• çərşənbə, 17 Aprel, 02:03
  • Baku Bakı 14°C

“Qərbdən - Şərqə Nifrət Nitqinə Yox”

30.07.14 11:43 1044
“Qərbdən - Şərqə Nifrət Nitqinə Yox”
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu və Avropa Şurasının dəstəyi ilə təşkil olunan “Qərbdən - Şərqə Nifrət Nitqinə Yox” Regional Kampaniyası iştirakçılarının Azərbaycandakı görüşü başa çatıb. ARGTMŞ mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirin məqsədi ARGTMŞ-in rəhbərliyi ilə Şərqi Avropa regionuna daxil olan ölkələrin Milli Şuraları və “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının koordinatorlarının arasında əməkdaşlığın qurulması və gücləndirilməsi, bu region üzrə kampaniyanın fəaliyyət planında nəzərdə tutulan tədbirlərin koordinasiya edilməsi olub. Tədbirdə Gürcüstan, Rusiya, Ukrayna, Belarus və Moldovanın gənclərlə bağlı fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının milli səviyyədə koordinatorları və Milli Şuralarının rəsmiləri iştirak ediblər.
Tədbirə iştirakçıların ümumi iclası ilə start verilib. İclasda çıxış edən ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynov iştirakçılara Azərbaycanda aparılan Gənclər Siyasəti, Gənclər və İdman Nazirliyi və Prezident yanında Gənclər Fondunun yerli və xarici gənclər üçün yaratdığı imkanlarla bağlı məlumat verib. Azərbaycan hökumətinin bu kampaniyanın həyata keçirilməsinə göstərdiyi dəstək barəsində iştirakçıları məlumatlandıran S.Hüseynov, Gənclər Fondunun qrant müsabiqəsi zamanı “Nifrət Nitqi” ilə mübarizənin ayrıca prioritet bir istiqamət kimi qeyd olunmasını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin iştirakçılara Azərbaycanda, bu günə qədər, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində görülən işlərlə bağlı məlumat verilib və video-çarxlar nümayiş etdirilib. Daha sonra iştirakçılar təmsil etdikləri ölkələrdə kampaniya ilə bağlı görülən işlərlə bağlı təqdimat keçiriblər. Tədbir Avropa Şurasının Gənclər Departamentinin məsul əməkdaşı Marina Filaretova tərəfindən aparılan qrup işləri ilə davam edib.
Tədbir çərçivəsində həmçinin iştirakçıların 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə və Şəmkir şəhərlərinə səfəri baş tutub. Səfər çərçivəsində “Avropa 2016 Gənclər Paytaxtı” təşkilat komitəsi, Gəncə şəhərinin gəncləri, gənclər təşkilatları və bir sıra dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirilib, iştirakçılara Gəncə şəhərinin yenilənmiş infrastrukturu, yenicə istifadəyə verilmiş Gənclər Mərkəzi və Heydər Əliyev Mərkəzi ilə tanış olmaq imkanı yaradılıb. Şəmkir şəhərinə səfər zamanı iştirakçılar bu şəhərdə yerləşən Gənclər Mərkəzində olublar və burada gənclərin inkişafı, gənclər üçün yaradılan imkanlar, gənclərin fəallaşdırılması istiqamətində aparılan fəaliyyətlə tanış olublar. Tədbir çərçivəsində həyata keçirilən səfərlərdə iştirakçılar Azərbaycanın qədim tarixi və milli dəyərləri ilə də tanış olmaq imkanı da əldə ediblər.
Xatırladaq ki, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir.
Qeyd edək ki, sözügedən kampaniyanın ən böyük tədbiri - “Nifrət Nitqinə Yox Forumu” Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində ARGTMŞ, Gənclər və İdman, Xarici İşlər nazirlikləri və Avropa Şurası tərəfindən təşkil olunacaq. Tədbir Avropa Şurası və Azərbaycan hökumətinin yüksək dərəcəli rəsmiləri və Avropanın 47 ölkəsi və dünyanın 3 qabaqcıl ölkəsindən olan 250-yə yaxın gəncin iştirakı ilə 1-5 oktyabr 2014-cü il tarixində Qəbələ şəhərində keçiriləcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər