• cümə axşamı, 18 aprel, 22:24
  • Baku Bakı 21°C

Qərb Rusiya ilə müharibə aparacaq?

09.04.21 19:15 1564
Qərb Rusiya ilə müharibə aparacaq?
Ukrayna ilə bağlı siyasi blok formalaşa bilər
Son günlər Ukrayna və Rusiya arasındakı yaşanan gərginlik dünyanın diqqət mərkəzindədir. Hazırda əksəriyyət, baş verən gərginlik fonunda çoxsaylı suallara cavab axtarır. İki böyük gücün məhz indi qarşı-qarşıya gəlməsinə və münasibətlərin bu həddə çatmasına nə səbəb oldu? Nədən Ukrayna Donbasla bağlı gedən danışıqları qəfil dayandırdı? Getdikcə də, növbəti qarşıdurmanın baş vermə ehtimalı günbəgün güclənir. Ən əsas məsələ - Ukraynanın şərqində atışmalar irimiqyaslı hərbi toqquşmaya gətirib çıxardıqda, Pentaqon Kiyevin tərəfində müharibəyə qoşulacaqmı? Bu suallara cavab tapmağa çalışaq. Ən önəmli olan fakt - Ukrayna prezidenti Vladimir Zelenski hərbi formada Donbasda təmas xəttinə səfər edib. Zelenskinin bu addımı müharibənin qapıdan olması kimi dəyərləndirilir.

Beləliklə, bəllidir ki, 2021-ci il başlanandan Luqansk və Donetsk separatçıları Ukraynaya qarşı təxribatların sayını artırıblar. Rəsmi Kiyev haqlı olaraq bu məsələni həll etmək istəyir. Kiyevin nümayəndə heyəti, bəllidir ki, Donbasla bağlı üçtərəfli əlaqə qrupu üzrə aparılan danışıqlardan qəfil imtina edib. Ukrayna nümayəndə heyətinin başçısı, eks-prezident Leonid Kravçukun sözlərinə görə, Rusiyanın öz hərbi manevrlərini keçirdiyi və Rusiyanın təsiri altında olan ölkənin paytaxtı bu məsələnin həlli üçün meydança ola bilməz. "Bu, yalnız neytral ölkə ola bilər", - Kravçuk "Ukrayna 24" telekanalının efirində bildirib. Ukraynanın müvəqqəti işğal altında olan ərazilər üzrə naziri Aleksey Reznikovun sözlərinə görə, Kiyev öz nümayəndə heyətini Minskə göndərməkdən imtina edib. Bir səbəbdən ki, Belarus Rusiyanın təsiri altındadır – Kiyevin Minskə inamı yoxdur. Növbəti diplomatik uğursuzluq Ukraynanın şərqində yeni eskalasiya faktının güclənməsidir. Qeyd edildiyi kimi, Ukrayna silahlı qüvvələri işğal altındakı ərazilərdə kəşfiyyat reydi aparmaq istəyib. Tanınmamış qurumun yaydığı məlumatda bildirilir ki, "düşmən” Şuma yaxınlığında mina-partlayıcı sədlərin ətrafında kəşfiyyat işləri aparmağa cəhd göstərib. "Bizim müdafiəçilərimiz də, Minsk razılaşmaları ilə qadağan olunmayan silahların tətbiqini həyata keçirməyə məcbur olub. Qısamüddətli döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələrinin əsgərləri öz mövqelərinə geri çəkilməyə məcbur olublar”, - deyə Donetsk xəbər agentliyi məlumat yayıb. İlin əvvəlindən bəri ötən ilin iyulunda elan olunan atəşkəsdən sonra münaqişə zonasında 900-dən artıq atəşin pozulması faktları qeydə alınıb. Son iri gərginlik faktı isə martın 26-da Şuma yaxınlığında qeydə alınıb. Həmin yerdə dörd ukraynalı əsgər həlak olub. Kiyev də, baş verən insidentdə tanınmamış Donetsk Xalq Respublikasını ittiham edir. Sonuncu də iddia edir ki, ukraynalılar mina ilə üzləşiblər. Ardınca da, Ukrayna pilotsuz uçuş aparatının atdığı mərmi beş yaşlı uşağın ölümü ilə nəticələnib. Kremlin mətbuat katibi Dmitri Peskov xəbərdar edib ki, Ukrayna Silahlı Qüvvələrinin "təxribatları” vətəndaş müharibəsi yaradır. Dövlət Dumasın spikeri Vyaçeslav Voodin isə bir qədər də irəli gedərək xəbərdar edib ki, uşağın öldürülməsi qarşı tərəfə baha başa gələcək. Ukraynanı hətta Avropa Şurası Parlament Assambleyasından çıxarmağı tələb edib.


