• cümə axşamı, 25 aprel, 14:45
  • Baku Bakı 23°C

Qərbin ənənəvi taktikası

24.09.16 10:25 1293
Qərbin ənənəvi taktikası
Müstəqil Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik olması, Prezident İlham Əliyev tərəfindən yalnız xalqın mənafeyinə, milli və dövlətçilik maraqlarına uyğun uzaqgörən siyasətin yürüdülməsi heç də bütün dünya dövlətlərini, bəlli güc mərkəzlərini sevindirmir. Bir sıra ermənipərəst, islamofob dairələr bundan açıq-aşkar narahatçılıq keçirir, ən müxtəlif yollarla Azərbaycanın beynəlxalq imicinə gətirilməsinə çalışırlar. Təəssüf doğuran məqamdır ki, son vaxtlar Qərb, xüsusən ABŞ da ölkəmizə qarşı sərgilədiyi qeyri-obyektiv, qərəzli mövqeyə görə ermənipərəst və islamofob dairələrdən geri qalmır. Özünü demokratiyanın beşiyi hesab edən Amerika yaxın münasibətlərdə olduğu ölkələrdə baş verən neqativ halları "görmür”, mənfi faktlara susqunluqla yanaşır, amma Azərbaycanda baş verən elə məsələlərə siyasi motiv qatır ki, təəccüblənməmək mümkün olmur.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov fövqəldövlət sayılan Amerikanın bu dünyada həyati və ümumi maraqlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hər iki marağın reallaşması naminə ABŞ çeşid-çeşid, bir-birindən fərqli təsir və təzyiq siyasəti müəyyən edib. Onun fikrincə, bunların içərisində geniş yayılanı insan hüquq və azadlıqlarının, demokratiyanın guya pozulması ilə bağlı məsələləri önə çəkməkdir. Deputat deyib ki, xüsusən XX əsrin sonu, XXI əsrin başlanmasından sonra ən çox istifadə edilən bu metodla müxtəlif dövlətlərə təzyiqlər göstərilir, guya orada humanitar fəlakətin yaranması barədə iddialar ortaya qoyulur, ardınca da müxtəlif təsir və təzyiq üsullarını işə salınır: "Bununla həmin dövlətləri idarə edən hökumətlərə siyasi təzyiq göstərilir, onları asılı vəziyyətə salmaq niyyəti güdülür. Beləliklə də Qərb dövlətləri, o cümlədən ABŞ bu siyasətdən yararlanmaqla öz geosiyasi məqsədlərini həyata keçirir. Bu məqsədlərə çatmaq üçün Amerika bir çox hallarda hərbi təcavüz aktına əl atmaqdan da çəkinməyib. İraqda, Liviyada, Yuqoslaviyada bu mənzərənin dəfələrlə şahidi olmuşuq. Lakin hərbi təcavüzə əl atılması, bu və ya digər dövləti bombalamaq üsulundan istifadə edilməsi çox böyük məsrəflərə səbəb olur. Bu, həm də ABŞ-ın beynəlxalq imicinə mənfi təsir göstərir. Ona görə də Amerika bu və ya digər dövlətdə insan hüquq və azadlıqlarının, o cümlədən söz və mətbuat azadlığının pozulması, demokratiyanın boğulması, vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması kimi məsələləri əlində bayraq edərək müxtəlif təzyiq üsullarını işə salır. Bu, onların ənənəvi taktikasıdır”.

