Qərbdə tozanaq qoparan Şərq tufanı
Əsərləri,
düşüncələri və inancı ilə dünyaya səs salan şair-rəssam Cübran Xəlil Cübran
Amerika Birləşmiş Ştatlarında ərəb mühacir ədəbiyyatının banisi kimi qəbul
edilir. Ərəb ədəbiyyatını dünya miqyasına çıxaran Cübranın əsərlərində mahiyyət
olaraq ilahilik, sevgi, həqiqət axtarışı əsas yer tutur. Cübranın
yaradıcılığının zirvəsi "Peyğəmbər” əsəridir. Poetik proza formasında olan
kitab 26 qısa bölmədən ibarətdir: Əl-Mustafanın şəhəri tərk etməsi və bu ayrılığın
şəhər sakinlərinə təsiri üzərində cəmlənib. Dini lider getməmişdən öncə həyatın,
ölümün, sevginin mənası haqqında ona inananlarla söhbətlər edir. Cübran əsərdə
qəhrəmanını Əl-Mustafa adlandırmaqla Məhəmməd peyğəmbəri nəzərdə tutduğu iddia
olunur. Amma yazarın Bəhai təriqətinin lideri Əl-Bəhaya olan inamı, sevgisi,
onun çıxışlarından sonra həyata baxışının dəyişməsini nə özü, nə də yaxınları
inkar etməyiblər.
Düzü, qəhrəmanı ilə bağlı yazarın özündən soruşanda sualdan
yayınaraq belə cavab verirdi: "Köksümün bir tərəfində İsa, digər tərəfində isə
Məhəmməd peyğəmbər yerləşir”. Elə kitabda da İncildən, Qurandan xatırlatmalar
var. Müxtəlif dönəmlərdə tənqidçilər onun romantizm nümayəndəsi Uilyam
Bleykdən, filosof Nitşedən təsirləndiyini deyirlər. Nitsşenin sonuncunun əsərləri
Cübrana həqiqətən də əhəmiyyətli təsir göstərmişdi. Cübranın özü də Nitşenin əsərlərini oxuyandan
sonra dostu Yusif Əl-Hoveikə belə deyibmiş: "Elə bil Nitşe cümlələri ağzımdan
alıb”.
Digər bir qrup tənqidçilər isə Cübranın
Buddizmdən qaynaqlandığını söyləyirlər. Təbii ki, hər bir yazar kimi onun da
təsirləndiyi, ilhamlandığı ayrı-ayrı şəxsiyyətlər olub. Lakin Cübranın
təsirləndiyi müdriklərlə yanaşı onun həyatında çox böyük əhəmiyyəti olan məhz
dini baxışlarına görə ölkəsindən sürgün edilmiş Bəhai lideri Əbdül-Bəha idi. Cübran
Əbdül-Bəha ilə 1912-ci ilin baharında Nyu-Yorkda tanış olmuşdu. O zaman gənc Cübran
sürətlə yayılan təriqət olan Bəhailiyin lideri Əbdül-Bəhanın portretini
çəkmişdi. Bu görüşü rəssam dostu və bəhai olan Culiet Tompson təşkil etmişdi. Həmin
vaxt 68 yaşında olan Əbdül-Bəha Osmanlı imperiyasının süqutundan sonra qırx
illik sürgündən və məhbusluqdan yenicə azad olmuşdu. Amerikaya bəhai icması ilə
görüşüb söhbətlər aparmaq üçün gəlmişdi. Əbdül-Bəha ilə görüşlərindən çox vəcdə
gələn Cübran belə demişdi: "O çox böyük insandır. Kamildir. Onun qəlbində
dünyalar yerləşir. Mən onun vasitəsilə Görünməzi gördüm və ruhən rahatlandım”.
Sonralar o, etiraf edirdi ki, Bəhai lideri ilə görüşləri onun bu əsəri
yazmasına dərin təsir göstərib. Və məhz bundan sonra öncə "Nəsihətlər”
adlandırdığı, sonralar isə "Peyğəmbər” adı verdiyi əsərini yazmağa başlayıb. Qeyd
olunduğu kimi əsərdə Əbdül-Bəhanın Nyu-Yorkda keçirdiyi görüşlərin təsviri də
geniş yer alır. Burada şəhər əhalisinin onu necə gözləməsi, qarşılaması,
hikmətli sözlərini təşnə kimi ciyərlərinə çəkməsini Cübran Xəlil öz mistik
qələmi ilə təsvir edir. Yazar hikmətli kəlamlardan təkcə bir yaradıcı insan
kimi deyil, həm də həqiqət axtarışında olan bir inanclı insan kimi zövq alır. Çünki
Bəhailik Cübranın fikirləri ilə nənzəyən, hətta yuxarıda dediyi kimi, "tam
ağzından aldığı” əhəmiyyətli fikirlərlə zəngindir. Bəhailik bütün
bəşəriyyətin birliyi prinsipini vurğulayan bir təriqətdir. Bəhailiyə görə,
ilahi dinlər birdir: Allahın tək bir dini var və o minilliklər ərzində təkamül
edib. Bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılıb, insanlar
arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir.Bəhai
dini təlimlərinə görə insanın məqsədi Allahı - Həqiqi dostu tanımaq və Ona
sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə
və fərdi ibadətdə göstərməlidir. Cübran Xəlil bunu "Peyğəmbər” əsərində belə
yazır: "Bütün əməllər və bütün niyyətlər din deyilmi, hətta
əllər daşı yonanda və ya toxuculuq edəndə ibadət deyilmi? Öz imanını
əməllərindən, ya inancını
məşğuliyyətindən kim ayıra bilər? Bütün işlər
məhəbbət olana qədər boşdur; məhəbbətlə işləyəndə siz özünüzü özünüzə,
bir-birinizə və Allaha bağlamış olursunuz”.
Bəhailiyə
görə, əslində, bütün dinlər eyni İlahi Həqiqəti gətiriblər, onlar arasında
olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət
ənənələrinin müxtəlifliyindən irəli gəlib.Bəhailər bütün əvvəlki İlahi
Zühurları –Musa, İsa,Məhəmməd peyğəmbərləri,
Buddanı,Zərdüştü və eləcə də
onların gətirdiyi Müqəddəs Kitabları qəbul edir və onların hər birinə ehtiramla
yanaşırlar.Bu təlimləri Cübran özünə o qədər yaxın hiss edirdi ki,
sonrakı yaradıcılığında, həyatında əsas prinsipə çevirdi. Cübran özü xristian
idi. Ancaq xristianlığı yeganə bir din olaraq qəbul etməyib. O, dinlərin
birliyinə inanırdı. Bütün dinləri və onun təriqətlərindən ibarət təlimləri - Xristian
mistisizmini, İslam sufizmini, buddizmi, iudaizmi – özündə birləşdirirdi. "Sən
mənim qardaşımsan və mən səni sevirəm. Sən öz məscidində səcdə edəndə, kilsəndə
dizini qatlayanda və sinaqoqunda dua edəndə də mən səni sevirəm. Sən və mən bir
dinin (inamın) övladlarıyıq” - deyirdi.
Özü heç vaxt hansısa konkret
bir dini qrupun üzvü olması barədə bəyanat verməmişdi, amma bəhai ideyalarının
yaradıcılığına və bütün dinlərin mahiyyəti etibarilə birliyinə baxışının
formalaşmasında dərin təsir göstərdiyini də danmamışdı. Çünki Cübran Xəlil
özünü tanıyandan sevgi ilə başlamış, əzizlərindən, xüsusilə də həyatındakı
qadınlardan daim sevgi və diqqət görmüşdü. Qadın-ana, qadın-bacı, qadın-dost,
qadın-sevgili və onların fədakarlığı yazarın həm həyatında, həm də
yaradıcılığında öz müsbət təsirini göstərib. Sevginin başlanğıcını bu
insanlardan alan Cübran əsərlərində dünyada var olan hər şeyə sevgiylə
yanaşmağın vacibliyini ön plana çəkib. Ümumilikdə isə Cübranın Əl Bəhaya qədər
də əsərlərində ilahi sevgi və ona dini-fəlsəfi yanaşma daim qabardılırdı. Cübrana
görə sevgi insanı mütləq gerçəyə aparan yoldur: insani sevgi ilahi sevginin bir
parçasıdır, eyni zamanda özünütanıma və kainatı dərk etməkdir. Sevginin geniş
qavramı – insan sevgisi, təbiət sevgisi, sənət sevgisi əsərlərində nədən bəhs
olunursa olsun gəldiyi son nəticə, sonuncu dayanacaqdır. Amma bu çoxşaxəli
sevginin ən üst qatında Tanrı ilə buluşma nöqtəsi olan ilahi sevgi dayanır.
Belə bir sevgi anlayışı cismani sevginin istəkləri ilə deyil, mənəvi dəyərlərlə
bəslənir və ruhun dərinliklərinə sirayət edir. Cübran deyir ki, sevginin hər
şaxəsi bir bütündə birləşməklə əsas sevgini yaradar: bu sevgidən biri olmasa o
artıq yarımçıqdır. İnsanı sevgi ilahi sevginin qapısıdır və bu qapıdan keçən
aşiq əsl sevgini ruhunda, bədəninin bütün hücrələrində hiss edəcək. Sevgi ilə
açılan, qapanan bütün gün üçün şükür etmək isə aşiqin borcudur. "Peyğəmbər”də
bunu belə deyir:
Sübh çağı uçmağa hazır ürəklə sevgi dolu günə şükür edərək başla,
Günorta sevginin bütün coşqunluğunu ruhunda hiss edərək dincəl,
Axşam evinə qayıdaraq sevgi dolu günə şükür et
Və gecə yuxuya dalarkən gün boyu yaşadığın sevgi üçün dodaqların şükürlə pıçıldasın.
İstər antik ədəbiyyatda, istərsə də Şərq və ya Qərb müdrikləri olsun, sevgini, sevə bilmək bacarığını Tanrının insana bəxşişi kimi dəyərləndiriblər. Məsələn Sokrat deyir, "Eşq çeşid-çeşiddir. Biri cismi sevər, digəri ruhu. Sonucda eşq həqiqi sevgiyə çatana qədər yol gedər”. Konfutsi bənzər şəkildə deyir ki, "İlahi sevgi bəşəri sevgidən başlayır. Bu sevgi təbiətdən kainata, ailədən vətənə qədər uzanmalıdır”. Cübran isə bu sevgini sərhədsizləşdirərək həm bəşəri, həm də ilahi sevgini parçalamamağın tərəfdarıdır. İlahi sevgi insanın ruhundan, qəlbindən pisliyi çıxarıb təmizləyir, saflaşdırırsa, demək onu dinlərlə məhdudlaşdırmaq olmaz. Cübran özü də, onun "Peyğəmbər”i də inamı nəhayətsiz görür.
Vaxtilə ABŞ
prezidentlərindən biri olmuş Vudro Vilson Cübranın haqqında belə demişdi: "O,
Qərbdə tozanaq qoparan Şərq tufanıdır”. Və bu ərəb dühası 48 illik "tufanlığ”ı
dövründə özündən sonra yüzlərlə rəsm əsəri və səkkizi ingilis, səkkizi ərəb
dilində olmaqla 16 kitab qoyub.
Şəfiqə ŞƏFA