Müharibə olacaqmı?
Donbasda müharibənin qaçılmaz olduğu barədə, faktiki olaraq hər kəs yazır və deyir. "İrimiqyaslı müharibə baş versə, bu Ukraynanın şiddətli bombalanması ilə nəticələnəcək”. Bunu isə hərbi ekspert Arkadi Babçenko Donbasdakı vəziyyətlə bağlı "Facebook” hesabındakı təhlilində yazıb. O bildirib ki, Rusiya Ukraynaya qoşun yeritmək məcburiyyətində deyil. Ekspert hesab edir ki, Rusiyanın məqsədi Ukraynada xaos yaratmaqdır. Hava hücumları nəticəsində baş verən şiddətli partlayışlar Ukraynadan Avropaya qaçqın axınına, xaosa, hökumətdə hərc-mərcliyə yol açacaq. Ekspertə görə, bu vəziyyət Qərbi narahat edəcək və Ukraynada rusiyameyilli hakimiyyətin qurulmasına razılıq verəcək. "Rusiya Donbasdakı qarşıdurmaya müdaxilə etməyi planlaşdırmır, ancaq vəziyyəti yaxından izləyir”. Bunu isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. O deyib ki, Rusiya "bu cür planlar hazırlamır". "Ancaq biz vəziyyəti yaxından izləyirik. Hadisələrin inkişafına əsaslanaraq konkret tədbirlər görüləcək," - Patruşev əlavə edib. İnnovativ İnkişaf İnstitutunun geosiyasi tədqiqatlar mərkəzinin direktoru Dmitri Rodionov diqqəti ona yönəldir ki, Ukrayna kəşfiyyat qrupunun iştirakı ilə əməliyyatlar tez-tez baş verir. Onun qənaətincə, müharibənin baş verib-verməyəcəyini demək çətindir. Çünki analoji hallar tez-tez yaşanır: "Dəfələrlə müharibənin bu gün və yaxud sabah başlayacağını deməyə əsas verən şərait olub – Ukrayna ordusunun hücuma keçəcəyi, qoşunların və ağır texnikanın hərəkətə keçdiyi barədə xəbərlər yayılıb. Mən öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, Donbasda səhəri müharibə başlayacağı xəbəri ilə açmışıq”. Onun qənaətincə, hazırda müharibənin xeyrinə və əlehyinə çoxsaylı faktlar var. "Nəzəri cəhətdən gərginlik Ukrayna prezidenti Vladimir Zelenskiyə sərf edir. Zelenskinin oliqarxlarla münaqişəsi yaşanır. Daxili siyasi gərginlik də hökm sürür. Xalq prezidentin verdiyi vədlərin yerinə yetirilməsini tələb edir. Bundan əlavə, onun Vaşinqtondakı yeni administrasiya ilə bəlli və aydın olmayan münasibətləri mövcuddur. Zelenski üçün müharibə bu vəziyyətdən çıxış yolu ola bilər. Və başqa bir şansı praktiki olaraq yoxdur. Birləşmiş Ştatlar üçün müharibə əlverişlidir. Belə ki, Rusiya sərhədi yaxınlığında daimi gərginlik ocağı yaratmaq əlverişlidir. İdealda isə onu mənasız uzanan münaqişəyə cəlb etmək yaxşıdır. Yeni ABŞ administrasiyası qarşısında duran əsas hədəf Pekin və Moskvada hakimiyyətin dəyişməsidir. Böyük müharibə isə bu planları poza bilər.

Rusiya Ukrayna ilə sərhədə qoşun yığır, Kyev isə...
Son günlərdə Ukraynanın separatçı Donbas regionu ətrafında Rusiya qoşunlarının hərəkətə gəlməsinə dair xəbərlərlə əlaqədar Kiyev öz silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. ABŞ-ın "The New York Times” nəşri adı çəkilməyən mənbəyə istinadən, Ukrayna sərhədinin Donbas hissəsində 4000-ə yaxın Rusiya hərbçisinin cəmləşdiyini yazıb. Sosial şəbəkələr Moskvanın Ukrayna sərhədinə yaxın bölgələrə əlavə qoşun göndərdiyini xəbər verir. "Rusiya öz silahlı qüvvələrini öz ərazisi daxilində istədiyi yerə göndərir," - həmin xəbərlərə reaksiya verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Ötən ay Rusiya işğal olunmuş Krımda hərbi təlimlər keçirib. Ukraynanın şərqindəki silahlı separatçılar isə Rusiyanın köməyinə güvənirlər.

Qərb hökumətlərinin bildirdiyinə görə, separatçıların nəzarətində olan Ukraynanın rayonlarında Rusiya öz qoşunlarını yerləşdirib. Kreml bu iddiaları rədd edir, lakin Donetsk və Luqansk vilayətlərini zəbt etmiş qiyamçılara 2014-cü ilin aprelindən yardım göstərməkdədir. Ukrayna ordusunun komandanı general Ruslan Homçak Rusiyanın Ukraynanın şərq sərhədi boyu təxminən 20-25 minlik hərbi qüvvə cəmləşdirdiyini bildirib. Yaranmış vəziyyətdə rəsmi Kiyev çıxış yolunu Qərblə əlaqələrin möhkəmləndirilməsində və Ukraynanın NATO-ya üzvlüyü məsələsinin həllinin sürətləndirilməsində görür. Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün "Donbassda müharibənin başa çatması üçün yeganə yol" olduğunu bildirib.

Prezident Zelenski bu fikri NATO Baş katibi Jens Stoltenberq ilə telefon danışığında bildirib. Zelenski "alyansın Ukraynanın təhlükəsizliyinə ayırdığı diqqətə görə" baş katib Stoltenberqə təşəkkürünü bildirib və NATO ölkələrini Qara dənizdə təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa çağırıb. Ukrayna Baş nazirinin Avropa və Avroatlantik İnteqrasiya məsələləri üzrə müavini İvanna Klimpuş-Tsinsadze Ukraynanın, əslində, bu gün NATO-nun şərq istehkamına çevrildiyini bildirib.

Ötən həftə Zelenski ilə telefon danışığında ABŞ prezidenti Co Bayden rəsmi Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyəcəyini təsdiqləyib. ABŞ Moskvadan Ukrayna ilə sərhədə qoşun toplamasının səbəbini izah etməyi xahiş edib.
Avropa təmkinli olmağa çağırır
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozep Borrel Ukrayna məsələsinin Avropa İttifaqı ölkələrinin XİN başçılarının yaxın günlərdə keçiriləcək sammitində müzakirə olunacağını bildirib. Bu arada Almaniya və Fransa xarici işlər nazirləri Rusiya və Ukraynanı təmkinli olmağa və gərginliyin aradan qaldırılmasına çağırıblar. Almaniya hökuməti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı növbəti addımların, hələlik nəzərdə tutulmadığını bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparan Rusiya və Almaniya liderləri Ukraynanın cənub-şərqində vəziyyətin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər. V.Putin Kiyevin məqsədli şəkildə təmas xəttində vəziyyəti gərginləşdirdiyi ilə bağlı təxribatçı fəaliyyətə diqqəti yönəldib. Kiyev hakimiyyəti tərəfindən daha əvvəl əldə olunmuş razılaşmaların, hər şeydən öncə Donetsk və Luqanskla birbaşa dialoqun qurulmasının və Donbassa xüsusi statusun hüquqi formalaşdırılmasının icra edilməsinin vacibliyi vurğulanıb. Münaqişə tərəfləri, alternativsiz həll yolu kimi 2015-ci ilin Minsk Tədbirlər Paketini tam həyata keçirtmək üçün təmkinli olmağa və danışıqlar prosesini intensivləşdirməyə çağırılıb.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, Ukrayna ilə bağlı siyasi blokun formalaşmasına ehtiyac var. Artıq ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, ABŞ, Britaniya, Kanada, Litva və Polşa nümayəndələri Ukrayna ilə bağlı görüş keçiriblər. Göründüyü kimi, artıq siyasi blok ABŞ rəhbərliyində formalaşır. Ehtimal ki, ABŞ və digər ölkələr Ukraynaya dəstək verəcək. Ümumilikdə isə Ukraynanın şərqində baş verən müharibənin miqyasını yaxın günlərdə müəyyən etmək olar. Çünki Ukrayna ordusu, hələ ki, Donetskətrafı əraziləri 120 mm-lik minaatanlardan atəşə tutur. Əgər Ukrayna ordusu Donetskə girsə, bu zaman Rusiya ordusu da sərhədi keçəcək və müharibənin miqyası böyüyəcək. Ukrayna-Rusiya müharibəsi Kremlin yaratdığı digər münaqişə ocaqlarını da aktivləşdirə bilər. Xüsusilə Moldova və Gürcüstan uzun müddətdir belə bir fürsət gözləyir. Yaxın zamanlarda Gürcüstan da ABŞ-dan aldığı dəstəklə Abxaziya və Cənubi Osetiyanı geri almaq üçün aktivləşə bilər.
Kamran

banner

Oxşar Xəbərlər