Millət vəkili Amerikanın belə yanaşmasının selektiv olmasına da diqqət çəkib. Bildirib ki, ABŞ hansısa bir dövlətdə baş verənlərə, misal üçün Ermənistanın işğalçılıq siyasətinə, bəşəriyyətə qarşı hərbi cinayətlər törətməsinə, hərbi cinayətkarların siyasi hakimiyyəti qəsb etməsinə, Serj Sarkisyan rejiminin öz xalqına sözün əsl mənasında divan tutmasına, demokratiyanın, azad sözün boğulmasına, mitinqlərin amansızlıqla yatırılmasına, polis zorakılığına, jurnalistlərin döyülməsinə, etirazçı sadə insanların gülləboran edilməsinə, hətta prezidentliyə digər namizədə qarşı sui-qəsd təşkil edilməsinə göz yumur. Lakin Azərbaycana qarşı qərəzli münasibət ortaya qoyur: "ABŞ Dövlət Departamenti, beynəlxalq təşkilatlar Ermənistandakı real vəziyyətlə bağlı hesabatlar hazırlamır, susurlar. Amma hansısa digər dövləti hədəfə alır, olmadığı halda belə, orada insan hüquq və azadlıqlarının pozulması barədə rəy formalaşdırmağa, bu yolla təzyiq göstərməyə çalışır. Çox təəssüf ki, bu gün Amerikadakı bəzi siyasi dairələr, o cümlədən onların əlində alətə çevrilmiş insan hüquqları ilə bağlı bəzi beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana münasibətdə bu cür selektiv yanaşma ortaya qoyurlar. Acınacaqlı hal burasıdır ki, bir sıra hallarda bəzi qərbyönlü beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda heç bir inkişafın qeydə alınmadığı Ermənistan demokratik, inkişaf etməkdə olan ölkə kimi göstərilir. Ancaq demokratik inkişaf yolunu seçən, bütün sahələrdə islahatlar həyata keçirən, beynəlxalq sülhə və təhlükəsizliyə, beynəlxalq terrorizmlə mübarizəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına çox böyük töhfələr verən Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv münasibət sərgilənir. Çox maraqlıdır ki, belə təzyiqlər adətən Azərbaycan hər hansı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyi ərəfədə, yaxud ölkə daxili seçkilər keçirildiyi zaman baş verir. İndi də Azərbaycan referendum öncəsi belə bir situasiya ilə üzləşib. Hesab edirəm ki, bütün bu təzyiqlərin heç bir əhəmiyyəti yoxdur. Müdrik Azərbaycan xalqı ölkəmiz barədə qərəzli hesabatlar hazırlayanların əsas niyyət və məramlarını yaxşı bilir, bunun müstəqil siyasət aparan dövlətə qarşı təzyiq və təsir mexanizmi olduğunu anlayır. Azərbaycanda xalq ilə hakimiyyət arasında monolit birlik var”.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalıisə hesab edir ki, son vaxtlar Qərbdən Azərbaycana qarşı sərgilənən qərəzli münasibət ABŞ-ın uzun illərdir özü üçün hazırlayıb həyata keçirdiyi strateji planın tərkib hissəsidir. O, qəzetimizə açıqlamasında təəssüflə qeyd edib ki, Amerika vaxtilə sovetlər birliyinə daxil olan Baltikyanı respublikalar istisna olmaqla, digər postsovet ölkələrində xaosa üstünlük verir, özünün maraqlarına xidmət edəcək şəxsləri hakimiyyətə gətirmək və onlar vasitəsilə həmin dövləti idarə etmək istəyir. Deputatın sözlərinə görə, ABŞ-ın bu planına tabe olmayanlara qarşı təzyiq və təhdid siyasəti həyata keçirilir: "Belə bir siyasətin tərkib hissəsi kimi Yaxın Şərqi göstərə bilərik. İndi bəlli olur ki, ərəb ölkələri ilə yanaşı, Türkiyə də Amerikanın bəlli planının içində yer alıbmış. Bu, ABŞ-ın dünyanı idarə etmək strategiyasının görünən tərkib hissəsidir. Gəlin görək, hansı hallarda ABŞ bu ölkələri idarə edə bilər? O halda ki, həmin ölkələrdə qarşıdurma olur, qeyri-sabitlik yaranır, vətəndaş müharibəsi tüğyan edir, vətəndaşların öz dövlətinə, liderinə inamsızlığı meydana gəlir və sair. Belə olan halda, ən müxtəlif yollarla həmin insanların dövlətə qarşı qaldırılması, üsyan etməsi, hərbi çevrilişə getməsi kimi planlar işə salınır. Beləliklə də "xaos, qarışıqlıq yarat və onu idarə et” prinsipi işə düşür. Təəssüf ki, ABŞ postsovet məkanındakı ölkələrdə də bu prinsipi işə salmaq istəyir. Hətta özünə müttəfiq saydığı ölkələrdə də daxili proseslərə müdaxilə edərək istədiyi adamı siyasi hakimiyyətə gətirir, onun vasitəsilə dövlətləri idarə edir. Amma bəlli bir müddət keçdikdən sonra ABŞ vaxtilə siyasi hakimiyyətə gətirdiyi adamları, müttəfiqi saydığı dövlətləri müdafiəsiz buraxır, ona heç bir halda dəstək göstərmir. Qonşu Gürcüstanı, eləcə də Ukraynanı buna misal kimi göstərə bilərik”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər