• çərşənbə, 24 Aprel, 19:52
  • Baku Bakı 23°C

Qərbin “ikili standartlar” siyasətinin növbəti hədəfi - Türkiyə

18.12.14 10:16 1268
Qərbin “ikili standartlar” siyasətinin növbəti hədəfi - Türkiyə
Məlum olduğu kimi, dekabrın on dördündən başlayaraq Türkiyədə “paralel yapı” adı altında geniş miqyaslı həbslər başlayıb. Həbs olunan 35 nəfər arasında media təmsilçiləri, o cümlədən STV-nin və “Zaman” qəzetinin rəhbərlərinin də adı var.
Saxlanılanlara "Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək, təşkilatlanmaq, eyni zamanda iftira, şəxsi azadlığından məhrum etmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb.
Sirr deyil ki, dövlət tərəfindən aparılmış son həbslər ötən ilin dekabrında ortaya çıxan və Türkiyəni təlatümə salmış “paralel dövlət” adlandırılan örgütün ifşası çərçivəsində həyata keçirilir. Həmin dövrdə bir neçə nazirin istefası ilə nəticələnmiş, hakimiyyətin ciddi təhdidlərlə üzləşdiyi proseslərin qarşısı alınsa da, dövlət orqanları “paralel dövlət”çilərdən tam təmizlənməmişdi. O vaxtkı baş nazir, indiki prezident təmizləmə əməliyyatlarının davam etdiriləcəyini bəyan etmişdi ki, son baş verənlər də bunu təsdiq etdi.
Qeyd edək ki, hər bir dövlət kimi, Türkiyənin də öz milli təhlükəsizlik maraqları baxımından atdığı hər bir addım anlayışla qarşılanmalıdır. Çünki dövlətə sızmış hansısa qrupların dövləti, hakimiyyəti təhdid edərək ona öz maraqlarını diqtə etməsi dözülməzdir. Türkiyədə örgütün dövlətə sirayət etməsi xüsusilə təhlükəli nəticələrə səbəb olmuşdu. Belə ki, ölkənin prezidenti, baş naziri, güc strukturlarının rəhbərlərinin bütün fəaliyyəti, danışıqları nəzarət altına alınmışdı. Bir sözlə, həmin örgüt əsil paralel dövlət funksiyasını yerinə yetirirdi.
Aparılan təhlillər həmin örgütün, başqa sözlə “paralel dövlət”in Türkiyəyə təzyiq göstərməkdə maraqlı olan bir sıra beynəlxalq güclər tərəfindən yaradıldığı və türk dövlətinin daxilinə yeridildiyini ortaya qoyur. Bunu Türkiyə dövlətinin rəhbərləri açıq şəkildə dilə gətirirlər. Digər tərəfdən örgütün yüksək səviyyəli texniki vasitələrdən, incəliklərinədək işlənmiş peşəkar plana malik olması da deyilənləri təsdiqləyir. Həmçinin örgütə Pensilvaniyadan gələn dəstək nümayişləri də bir sıra mətləbləri aşkara çıxarır.
Aparılan son həbslərə Qərb dairələrinin “demokratiya, söz azadlığı” kimi köhnə nəğmələr prizmasından tələsik reaksiyası isə Türkiyədə oynanılan oyunların haradan qaynaqlandığını çılpaqlığı ilə ortaya qoyur.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, ABŞ Türkiyədə jurnalistlərin həbsini pisləyir. O, Türkiyə hökumətini hərəkətlərinin ölkədə demokratiyanın əsaslarını pozmayacağına zəmanət verməyə çağırıb.
Avropa Birliyi adından yayılan bəyanatda bildirilir ki, Avropa Birliyinə üzv olmaq istəyən ölkədə demokratiyanın təməl prinsipi olan söz azadlığına hücum yolverilməzdir: “Avropa Birliyinə üzvlük üçün təməl prinsiplər hüququn aliliyi və insan haqlarına hörmətdir”.
“Bu əməliyyat Avropa dəyərlərinə və standartlarına qarşı yönəlib”, - deyə Avropa Birliyinin xarici əlaqələr xidmətinin rəhbəri Federika Mogerini və Genişlənmə siyasəti üzrə komissar Yohannes Xanın birgə bəyanatında vurğulanıb.
Türkiyədə baş verənlərin Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin toplantısında müzakirəsi gözlənilir.
