə ehtiyac var. Mən deyərdim ki, daha çox qazın xam şəkildə satılmasına yox, qaz kimyasına önəm vermək lazımdır”.
Yaranmış durum Azərbaycanın da iştirakçısı olduğu mövcud regional boru kəmərləri layihələrinə nə kimi təsir göstərə bilər? İ.Şaban bildirdi ki, Azərbaycan regional qaz layihələrini gücləndirməlidir: “Şimali Qafqaz, Şimali İran, Gürcüstan amillərinə önəm verməlidir, hətta gələcəkdə Ermənistan bazarının tutulmasına da çalışmalıdır. Şərqi Anadolu, Türkiyə bazarı uğrunda da mübarizə aparmalıdır. Türkiyə bazarında qaz satışını biz 12 milyard kubmetrə qədər artırmaq istəyirik, düzdür, bu, çox çətindir, amma o bazarda öz tutumumuzu müxtəlif yollarla artırmaq imkanımız var. Bir sözlə, regional bazar daha məqsədəuyğundur, nəinki uzaq bazarlara ümid bağlamaq. Məsələn, Azərbaycan gələn ildən Yunanıstanın qazpaylayıcı şəbəkəsinə sahib olur, baxmayaraq ki, kiçik bazardır, ora Rusiyadan gələn qazın həcmi böyükdür, buna da önəm vermək lazımdır. Yəni hər bir xırda məqamdan tutmaq lazımdır, çünki qaz seqmentində rəqabət çox böyükdür. Eyni zamanda neftdən fərqli olaraq, burada xərclər də çox böyükdür. Misal üçün, son il yarımda təkcə daxili şəbəkədə qaz borularının çəkilməsinə 1,2-1,3 milyard manat xərc qoyulub”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər