• cümə axşamı, 25 aprel, 05:32
  • Baku Bakı 19°C

“Qərb simalı” Rusiya layihəsi

17.06.15 11:20 1283
“Qərb simalı” Rusiya layihəsi
İki müxalif təşkilat – Müsavat Partiyası və AXCP arasında yenidən bir-birini ifşa kampaniyası başlayıb. Belə ki, müsavatçılarla cəbhəçilər arasında xeyli vaxtdır gedən didişmə yenidən alovlanıb. Faktiki olaraq, artıq kənardan kiminsə onların iç üzünü açmasına ehtiyac qalmır və bir zaman eyni qurumda təmsil olunan əzəli düşmənlər özləri bir-birinin sirrini faş edirlər. Bu dəfə isə “ifşa kampaniyası”na “Yeni Müsavat” qəzeti start verib və AXCP tərəfindən idarə olunan Milli Şura haqda dəhşətli faktlar açıqlayıb. Qəzet etibarlı mənbənin Kərimli-Həsənli cütlüyünün Avropa Oyunlarını boykot etməməsinin pərdəarxası məqamları barədə onlara eksklüziv məlumatlar ötürdüyünü iddia edir və bu informasiyaların sensasiya yaradacağını bildirir: “Milli Şura (MŞ) rəhbərləri vaxtaşırı Azərbaycanda yeganə müxalifət olduqları haqda pafoslu bəyanatlar verirlər. Onlar ictimai rəyə yeritmək istəyirlər ki, əsas və barışmaz müxalifət özləridir, yerdə qalan partiyalar, siyasətçilər psevdo-müxalifətdirlər. Onların bu iddiaları zaman-zaman mübahisələrə səbəb olur. Özlərini Azərbaycan müxalifətinin “JEK”i kimi aparan AXCP və MŞ az qala hər kəsə müxalifətçi arayışı verməklə məşğuldurlar”.
Yazı müəllifi düşünür ki, ilk Avropa Oyunları əslində Azərbaycan müxalifəti, həmçinin ictimai və media sektoru üçün bir lakmus kağızı rolunu oynadı: “Bu oyunlar ərəfəsində kimin özünü necə apardığı göz önündədir. Tağı Əhmədovun siyasi və mətbu leksikonda özünə yer almış ifadəsi ilə desək, artıq siyasi burcutmalara yer yoxdur - hər kəs hara qədər müxalifətçi, hara qədər azərbaycançı, hara qədər dövlətçi olduğunu ortaya qoydu. Bu oyunların ölkəmizdə keçirilməsinin beynəlxalq aləmdə Vətənimizə gətirəcəyi dividendlər bir yana, tədbirin daxili auditoriya üçün də xeyri kifayət qədər oldu. Xalq kimin kim olduğunu, hansı partiyanın gerçək, hansının saxta müxalifət olduğunu gördü, fərq etdi. Mənbəmiz bildirir ki, oyunlar ərəfəsində hamı gözləyirdi ki, Milli Şura boykot çağırışı edəcək. Çünki bu qurum və orda əsas skripka rolunu öz üzərinə götürmüş AXCP özünün radikal, hakimiyyətə qarşı barışmaz mövqedə olduğunu ictimai rəyə sırımağa çalışır. Lakin gözlənilmədiyi halda, MŞ və onun rəhbərləri I Avropa Oyunları ərəfəsində özlərini kifayət qədər “ağıllı” və “təmkinli” apardılar. Qurum, onun başında dayananlar boykot havaları əsdirmədilər. Bunu gizlətmək, ictimai fikri yayındırmaq üçün imitasiya etdilər - məsələn, min nəfərlik mitinq keçirdilər, nəzarətlərindəki qəzetdə hakimiyyətin ünvanına radikal yazı yazdırdılar, fəqət boykot sözünün “B” hərfini ağızlarına almadılar, əvəzində ağızlarına su alıb susdular. Əcəba, niyə? Bu güzəştin arxasındakı səbəb, məntiq nədir? Nədən hər fürsətdə İlham Əliyevin, onun iqtidarının üzərinə gedən, prezidentin fəaliyyətinin gözdən salınması üçün az qala şeytanla belə əməkdaşlıq edən bir partiya Avropa Oyunlarını boykotdan imtina etdi?”
Qəzetin iddiasına görə, etibarlı mənbə bu suala Milli Şuranın əvvəldən bir Rusiya layihəsi olmasını xatırlatmaqla cavab verir: “Bunu bütün cəmiyyət bilir. Milli Şura bir anti-Azərbaycan proyekti idi. Amma sonrakı proseslər sübut etdi ki, Milli Şura nəzərdə tutulan hədəflərə vara bilmədi. Öncə Rüstəm İbrahimbəyovun Bakıya qayıtmaqdan imtina etməsi bu təşkilata inamı azaltdı, prezident seçkisindən sonra isə AXCP-nin MŞ-yə sahiblənmək istəkləri orda təmsil olunan təşkilatları qurumdan çıxmağa vadar etdi. Üstəlik, Milli Şura sırf seçkiyə hesablanmış təşkilat olduğu üçün onun sonrakı fəaliyyəti effekt vermirdi. Əksəriyyətin rəyi belə idi ki, MŞ seçkidən sonra buraxılsın, amma AXCP sədri və Cəmil Həsənli buna qarşı çıxırdılar, təşkilatın qalmasında israrlıydılar. Çünki bu qurumu həm Rusiyaya, həm Qərbə hakimiyyətin əsas alternativi kimi təqdim etməyə çalışırdılar. Milli Şura Əli Kərimlinin, Cəmil Həsənlinin şəxsi bizneslərini həyata keçirmələri üçün ticarət obyekti rolunu oynayırdı. Bu cür yağlı tikədən niyə imtina edəydilər ki”.
Mənbə onu da deyib ki, I Avropa Oyunlarının açılış mərasiminə Rusiya prezidentinin də qatılması Milli Şura rəhbərliyini boykotdan imtinaya vadar edib: “Bunun əvəzinə Milli Şuranın adından bəyanat yayıldı, amma həmin sənəddə boykot çağırışı yoxdur. Bu təşkilat məhz Putinin ”molodes"ini qazanmaq üçün belə addım atdı. Düzdür, istər Əli Kərimlinin, istər Cəmil Həsənlinin Qərblə əlaqələrinin olduğu inkar olunmur. Fəqət bu, üzdə belədir, onlar anlayırlar ki, ABŞ, Avropa Azərbaycanda siyasi situasiyanı dəyişmək imkanında deyil. Buna resursları yoxdur. Rusiya isə ölkəmizdə istənilən vəziyyəti dəyişdirməyə imkanı çatan ölkədir, necə deyərlər, Rusiya qulağımızın dibindədir, əlini uzatsa, Bakıya çatar”.
H.Əsgər
banner

Oxşar Xəbərlər