Avropa Parlamentinin sədri Martin Şults da Türkiyədəki olayları pisləyib. Şult Avropa Birliyinə üzvlük üçün söz azadlığına sayğının əsas şərtlərdən biri olduğunu qeyd edib.
Avropa Şurasının baş katibi Torbörn Yaqland bildirib ki, yanvar ayında Ankaraya səfəri zamanı mətbuat azadlığıyla bağlı məsələni ciddi şəkildə müzakirə edəcək.
Göründüyü kimi, heç bir məhkəmə prosesi keçirilmədən Qərb dairələri öz sərt mövqelərini ortaya qoyublar. Belə çıxır ki, həmin dairələr bəri başdan məhkəməyə təzyiq göstərməyə və ya onun qərarlarını şübhə altına almağa çalışır.
Sual olunur: əgər həmin Qərb ölkələrində dövlətin milli maraqlarına zidd fəaliyyət göstərən, rəsmi qurumlara təzyiq, şantaja cəhd göstərən qeyri-qanuni təşkilatlanmalara, onların üzvlərinə qarşı, bunlar istər jurnalist olsun, istər digər peşənin sahibi, hansı tədbirlər görülərdi? Məgər Qərbdə jurnalist törətdiyi cinayət əməlinə görə, həbsə alınmamaqla bağlı hansısa immunitetə malikdirmi? Bu, qəti surətdə mümkün deyil.
Belə olan halda nədən Qərb dairələri xor şəklində Türkiyə dövlətinə qarşı kampaniyaya başlayıblar? Deməli, Qərb bu səfər də öz ikili standartlar mövqeyini ortaya qoymuş oldu. Sadəcə, bu səfər hədəf Türkiyədir.
Məlumdur ki, Azərbaycan da Qərbin ikili standartlar yanaşmasından çox əziyyət çəkib və çəkməkdədir. Qərbin bir sıra dairələri ölkəmizdə öz məkrli planlarını həyata keçirmək üçün bəzi jurnalist və ya QHT təmsilçilərindən istifadə edir. Həmin şəxslər konkret cinayət əməlində təqsirli bilinərək həbs ediəndə isə söz azadlığının pozulması ilə bağlı qara-qışqırıq salınır, bir-birinin ardınca bəyanatlar verilir. Bu yetmirmiş kimi, özlərinin yaratdığı və sifarişlərini yerinə yetirən bəzi beynəlxalq QHT-ləri də salışdırırlar ölkəmizin üstünə.
Lakin Azərbaycan və Türkiyə kimi müstəqil siyasət yürüdən, güclü dövlətlərə qarşı aparılan bu kimi təzyiq kampaniyaları ciddi effekt verə bilməz.
Çünki bu ölkə liderləri dəfələrlə milli maraqlara xidmət edən müstəqil siyasətlərindən əl çəkməyəcəklərini bəyan edib və əməli şəkildə sübut ediblər. Bunun ən bariz nümunəsi Azərbaycan və Türkiyənin Dağlıq Qarabağ problemi ilə bağlı ortaq qətiyyətli mövqelərini göstərmək olar. Belə ki, Qərbin ciddi təzyiqlərinə baxmayaraq Türkiyə prezidenti R.T.Ərdoğan dəfələrlə yüksək tribunalardan işğal bitməyincə Ermənistanla sərhədlərin açılmayacağını bəyan edib. Azərbaycan prezidenti İlham Əliyev isə bir neçə il öncə sərhəd məsələsinə görə hətta ABŞ dövlət rəhbərliyinin görüş istəyini geri çevirmişdi. Məhz bu cür qətiyyətli siyasət aparan dövlətlərə isə Qərb tərəfindən mütəmadi olaraq təzyiq göstərilməsi gözləniləndir.
Türkiyəyə artan təzyiqlərdə bu dövlətin İŞİD məsələsində Qərbin qurduğu oyundan imtina etməsinin, eyni zamanda sanksiyalar tətbiq edilmiş Rusiya ilə təmaslarını artırmasının da mühüm rol oynadığını istisna etmək olmaz. Belə ki, Qərblə hesablaşmayan Türkiyə hər bir fürsətdən istifadə edilməklə tənqid edilir.
Bütün hallarda Qərbin Türkiyəyə son təzyiqləri əsassızdır.
Görəsən Qərb dairələri Avropa ölkələrində həyata keçirilən həbslərə, insan haqlarının pozulması hallarına niyə belə operativ və sərt reaksiya vermirlər.
Nə üçün onlar ABŞ hakimiyyətini Ferqyuson hadisələrinə görə qınamadılar, jurnalistlərə, hüquq müdafiəçilərinə təzyiqlərə son qoymağa çağırmadılar.
Bütün bunlar Qərbin ikili standartlar siyasəti yürütdüyünün növbəti nümunəsidir.

Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər