• şənbə, 20 Aprel, 13:03
  • Baku Bakı 23°C

Qərbin “Atatürk və Ərdoğan düşmənçiliyi”

21.11.17 09:00 2317
Qərbin “Atatürk və Ərdoğan düşmənçiliyi”

Qərbin Türkiyəyə qarşı çirkin siyasəti davam edir. Bu dəfə Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və prezident Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Bu da rəsmi Ankara ilə Qərbi üz-üzə qoyub. Ümumiyyətlə, hər dəfə Türkiyə ilə Rusiya arasında yüksək səviyyədə görüşlərdən sonra Ankara ilə Qərb arasında bir gərginlik yaşanır. Bu dəfə iş o yerə çatıb ki, alyansın baş katibi Yens Stoltenberq bir neçə dəfə Türkiyə hökumətindən üzr istəməli olub.
Norveç və NATO-nun üzr istəməsinə baxmayaraq, olayla bağlı Ankara Cümhuriyyət Prokurorluğunda cinayət işi başladılıb, Türkiyənin NATO təlimlərində iştirak edən hərbçiləri geri çağırılıb.
Xüsusilə, təxribatın Ərdoğanın Rusiya səfərindən sonraya və yenidən bu ölkəyə gedərək üçlü formatda (Ərdoğan-Putin-Ruhani) görüşə qatılacağı haqda dediklərindən sonraya təsadüf etməsi NATO-nun timsalında xristian dünyasının Türkiyəyə qarşı nə qədər xain mövqedə olduğunu çılpaqlığı ilə ifşa edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənlərə sərt reaksiya verib. O, bəyan edib ki, "Norveçdəki NATO təlimində nümayiş etdirilən tərbiyəsizliyi siz də gördünüz. Bəzi səhvlər var ki, onları axmaqlar deyil, alçaqlar edir. Bu da məhz belə bir hadisədir. Türkiyə gücləndikcə ölkəmizə və bizə qarşı hücumların intensivliyi də artır. Məni və respublikamızın qurucusu Qazi Mustafa Kamal Atatürkü hədəfə alan bu tərbiyəsizliyi NATO içində neçə vaxtdırgizlənən, əslində isə anladığımız yanlış dünyagörüşünün təzahürü kimi başa düşürəm. NATO bütün üzv ölkələr yanında sual altına düşdü”. Türkiyənin Avropa İttifaqı üzrə naziriÖmər Çelikdeyib ki, insidentə səbəb olan "NATO məmuru” işdən çıxarılıb. "İnsidentin bununla bitməsini istəmirik. Həmin adamın cəzalandırılmasını tələb edirik. Müttəfiq ölkələrin təhlükəsizliyini qorumalı olan NATO-nun öz qərargahının təhlükəsizliyinin qorunmadığı kimi bir halla üz-üzəyik”, - deyə nazir əlavə edib. O deyib ki, insident sonadək araşdırılmasa, bu, NATO-Türkiyə əlaqələrinə kölgə salacaq: "NATO ilə əlaqələrimizə kölgə düşdü. Onlar prezident Ərdoğandan üzr istədilər. Əgər lazımı addımlar atılsa, yəni həmin şəxs cəzalandırılsa, NATO-nun üzrünü qəbul edəcəyik”.
Maraqlıdır ki, Qərb Türkiyəyə yardımları da azaldıb. Nazir Ömər Çelik bildirib ki, Avropa İttifaqınınTürkiyəyə yardımlarında 105 milyon avroluq kəsilmə olacaq: "105 milyon avro kəsmək Türkiyə üçün maliyyə mənasında bir şey demək deyil. Türkiyə 2014-2020-ci illər arasında 4,5 milyard avroluq bir fonddan istifadə edəcək. Bir tərəfdən bu vəsaitlərin Türkiyənin Aİ-yə yaxınlaşması üçün verilməsi nəzərdə tutulur, digər tərəfdən isə bu fond kəsilərək ciddi bir dünyagörüşünün olmadığı nümayiş etdirilir”
Yeri gəlmişkən, Kanadanın Halifaks şəhərində keçirilən "9-cu HalifaksBeynəlxalq Təhlükəsizlik Forumu”nda da bu məsələ diqqət mərkəzində olub. Beynəlxalq miqyasda təhlükəsizlik sahəsində önəmli tədbir kimi qəbul edilən forumda NATO-nun təlimindəki "Atatürk və Ərdoğan düşmənçiliyi” qalmaqalı və sonrakı proses də gündəmə gətirilib. Tədbirin iştirakçıları arasındakı NATO baş katibi Yens Stoltenberg orgeneral Hülusi Akar ilə proqramdan kənarda keçirdiyi görüşdə baş verən qalmaqala görə yenidən üzr istəyib. NATO rəsmisi bildirib ki, Atatürk və Ərdoganın rəsmlərini atış üçün hədəf kimi qoyulması alyansın əməkdaşlarının işi deyil, bunu müqavilə ilə işə götürülmüş norveçli mülki şəxs edib.
Ö.Çelik deyib ki, həmin adamın kimliyi dərindən araşdırılmalıdır: "FETÖ-nün metodlarına oxşar bir metoddur bu. Araşdırılacaq, bütün əlaqələri ortaya çıxarılacaq. Biz NATO-nun qurucu üzvüyük, orada önəmli bir qüvvəyik. İstəyirik ki, gərəkli olan ölçü götürülsün”.
O da qeyd edilir ki, Türkiyə ABŞ-ın F-35 təhdidinə qarşı cavab həmlələri planlaşdırır. Bu barədə "Milliyət” qəzeti informasiya yayıb. Məlumata görə, rəsmi Ankara ABŞ-ın həmləsinə cavab olaraq Malatya-Kürəcikdə qurulan NATO-nun AN-TPY-2 radarını ləğv edə bilər. Belə ki, radarın ləğv ediləcəyi halda İsrailə İran istiqamətindən endiriləcək hər hansı raket zərbəsi barədə "erkən xəbərdarlıq” etmək mümkün olmayacaq.
Qeyd edək ki, ABŞ Türkiyənin F-35 tipli beşinci nəsil bombardmançı təyyarələrini əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə biləcəyini açıqlamışdı. O da bildirilir ki, təlim qalmaqalının arxasında 2018-ci ildə Türkiyəyə qarşı keçiriləcək əməliyyat dayanıb. Türkiyənin "Yeni Şəfəq” qəzeti baş verənləri müharibə ssenarisi adlandırıb. "Belə ki, Norveçdə keçirilən təlimlərin ssenarisinə uyğun olaraq "Skolken ölkə” (şərti düşmən) S-400 almaq uğrunda çalışır və silahı satan ölkə ilə yaxınlaşmağa davam edir. Təlimlər çərçivəsində bu şərti düşmənlə müharibə vəziyyəti məşq edilir. Hədəf lövhəsində türk liderlərinin rəsminin olması və digər oxşarlıqlar təlimin gələcəkdə Türkiyəyə qarşı nəzərdə tutulmuş müharibəyə hədəfləndiyi qənaətinə gəlmək olar. Qalmaqalda FETÖ-nun iznin olması da istisna edilmir.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər